
Azərbaycan Mədəniyyət Nazirliyi bu günlərdə 1-ci Beynəlxalq Dolma Festivalımızı keçirməklə xeyli insanın ac qarnını doyurdu. Zarafat edirəm, şəxsən mən nəinki dolma, heç yarpağını da görmədim. Belə tədbirləri zəhmətkeşlərə öncədən xəbər vermək lazımdır, çəngəlimizi, boşqabımızı götürək gedək, Surət əkə demişkən, “bir qısmat” da biz yeyək.
Qabaqlar Eldar müəllim ən uzun tort, ən böyük paxlava bayramı-zadı təşkil edəndə xalqın məlumatı olurdu, məhsula hücum aksiyaları düzənlənirdi. Yoxsa indiki dolma festivalında bir nəfərin də başına qazan keçmədi. Daha bunun nəyi festivaldır? Xalq ürəkdən əylənmir, zövq almırsa ona festival deməzlər. Ümid edirəm hörmətli mədəniyyət nazirimiz bunu gələcəkdə nəzərə alacaq, növbəti dolma festivalları xalqın arasında keçiriləcəkdir. “Əbülfəs müəllim, adına qurban!” - görkəmli şairimiz Vaqif Bəhmənli demişkən.
Elə xalqın bayram sonrası hirsi-hikkəsi də məncə festivala dəvət edilməməsi ilə bağlıydı. Mən sosial şəbəkədə diqqət elədim: bir adam da bu əziz festival münasibətiylə xoş söz yazmamışdı. Hamı narazılıq edir, donquldanır, deyinirdi. Ac qarına necə bayram edəsən? Şərait yarat, hərə ağzına bir dolma atsın, gör necə sevinirlər. Yaxşı sevinənlərə, tədbiri işıqlandıran jurnalistlərə isə “3-cü dərəcəli Üç bacı dolması”, “Kələm dolması uğrunda”, “Dolma şöhrəti”, “Şərəf dolması” medalları vermək lazımdır.
Dolma Festivalının Xırdalanda, “Neapol” restoranında keçirilməsi, iştirakçıların yürüşü də absurd məqamlar idi. Dolmanın bizim milli mətbəxə aidliyini sübut edən əsas arqumentlərimizdən biri onun adıdır. Alimlərimiz deyir ki, “dolma” - “doldurmaq” feilindən yaranmışdır. Fikrimcə, bu halda dolma bayramını Kürdəxanıda keçirmək daha adına layiq olardı. Çünki oradakı türməyə də bayrama dönmüş həyatımızı qəbul etmək istəməyən xeyli müxalifətçi ünsür doldurulubdur. Həmçinin onların özünün ətindən yeni dolma növü istehsal edə bilərdik. Mən menyüyə baxdım, festivalda 300-dən çox Azərbaycan dolma növləri nümayiş etdirilmişdir. Bunlardan ənənəvi yarpaq, kələm, “üç bacı” dolmaları ilə yanaşı xiyar dolması, eşşək qanqalı dolması, dəvədəlləyi, çovkan, muğamat dolması, tısbağa, bağayarpağı, quzuqulağı, keçibuynuzu və sairə ağlagəlməz, novator, ixtiraçı dolma növlərimiz də münsiflər heyətinin ağzını dada gətirmişdir. Bu sıraya dustaq dolması əlavə edilsə pis olmaz. Hazırlanma qaydası belədir: üç nəfərlik kameraya 30 nəfər dustağı basıb isti yay günündə alçaq xodda alçaqcasına bişirirsən, hərdən dustaqlardan üç-beş manat alıb pəncərəciyi (“akoşka”nı tərcümə elədim, AMEA Dilçilik İnstitutunda bu ixtirama lisenziya istəyirəm) azacıq aralayıb buğu buraxırsan. Axırda dustaqlar əfv yazır, Ceyhun müəllim isə velosipedə minib bulvarda dolma yeməyə gedir. Nəsə, çox ağ elədik, mövzudan uzaq düşdük.
Festival zamanı keçirilən dolma paradı xüsusi maraqla qarşılanmışdır. Burada aşpazlar əllərində qazan, ətçəkən maşın, aşsüzən, üzüm yarpağı, kələm və başqa alətlər tutaraq tribunalar önündən keçmişlər.
Ancaq bütün bunlara baxmayaraq festivalın qalibi İndoneziya komandası olmuşdur. Onlar arem-arem adlı, banan yarpağına bükülən düyüdən ibarət dolmaları ilə 1-ci yeri tutaraq “Qızıl dolma” medalı almışdır. İndi bunun bizə nə xeyri var? Banan yarpağını hardan tapaq?
Belə festivalların kənd təsərrüfatına, iqtisadiyyata real təsiri, xeyri olmalıdır. Yaxşı düzəltsək buna baxmağa xeyli turist gələ bilər. Ancaq təcrübə ayrı şey deyir. Misal üçün, bizdə 2006-cı ildən bəri - 10 ildir Nar bayramı düzəldilir, bunun Göyçaya gələn turist sayına nə qədər təsiri var? Sıfır təsiri var. Heç iqtisadi artım da gözə görünən deyil. Dövlət Statistika Komitəsinin şişirtmə rəqəmlərinə görə Azərbaycanda nar istehsalı 2014-cü ildə 153 min ton olubdur. (Orda hətta Şuşa rayonuna da 50 ton istehsal yazıblar, görünür biz rayonu geri almışıq). Nar bayramı başlayan ildə - 2006-cı ildə isə istehsal 112 min ton imiş. Belə baxanda səkkiz ildə 41 min ton artım var, hər il orta hesabla 5 min ton artım olub. Ancaq bu rəqəm Azərbaycanın potensialına nə qədər uyğundur? Zəhmətkeşlərimizin neçə faizi ucuz nar alıb yeyə bilir? Dükan-bazarda keyfiyyətli nar şirələri tapılırmı? Yox.
Müqayisə üçün, qonşumuz İran 2014-cü ildə 700 min tona yaxın nar istehsal edib. Ümumən dünya nar istehsalı həmin il 1 milyon 700 min ton olub. İndi özünüz nəticə çıxarın ki, bunun bayramını keçirməyə daha çox kimin haqqı vardır.
Dolma festivalı da o zaman gerçək bayram olacaq ki, biz Cıdır düzündə dolma yeyək! Yazını bu xoş avazla bitirirəm.
Musavat.com