Xəbər lenti

"Green Card"la ABŞ-a gedən "Bruklinin Hacıbala Abıtalıbovu" (VİDEO)
Ölkə06:55 09.12.2017

"Green Card"la ABŞ-a gedən "Bruklinin Hacıbala Abıtalıbovu" (VİDEO)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"Green Card” lotereyasından çoxlarının xəbəri var. Bilməyənlər üçün qeyd edim ki, bu, ABŞ-da yaşamaq, güzəştli şərtlərlə təhsil almaq və s. kimi üstünlükləri qazandıra bilən lotereya oyunudur. Sonuncusu keçirildiyinə dair xəbərlər yayılan "Green Card”a bu il ölkəmizdən 120 min nəfərin qeydiyyatdan keçdiyi bildirilir.
Bu gün sizinlə "Green Card” qazanıb, Amerikada özünə həyat quran bir gəncimizin uğur hekayəsi haqqında danışmaq istəyirəm. Vüqar Əzizov 1992-ci il 9 dekabrda doğulub, əslən Qərbi Azərbaycandandır. Bəli, bəli, bu gün onun həm də doğum günüdür. Əslində "Green Card” qalibi ilə bağlı yazı hazırlamağımı məndən 4 ay əvvəl xahiş etsələr də, Vüqarın "utancaq”lığı səbəbindən suallarım yarım-yarım cavablandırıldı və müsahibə tamamlanmadı. Bu müddət ərzində müxtəlif mövzularda müzakirələr və mübahisələr belə oldu. Amma yazı bitmədi ki, bitmədi...
Utancaqlığı dırnaq arasında yazmağımın da səbəbi var. Vüqarın bacısı Nərgiz "Vüqar utandı” cümləsinə gülərək belə reaksiya verdi: "Kim? Qardaşım Vüqar? Mənim tanıdığım Vüqardısa, onda utancaqlıq-falan olmur”.
Yəqin ki, "Nərgizin məsələyə nə aidiyyatı?” deyəcəksiniz. İndi hamısını sizinlə paylaşacam. Belə ki, bir neçə gün əvvəl Vüqarın doğum günü olduğunu öyrəndim. Qərar verdim ki, yazını Vüqarı ən yaxşı tanıyan insanla tamamlayım. Beləcə, məqaləmiz həm də bir növ hədiyyə olsun. 
Vüqar Bakıda 71 saylı orta məktəbi bitirib. Nərgiz Vüqarın məktəbdə çox nümunəvi və sevilən şagird olduğunu söylədi. Hətta Vüqara olan sevgidən Nərgizə də pay düşüb və onun hesabına 4-5 qiymətlər alıb. Məktəb vaxtı Vüqarın ən sevdiyi fənn riyaziyyat olub. Nərgiz Vüqarın riyaziyyatla yaşadığını, elə bu sevginin də nəticəsi olaraq, bu sahədə ciddi uğurlar qazandığını dedi. Fənnlərdən ən sevmədiyi isə kimya olub. Buraya diqqət: çünki kimyanı sevməyən Vüqar 2010-cu ildə Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin Kimya texnologiyaları fakültəsinə daxil olub. Onu qeyd edim ki, mənə fakültəni sevərək seçdiyini demişdi. Ziddiyyətləri həll etməyi sizə həvalə edirəm...
Elə həmin il Amerikada yaşayan qohumları onun adından "Green Card” üçün müraciət edirlər. Və şans onun üzünə gülür. 2010-cu ilin şanslılarından olur. Amma Vüqar xəbəri eşidəndə üzüntüdən hətta ağlayır:
"İlk dəfə "Green Card” udduğumu eşidəndə ağlamışdım. Fikirləşirdim ki, universitetə qəbul olmuşam, diplomumu da alacam, işləyəcəm və s. Niyə gedim ki?! Amma təbii ki, bu uşaq ağlıyla düşündüklərim olub. Nəticədə 17-18 yaşım var idi. Nə isə ki, hazırlaşıb getdim Amerikaya. Orada əmim var idi. Qarşıladı. Getdiyim günün səhəri yuxudan qaldırdılar ki, işə başlayırsan. Evlərə restoran menyusu paylayırdım. "Allahım, mən burda neyləyirəm? Mən Bakıya qayıtmaq istəyirəm" deyə-deyə o ev sənin, bu ev mənim gəzirdim. Təyyarə görəndə deyirdim, "nolar, məni də apar Bakıya". Belə-belə günlər bir-birini əvəz edirdi. Daha sonra "Green Card”ın verdiyi imkanlardan yararlandım. Verilən güzəştlərlə təhsilimi davam etdirdim. Xalam qızı Amerikada yaşayır. Sonralar onun köməkliyi ilə burada yerli idarəetmə orqanında işə düzəldim. Yavaş-yavaş öz pulumu qazandım. Pul qazandıqca insan həvəslənir. Elə beləcə həyatımı qurub yaşamağa başladım”. 
Dostları el arasında ona "Bruklinin Hacıbala Abıtalıbovu” da deyirlər. 
- Nərgiz, əgər Amerikada tanışınız olmasaydı, Vüqar bu gün əlində olanları yenə qazana bilərdi? 
- İnanmıram. Tanış qızıldı (Gülür). Burada olanda kiçicik bir dəstək belə uğur qazanmağa kömək edir. 
- Ümumiyyətlə, Amerikada iş tapmaq, normal həyat qurub yaşamaq, ev almaq nə dərəcədə çətindir?
- İş tapmaq çox asandır. Amerikaya gəlsəniz, ən pis halda xidmət sektorunda 95 faiz iş tapacaqsınız. Ev almaq isə çətin məsələdir. Ümumiyyətlə isə, bura insanların düşündüyü kimi möcüzələr diyarı deyil. (gülür)
- Bəs ilk maaşıyla nəsə almışdı sənə? 
- Yox, gəzməyə aparmışdı.
- Amerikaya gələn birinə "mütləq görməlidir” dediyin yer haradır? 
- "Times Square” və "Central Park”ı görmədən getmələrini məsləhət görmürəm. 
- Amerikada yaşamağınızın sizə bir şəxsiyyət kimi formalaşmaqda nə kimi təsirləri oldu?
- Mən özüm bura uşaqlıqdan gəlmişəm. Yəni, burda böyümüşəm. Gələndə heç həyatın nə olduğunu bilmirdim. Amma, məsələn, Vüqar üçün çox ciddi təsirləri olub. Əvvəllər Vüqar çox utancaq idi. Dostları az idi. Qapalı idi. Ətrafında az insan var idi. Bura gələndən sonra açılışdı. Çoxlu insan tanıdı. İşinin üstünə gedib irəlilətdi, kolleci əla nəticə ilə bitirdi. Maşın almaq istəyirdi, aldı və s. Düşünürəm ki, bunların heç birini Bakıda edə bilməzdi. Bakıdakı Vüqarla Amerikadakı Vüqar arasında dağlar qədər fərq var.
 
