
Aprelin 17-də Bakı Ağır Cinayətlər Məhkəməsində bloqçu Əbdül Əbilovun işi üzrə hazırlıq iclası keçirilib.
“Media forum” saytının məlumatına görə, vəkil Xalid Bağırov Əbdül Əbilovun həbsdə saxlanmasının Avropa İnsan Hüquqları Konvensiyasında nəzərdə tutulmuş hüquqlarının pozulmasının təsbit edilməsi, Əbdülün ilkin ifadələrinin, əməliyyat-axtarış tədbiri keçirilməsi haqda qərarın və protokolun, məhkəmə-kimyəvi ekspertizasının rəyinin yolverilməz sübutlar kimi işdən xaric edilməsi barədə vəsatətlər qaldırıb. Vəsatətlər təmin olunmayıb.
Hakim yalnız Əbdülün anasının və qaynının şahid kimi dindirilməsi barədə vəsatətlə razılaşıb.
Növbəti məhkəmə iclası aprelin 24-nə təyin olunub. Bakı İstintaq Təcridxanasında saxlanan Əbdül Əbilov ötən il noyabrın 22-də tutulub. Əbdül Əbilov narkotik alverində ittiham olunur. Ailəsi onun “Facebook”dakı fəallığına görə həbs olunduğunu deyir. Əbdül Əbilov “Facebook”da “Yaltaqlara dur deyək” səhifəsinin idarəçisi olub. Həbs ediləndən sonra həmin səhifə bağlanıb.
Qaynar.info