"Azərbaycan yumşaq karantin rejimini tətbiq edən ölkələrdəndir. Təbii ki, "Omikron” variantının təsirləri və yayılma coğrafiyası, eləcə də tezliyindən asılı olaraq növbəti addımların müəyyənləşəcəyi gözlənilir. Bununla belə, indiki halda yenidən sərt qapanmalara getmək arzuolunan deyil”.
Qaynarinfo xəbər verir ki, bunu Milli Məclisin deputatı Vüqar Bayramov koronavirusun yeni "Omikron” variantının yayılması ilə bağlı bir sıra ölkələrin qapanma qərarlarınadan danışarkən deyib. Onun sözlərinə görə, real sektordakı açılımların və yenidən bərpa olunan aktivliyin qorunub saxlanması vacibdir:
"Koronavirusun yeni "Omikron” variantının aşkar edilməsi bir sıra ölkələrin yenidən qapanma qərarı verməsinə səbəb olub. Dünyanın üçüncü ən böyük iqtisadiyyatına malik olan Yaponiya xaricilərin bu ölkəyə gəlməsinə qadağa tətbiq etmə niyyətindədir. İsrail 2 həftəlik qapanma tətbiq etməyi planlaşdırır. ABŞ 8 ölkədən Birləşmiş Ştatlara səfərləri yasaqladı”.
Deputat hesab edir ki, "Omikron”un aşkar edilməsi dünya birjalarına və eləcə də neft bazarına ciddi təsir etsə də, birjalar həftəyə nikbin başlayıblar:
"Ötən həftənin son iş günü 10 faizdən çox ucuzlaşan neft bu həftəyə 4 faizə yaxın artımla başlayıb. Hazırda "Brent” markalı neftin 1 barelinin qiyməti 75 dollardan baha satılır. "Omirkon” variantından ehtiyatlansalar da, birjalar aparıcı ölkələrin daha geniş qapanmalara getməyəcəyinə ümidlidirlər.
Belə ki, ABŞ daxil olmaqla bir sıra inkişaf etmiş ölkələr "Omikron” variantının araşdırılması üçün ən azı 1 həftə zaman lazım olduğunu bəyan ediblər. Digər tərəfdən, bir sıra ölkələr qapanma qərarı versələr də, etiraf etmək lazımdır ki, dünya sərt karantinlərdən, yumşaq desək, bezib. Buna görə də, ölkələr "lock down” qərarları ehtiyatla qəbul edilir”.
Vüqar Bayramov əlavə edib ki, dünya bazarlarındakı və eləcə də neft birjalarında kəskin dalğalanmalar bir daha təsdiq edir ki, hər zaman xarici şoklar aktiv ola bilər.
Bahar