Xəbər lenti

Dünyanın ən yaxşı tibb təhsili verən ölkələri hansılardır? (SİYAHI/QİYMƏTLƏR)
Ölkə 12:14 26.02.2025

Dünyanın ən yaxşı tibb təhsili verən ölkələri hansılardır? (SİYAHI/QİYMƏTLƏR)

Tibb təhsili almaq istəyən abituriyentlər üçün dünyanın ən yaxşı universitetlərində oxumaq perspektivli bir gələcək deməkdir. Hər il Azərbaycandan yüzlərlə gənc tibb təhsili üçün xarici ölkələrə üz tutur. Bəs dünyanın ən yaxşı tibb təhsili verən ölkələri hansılardır?

Qaynarinfo-nun verdiyi xəbərə görə, dünyanın ən nüfuzlu reytinq təşkilatlarından biri olan Times Higher Education (THE) tərəfindən hazırlanan dünyanın ən yaxşı 1000 tibb universitetinin siyahısına 122 universitet ilə ABŞ liderlik edir. Dünyanın ən prestijli tibb universitetləri bu ölkədə yerləşir. Böyük Britaniya, 81 universitet ilə ikinci yerdədir. Yaponiya, 72 universitetlə Asiya qitəsində tibb sahəsində lider ölkələrdən biridir. Azərbaycanlıların tibb təhsili üçün daha çox üstünlük verdiyi Türkiyə isə 60 universitet ilə siyahıda dördüncü yeri tutur. Çin, 42 universitet ilə Asiya regionunun tibbi təhsil sahəsində yüksələn güclərindən biri olmağa davam edir. Avstraliya və İtaliya eyni sayda - 38 universitet ilə siyahıda yer alır. Hər iki ölkə tibb təhsili sahəsində aparıcı universitetlərə malikdir. Hindistan, 28 universitet ilə ölkə daxilində və beynəlxalq səviyyədə tibb təhsili sahəsində irəliləyişin davam etdiyini göstərir. Almaniya, 27 universitetlə dəqiq elm sahəsindəki aparıcı rolunu tibb təhsilində də qoruyub saxlayır. Kanada, 25 universitet ilə ilk onluğu tamamlayır. 

Tibb universitetlərinə qəbul olma çətinliyi

Agora Təhsil Mərkəzinin rəhbəri, təhsil üzrə mütəxəssis Rizvan Qənbərli bildirir ki, tibb universitetlərinə qəbul prosesi dünyada ən çətin qəbul sistemlərindən biridir. Onun sözlərinə görə statistikalar tibb təhsilində dünyanın ən yaxşı onluğuna daxil ölkələrdə tibb təhsili almağın xarici tələbələr üçün əlçatmaz olduğunu göstərir. Məsələn, Almaniya yalnız 5%-lik qəbul faizi ilə tibb təhsili almaq üçün ən çətin ölkə olaraq önə çıxır. Hindistan və İtaliya isə müvafiq olaraq 6% və 7%-lik qəbul faizi ilə rəqabətin inanılmaz dərəcədə yüksək olduğunu göstərir.
 


Digər Asiya ölkələrindən olan Yaponiya (8%) və Çin (14%) də müraciət edənlərin yalnız az bir hissəsini qəbul edir. Avstraliya (12%) və Kanada (15%) kimi ölkələrdə də rəqabət son dərəcə yüksəkdir.

ABŞ və Böyük Britaniya kimi akademik güclər də bu baxımdan geridə qalmır. ABŞ-da tibb universitetlərinə qəbul faizi 17.2% olduğu halda, Böyük Britaniya bu statistikanı 16.7% səviyyəsində saxlayır. Tibb sahəsində keyfiyyətli təhsil verən Türkiyə isə 34%-lik qəbul faizi ilə ən əlçatan ölkələrdən biri kimi seçilir.

Agora Təhsil Mərkəzinin rəhbəri R. Qənbərli deyir ki, tibb universitetlərinə qəbul olmaq istəyən tələbələr yalnız yüksək akademik göstəricilərə deyil, həm də böyük rəqabətə hazır olmalıdırlar. Hər ölkədə qəbul şərtləri və müraciət tələbləri fərqlənir, lakin ümumi tendensiya dəyişməz olaraq qalır: tibb təhsili almaq istəyənlər ciddi hazırlıq və əzmkarlıq tələb edən bir prosesdən keçməlidirlər.

