Xəbər lenti

Doğma bataqlıq
Ölkə06:55 25.09.2013

Doğma bataqlıq

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Sevinc Çılğın 

Tanrıdan gizli deyil, sizdən nə gizlədim. 

Mən əyri-köndələn Bakının köhnə məhəllələrindən birində - Kubinkada doğulub, böyüyüb, adam olmuşam. Ona görə adam olmuşam deyirəm ki, bu tip məhəllələrdə böyümək, adam olmaq olduqca müşkül məsələdir. 

Bir dəfə müəllimlərimdən biri çox yaxşı bir söz dedi haqqımda (özümü öymək üçün demirəm, situasiyanı başqasının gözündən ifadə etməyə çalışıram). Dedi ki, sən bataqlıqda bitən bir çiçəksən. Əslində nə dediyini elə o vaxt da anlamışdım, ancaq nə demək istədiyini indi başa düşürəm. 

Yastı-yapalaq evləri, qaranlıq, dar dalanları, sınıq-salxaq pilləkənləri, köhnə-kürüş üst-başı nə qədər doğma olsa da, kədərlidir. O evlərdə çox nadir hallarda oxumuş, sözəbaxan, ağıllı, mədəni adamlar böyüyür. Yox, adamların adamlığı bir ayrı mövzudur. 

Məsələn, o məhəllələrdə gül kimi adamlar var. Sözün həqiqi mənasında, gül kimi! Ürəyi təmiz, namuslu, əxlaqlı, tərbiyəli, mehriban, dürüst, yaltaqlanmağı bacarmayan, bir neçə sifəti bir simada necə cəm etməyi ağlına belə gətirməyən adamlar var. Ancaq bu adamların bəxti onda gətirmir ki, onlar bu köhnə və geridəqalmış məhəllələrdə doğulub, böyüyürlər. Mühit çox şey deməkdir. Bu məhəllələrdə gözünü açan oğlanların ilk tanıdığı "nemət" narkotikadır. Tinlərdə kayfdan yatan kişilərdir onlara örnək. Türmədə canı çıxan erkəklərdən öyrənirlər həyat dərslərini. Bu məhəllələrdə qızlar anaları kimi namuslu və başıaşağı olur (sözün yaxşı məna-sında). Zəhmətkeş, əzabkeş qadınlar böyüyür bu evlərdə. Onlar bir qarın ac, bir qarın tox yaşayırlar. Boğazlarından kəsib türməyə doğmalarının yanına daşıyırlar. Döyülən, söyülən analarını nə olursa-olsun, nə yaşanırsa-yaşansın, atalarının yanında, arxasında görürlər. Bir saçın ağ, bir telin qara hörüb il-lərlə ər yolu gözləyən analardan "ər belə olur" eşidirlər. "Ərə getdinsə, bir də meyidin çıxar o evdən" pıçıldayır ağbirçək nənələri.

Narkotikin yıxdığı evlərdə xəcalətli qızlar, atasının "yolunu" getməyə tələsən oğlanlar yetişir. Əvvəl-əvvəl anaları üsyan edir, çəkib-dartıb evə gətirir, günlərlə bayıra çıxmağa qoymur, qoşulduğu pis uşaqlardan uzaq tutmağa çalışır, günahı başqalarının balalarında görür. Bir dəfə, iki dəfə, beş dəfə hay-harayla qaçırır balasını polislərin əlindən. Ancaq həyat özü onları lazım bildiyi yerə sürükləyir. Və o zaman nə başına döymək, nə dizinə - kara gəlmir. Aşıq gördüyün çağırır...

Bu məhəllələrdə insan dramı var. Faciələr yaşanır. Yollarını yayda toz, qışda palçıq tutan bu məhəllələr tanrının belə unutduğu insan sığınacaqlarıdır. Bədbəxt ailələr, günahkar insanlar, haram çörəklər var o ocaqlarda. İsti aşına soyuq su qatılan ocaqlar... Al taxtını qara edən haram tikələr...

Özünü bu çirkabdan qorumağa çalışan, qaçan adamlar bir də geri qayıtmır. Yaxşı adamları, mehriban, canıyanan qonşuları, sadəlövh qəşəng məhəllə qızlarını, bu qızların namusunu canla-başla çəkməyə hazır, qaşları çatılmış, qarşısından qız-gəlin keçəndə başını aşağı salıb, gözünü yerə dikən yaraşıqlı cavanları, avam nənələri, rəhmətlik babaları, sevimli, əziz xatirələri olanlar belə geri qayıtmır... Eləcə, uzaqdan-uzağa baxıb, köks ötürür... geri qayıtmır...

teleqraf.com