"Sərnişinlər marşrutun çıxışına bir saat qalmış avtovağzala gəlirlər. Bilet olmur, şikayət edirlər ki, avtovağzalda bilet iki qat qiymətə satılır".
Bu sözləri Qaynarinfo.az-a açıqlamasında Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Şəfa Mehmanqızı avtovağzalda yaranan sərnişin sıxılığına münasibət bildirərkən deyib.
Şəfa Mehmanqızı bayram günlərindən bir neçə gün öncə media vasitəsi ilə sərnişinlərə müraciət edərək, səfərləri öncədən planlaşdırıb, bilet almağı tövsiyyə etdiklərini bildirib: "Sərnişinlər marşrutun çıxışına bir saat qalmış avtovağzala gəlirlər. Bilet olmur, şikayət edirlər ki, avtovağzalda bilet iki qat qiymətə satılır. Ola bilsin ki, hansısa işbaz sürücü artıq qiymət təklif edə bilər. Mən bunu inkar etmirəm. Ancaq bunun üçün nəzarətçilər var. Belə bir hal aşkar olunan kimi bununla bağlı cəza tədbirləri görürük. Ancaq belə bir situasiyaya sərnişin özü də şərait yaradır. İki gün əvvəl heç kim özünə əziyyət verib bilet almaq istəmir. Bir saat qalmış gəlir və bilet tapmır. Bundan sonra qaynar xəttlərə və mediaya şikayətlər edirlər. Biz bununla dəfələrlə rastlaşmışıq. Bizim müraciətimizi sərnişinlər nəzərə almır".
Qurum rəsmisi qeyd edib ki, avtobusun gecikməsinə görə şikayətlə əlaqədar avtovağzal rəhbərliyi ilə əlaqə saxlayacaq: "Avtovağzalda avtobuslara standartlara uyğun, tutumuna uyğun sərnişin minir. Əlavə sərnişin mindirməyə icazə yoxdur. Buna nəzarət olunur. Biz dünəndən məlumat verdik ki, avtovağzal ayın 4-dən 8-nə qədər gücləndirilmiş iş rejimində işləyəcək. 200 əlavə avtobus ayrılıb. Hansı xətt üzrə sərnişin sıxılığı yaransa, ehtiyac yaransa, o xəttə əlavə avtobuslar buraxılacaq. Kassaların yanında nəzarətçilər var. Sərnişinlərin nəzərinə çatdırıram ki, kim neqativ halla qarşılaşsa, nəzarətçilərə və 3-cü mərtəbədə yerləşən ofisdəki əməkdaşlara müraciət etsin. Dərhal tədbir görüləcək. Amma şikayət edən vətəndaşlar da biletlərini öncədən alsalar daha yaxşı olar. Kim haqlıdısa biz onun şikayətini təmin edəciyik".
Qafqaz Rafiqoğlu
Qaynarinfo.az