Tibb məzunlarının ilk maaşları

Tibb universitetini bitirən məzunlar üçün ilk iş maaşı, əsasən, rezidentura mərhələsində formalaşır. Dünyanın aparıcı tibb ölkələrində bu maaşlar fərqli səviyyələrdədir. Siyahıya nəzər yetirsək:

• ABŞ-da yeni məzun tibb həkimləri aylıq orta hesabla 12,750 AZN qazanır.
• Böyük Britaniya-da bu rəqəm 11,000 AZN təşkil edir.
• Yaponiya-da tibb sahəsində ilk iş maaşı 10,500 AZN səviyyəsindədir.
• Avstraliya-da isə yeni məzunlar 10,000 AZN məvacib alır.
• Kanada-da orta rezidentura maaşı 8,500 AZN civarındadır.
• İtaliya və Almaniya-da bu rəqəmlər müvafiq olaraq 7,000 AZN və 5,600 AZN təşkil edir.
• Türkiyə-də yeni məzun həkimlər orta hesabla 4,600 AZN maaş alır.
• Çin və Hindistan isə müvafiq olaraq 3,150 AZN və 1,200 AZN ilə siyahının son pillələrində yer alır.

Tibb universitetlərində təhsil haqqı ödənişləri

Tibb təhsili almaq istəyən tələbələr üçün ən mühüm faktorlardan biri də illik təhsil haqqıdır. Rizvan Qənbərlinin sözlərinə görə, tibb universitetlərində təhsil haqqı ölkədən asılı olaraq ciddi fərqlənir və bu, tələbələrin seçimlərinə birbaşa təsir edir.

Ən yüksək təhsil haqları ABŞ (110,000 AZN), Kanada (80,000 AZN), Avstraliya (75,000 AZN) və Böyük Britaniya (70,000 AZN) kimi ölkələrdə müşahidə olunur. Bu ölkələrdə tibbi təhsil almaq istəyən tələbələr yalnız yüksək akademik göstəricilərə deyil, həm də ciddi maliyyə imkanlarına sahib olmalıdırlar.

Yaponiya (40,000 AZN), Türkiyə (15,000 AZN) və Çin (12,000 AZN) kimi ölkələr isə daha orta səviyyəli təhsil haqları ilə xarici tələbələr üçün cəlbedici alternativlər yaradır. Hindistan (10,000 AZN), İtaliya (5,000 AZN) və Almaniya (3,000 AZN) isə nisbətən aşağı təhsil haqları ilə seçilir. Xüsusilə Almaniya dövlət universitetlərində təhsilin demək olar ki, pulsuz olması, lakin qəbul şərtlərinin sərtliyi ilə diqqət çəkir.

Rizvan Qənbərli bildirir ki, tələbələr xaricdə tibb təhsili seçərkən yalnız illik ödənişlərə deyil, həm də əlavə yaşam xərclərini və qəbul şərtlərini nəzərə almalıdırlar. Bununla yanaşı, bəzi ölkələrdə dövlət və özəl universitetlər arasında ciddi ödəniş fərqləri də mövcuddur.

Xaricdə tibb təhsili almağın üstünlükləri hansılardır?

Rizvan Qənbərlinin sözlərinə görə, xaricdə tibb təhsili almaq, tələbələrə yüksək keyfiyyətli tədris, müasir tibbi texnologiyalara çıxış və beynəlxalq dərəcəli sertifikatlar qazanmaq imkanı yaradır. Ən yaxşı tibb universitetlərində oxumaq, tələbələrə qlobal səviyyədə tanınan diplom əldə etməklə yanaşı, geniş peşəkar şəbəkə yaratmağa da kömək edir: "Azərbaycandan xarici ölkələrə tibb təhsili üçün müraciət edənlərin dəqiq statistikası olmasa da, bizim təcrübəmizdə dünyanın TOP-10 ölkələri içərisində ən çox müraciət olunan ölkə Türkiyədir. Müraciət siyahısında Almaniya da üstün mövqedə olmasına baxmayaraq, qəbul nəticələrinə əsasən faiz nisbətində Türkiyədən çox geridədir. Bu da Almaniyada tibbi təhsilin daha sərt qəbul şərtlərinə malik olması ilə izah edilir. Ayrıca Türkiyəyə üstünlük verilməsinin bir başqa səbəbi də bu ölkədə tibb təhsili alan tələbələrin xəstəxana və klinikalarda praktiki təcrübə imkanlarının çeşidliliyi və zənginliyidir”.
 
Aydın

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->