
Mayın 6-da Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində tanınmış yazıçı-publisist Aqil Abbasın ssenarisi əsasında kinorejissor Elxan Cəfərovun çəkdiyi “Dolu” filminin yaradıcı heyətinin iştirakı ilə müzakirəsi keçirilib.
AzərTAc xəbər verir ki, görüşdə Qarabağ müharibəsində Vətən uğrunda son nəfəsinə qədər döyüşən Azərbaycan oğullarının qəhrəmanlığından bəhs edən bu film təhlil edilib, mövzu ətrafında müzakirələr aparılıb.
Kinoşünaslıq kafedrasının müdiri, professor Aydın Dadaşovun apardığı bu müzakirədə filmin kulturoloji, dramaturji, sənətkarlıq məziyyətləri araşdırılıb.
Çıxış edənlər bildiriblər ki, hər hansı bir əsər, film və s. dörd istiqamətdə - mövzu, struktur, üslubiyyət, janr və format cəhətdən təhlil olunur.
Qeyd edilmişdir ki, ssenari ilə tanışlıq zamanı müəllifin kimisə dindirməklə deyil, öz gördüklərini yazdığı hiss olunur.
Filmin emosional təsir gücünün hər kəsi cəlb etdiyi diqqətə çatdırılaraq müharibə vəziyyətinin hökm sürdüyü Azərbaycanda bu mövzuda film çəkməyin çətin olduğu vurğulanıb. Çünki bu müharibənin nəticəsi bəlli deyil və bəlli olmayan nəticənin bədii həllini tapmaq da çətindir. Nəzərə çatdırılmışdır ki, elə bu səbəbdən də çoxlu suallar və tamaşaçını narahat edən məqamlar yaranır. Lakin filmin sonunun ümidverici olduğu, torpaqlarımıza qayıdacağımızın əks edildiyi bildirilib.
Əsərin bədii, dil və üslub cəhətdən güclü olduğu vurğulanaraq qeyd olunub ki, rejissor düzgün kadr qurmaqla, bədii ifadə vasitələrindən düzgün istifadə etməklə tamaşaçıya müəllifin demək istədiklərini çatdıra bilib. Xüsusən də döyüş səhnələrinin əyani təsviri tamaşaçıya müharibənin dəhşətini təkcə sözdə, şüarda, insanların göz yaşlarında deyil, canlı mənzərədə görmək imkanı verib.
Döyüş səhnələrinin çəkilişdə operator işi də yüksək qiymətləndirilərək diqqətə çatdırılıb ki, ümumiyyətlə, filmin rejissor və operator işi moderndir və Azərbaycan kinosunda yeni mərhələdir.
Müəllifin konkret olaraq lokal müharibənin eybəcərliklərini göstərdiyi qeyd olunaraq bildirilib ki, ölkədə və xaricdə təbliğat üçün bu filmdən istifadə olunmalıdır.
Filmin ssenari müəllifi, Milli Məclisin deputatı Aqil Abbas ilk dəfədir ki, ssenari yazdığını vurğulayaraq deyib ki, filmə münasibət müsbət olub, ölkədə və xaricdə təqdimatı keçirilib.
Sonra yaradıcı heyətin üzvləri tələbələrin suallarını cavablandırıb.