- Vüqar, səncə, şanslı insansan? 
- Şansım var. Amma o da var ki, şansla qazandığım nə varsa, itirirəm. Məsələn, bilirsiniz yəqin, burda kazinolar var. Olub ki, oyun oynamışıq, şansım gətirib və qazanmışam. Səhərsi gün elə bir problem olub ki, qazandığımın hamısını itirmişəm. Və ya bir ara maşın biznesinə başlamışdım. Amma alınmadı. Mən bu tip işlərdə, biznesdə uğur qazana bilmirəm. 
Nərgiz isə bu suala cavab olaraq deyir ki:
- Vüqar çox şanslı insandı. Məsələn, oyun oynayırsa, 95 faiz udur. Ən çox udduğu məbləğ yadımda deyil. Amma 400-500 dollar udmağını xatırlayıram.
Vüqarın cavablarına keçirəm.
- Bakıya qayıtmağı düşünürsən? 
- Bunun üçün gərək möcüzə olsun. Çünki Bakıda çox haqsızlıqlarla rastlaşıram. Haqsızlığa dözümüm yoxdur. 
- Artıq uzun müddətdir ki, orada yaşayırsınız. Xarici vətəndaşla evliliyə münasibətin necədir?
- Normal. Əsas xarakterlərin uzlaşmasıdır. Qalanı boş şeydir.
Vüqar belə dedi, amma siz inanmayın. Çünki mən də inanmamışdım. Ona görə də eyni sualla Nərgizə müraciət etdim: 
- Yox, Vüqar xarici vətəndaşla evlənə bilməz. İstəməz, məncə, elə bir şey. Çünki o tipik "Azərbaycan oğlanı”dır. Ona görə də yola gedə bilməz. Evlilik düşüncəsi ilə bağlı başqa bir şey deyə bilmərəm. Çünki özəlini bizimlə çox da paylaşmır.
- Bacı-qardaş kimi münasibətləriniz necədir?
- "Bıcı-bıcı” münasibətimiz var. Ailəsinə çox düşkündü. Amma təbii ki, dalaşırıq da. Mənə həddindən artıq qarışır, ya da nəsə mövzu olur ki, başqa-başqa fikirlər deyirik. Dava düşür onda. Bir də ən çox "adaptr” üstündə dalaşırıq. Çox ciddi problemimizdir. Ümumiyyətlə, özünü hamıdan ağıllı bilir. Amma özü haqqında, müsbət xüsusiyətləri haqqında heç vaxt danışmaz.
- Vüqara heç vaxt demədiyin nəsə var? 
- Artistsən, Vüqar...
Bir şeyi də əlavə etmək istəyirəm. Ümumiyyətlə, Nərgiz Vüqarın çox "sirrini” faş etdi. Amma Nərgizi qorumaq məqsədilə onlardan ancaq birini sizinlə paylaşacağam. Belə ki, amerikanların qulağından iraq, Vüqarın hazırda ən çox istədiyi şey maşınının vurulmasıdır. Niyə? Çünki müsahibim bu halda sığortadan xeyli miqdarda pul alacaq. 
  
Sonda bunu qeyd etməsəm, olmaz. Vüqarın həm də gözəl səsi var. Dinləmək istəyirsiniz? Elə isə buyurun: 
Doğum günün mübarək, Vüqar. Ümid edirik ki, adımızı vətəndən uzaqda daim yüksək tutacaqsan.
 
Nərmin Həsənli