
Bakı-Qazax magistralının Ucar rayonundan keçən hissəsində gizli radarlar quraşdırılıb.
Qaynarinfo.az xəbər verir ki, bu barədə məlumatı tanınmış vəkil Kamandar Nəsibov verib. Onun sözlərinə görə, magistralın Ucar rayonundan keçən hissəsində körpülərin birinin altında gizli radarlar quraşdırılıb.
Quraşdırılmış radarların idarə edilməsi üçünsə bir nəfər şəxs kompüterlərlə məlumatları mərkəzə göndərir. Lakin həmin şəxsin polis olub-olmaması haqda heç bir məlumat yoxdur. Onun geyimi bunu ayırd etməyə imkan vermir.
Qaynarinfo.az həmin fotoları təqdim edir:
****
Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) Bakı-Qazax magistral yolunun Ucar rayonu ərazisində gizli radarların quraşdırlması ilə bağlı yayılan məlumat və fotolara münasibət bildirib.
Qurumun İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi polis polkovniki Kamran Əliyev "Report"a deyib ki, həmin fotolar 6 il əvvəl yayılan fotolardır: "Hazırda bu tip radarlardan istifadə olunmur. Kiminsə haradasa gizlənib çəkməyinə ehtiyac yoxdur. Çünkü həmin ərazilərdə radarların mövcüd olduğunu bildirən nişanlar quraşdırılmalıdır. Bu gün KİV-də yayılan fotolar 6 il bundan öncə yayılmışdı. Yəni, bu fotolar yeni fotolar deyil.
K.Əliyev vurğulayıb ki, Azərbaycanda YPX avtomobilləri İ-patrul sistemi ilə təchiz olunandan sonra belə radarların quraşdırılmasına ehtiyac yoxdur: "Qanunda da var ki, yaşayış məntəqələrində 50-200 metr məsafədə radarların olduğunu bildirən informasiya lövhələri quraşdırılır. Yaşayış məntəqələrindən kənarda isə radarların olduğunu bildirən informasiya lövhələri 150-300 metrə qədər məsafədə quraşdırılmalıdır".
Qaynarinfo.az


