"Dünyada elm və texnologiya inkişaf etdikcə təbii ki, bəzi ixtisas və peşələr tarixə qovuşur, sıradan çıxır, bəziləri isə yeni yaranır. Dronlar da artıq təkcə hərbi deyil, həm də kənd təsərrüfatından energetika sahəsinə qədər müxtəlif istiqamətlərdə geniş istifadə olunur. Təbii ki, həyatımızın bütün sahələrinə dronlar nifuz edirsə, onlardan istifadə edəcək texniki heyətə, onların təmiri üzrə fəaliyyətlər həyata keçirə biləcək mütəxəssislərə zərurət yaranır".
Bunu Qaynarinfo-ya açıqlamasında hərbi ekspert Ədalət Verdiyev yeni dərs ilində peşə təhsili məktəblərində dronların texniki xidmət və təmiri üzrə ixtisasın tədrisinin əhəmiyyətindən danışarkən deyib.
Onun sözlərinə görə, artıq orduda elektrikli avtomobillər istifadə olunur:
"Belə olan halda elektrik və hibrid avtomobillərin təmiri, onların istismarı üzrə mütəxəssislərə də ehtiyac yaranır. İndi bilirsiniz azad olunan ərazilər də daxil olmaqla Azəraycanın bir çox yerlərində alternativ yaşıl enerjidən istifadə olunmağa başlayıb. Həm günəş panelləri, həm külək enerjisi ilə çalışan pərvanələr və s. kimi yeni texnologiyalar həyatımıza daxil olur. Təbii ki, bunlara da xidmət göstərmək üçün texniki personala ehtiyac yaranır".
Ədalət Verdiyev bildirib ki, peşə təhsili sahəsində diqqətə alınması təbii ki, müsbət addımdır:
"Yaxşı olardı ki, bu təhsil prosesi başlayanda həmin peşə məktəblərinə mediatur təşkil edilsin. İctimaiyyət nümayəndələri, jurnalistlər, televiziya əməkdaşları da həmin məktəbdə bu prosesin necə təşkil olunduğunu yerində gözləri ilə görsünlər. Prosesləri geniş şəkildə işıqlandırsınlar ki, vətəndaşlar həmin istiqamətlərə üz tutsunlar".
Bahar Rüstəmli
Şərhlər