Azərbaycanın sabiq prezidenti, Milli Azadlıq Hərəkatının liderlərindən biri Əbülfəz Elçibəy vəfatından 21 il ötür.
Qaynarfino xəbər verir ki, Əbülfəz Qədirqulu oğlu Əliyev (Elçibəy) 24 iyun 1938-ci ildə Naxçıvan MR-nin Ordubad rayonunun Kələki kəndində anadan olub. 7 illik Unuskənd məktəbini bitirdikdən sonra Ordubad şəhər 1 saylı orta məktəbində təhsilini davam etdirib.
1957-ci ildə Bakı Dövlət Universitetinin şərqşünaslıq fakültəsinin ərəb filologiyası şöbəsinə daxil olub. Buranı bitirdikdən sonra (1962) təyinatla SSRİ Hidrolayihə İnstitutunun Bakı şöbəsində tərcüməçi işləyib. 1963-cü ilin yanvarında Misir Ərəb Respublikasına göndərilən Əbülfəz bəy 1964-cü ilin okyabrına kimi Asuan bəndinin tikintisində tərcüməçi kimi çalışıb.
Xarici ezamiyyətdən dönərək 1965-ci ildə BDU-nun aspiranturasına daxil olub və aspirantura təhsilini 1968-ci ildə uğurla tamamlayıb. "Tulunilər dövləti (868-905)" mövzusunda dissertasiya müdafiə edərək tarix elmləri namizədi alimlik dərəcəsi alıb (1969). BDU-nun "Asiya və Afrika ölkələri tarixi" kafedrasında müəllim və baş müəllim işləyib (1968-1975).
1975-ci ilin yanvarında Azərbaycan Dövlət Təhlükəsizlik Komitəsi onu tələbələr arasında millətçi və antisovet təbliğatı aparmaq adıyla həbs edib və 17 iyul 1976-cı ilədək siyasi dustaq olaraq azadlıqdan məhrum olunub. Əsasən Qaradağ daş karxanasında ağır fiziki işlərə məhkum edilib.
Həbsdən buraxıldıqdan sonra bir müddət işsiz qalıb. 1976-cı ilin dekabrında AMEA Azərbaycan EA Əlyazmalar İnstitutunda kiçik elmi işçi kimi elmi fəaliyyətə başlayıb. Sonralar böyük elmi işçi, şöbə müdiri, aparıcı elmi işçi elmi rütbə və vəzifələrə qədər yüksəlib (16.07.1992-ci ilədək).
Əbülfəz Elçibəy hələ tələbəlik illərindən sovet rejiminin müstəmləkə siyasətinə qarşı mübarizə aparıb, gizli tələbə dərnəkləri yaratmış və azadlıq ideyalarını geniş şəkildə yayıb. Eyni zamanda o, Bütöv Azərbaycan ideyasını da dönmədən təbliğ edib. 1975-ci ildə həbs edilməsi də onu yolundan döndərə bilməyib. 1988-ci ildə Azərbaycan Xalq Hərəkatı başlayanda məhz Elçibəy onun öndərlərindən biri olub. O, Hərəkatın təşkilatlanmış forması olan Azərbaycan Xalq Cəbhəsini yaradanlardan (iyul 1989) biri və ömrünün sonunadək onun əvəzedilməz sədri olub. Məhz AXC-nin gərgin mübarizəsi sayəsində Azərbaycanın müstəqilliyi haqqında tarixi Akt qəbul edilib (18 oktyabr 1991).
Əbülfəz Elçibəy təkcə Azərbaycan milli azadlıq hərəkatının öndəri yox, həm də bütün türk dünyasının aparıcı lideri və demokratiyanın çarçısı olub.
8 iyun 1992-ci ildə Azərbaycan Respublikasında ilk dəfə demokratik yolla prezident seçilən Əbülfəz Elçibəy, ölkədə demokratiyanın bərqərar olması, Azərbaycanın tam suveren dövlətə çevrilməsi və xalqımızın rifahının yaxşılaşdırılması yolunda çox mühüm işlər görüb. Əbülfəz bəyin prezidentliyə başladığı ilk vaxtlarda dövlətin qarşısında duran təxirəsalınmaz vəzifələr Azərbaycanın dövlət müstəqilliyini tam gerçəkləşdirmək, Milli Ordu yaratmaq və müharibədəki məğlubiyyətlərin qarşısını almaq olub. Buna görə də ölkənin bütün imkanları Milli Ordu quruculuğuna səfərbər edilib. Ordu quruculuğu yalnız hərbi-strateji problem olmayıb, xeyli dərəcədə siyasi-psixoloji problem səviyyəsinə qaldırılıb. Könüllü batalyonlardan nizami orduya doğru ilk ciddi addımlar atılıb. Qismən hərbi səfərbərlik və orduya çağırış işi yoluna qoyulub. Ağdərə və Goranboy rayonları erməni işğalçılarından təmizlənib. İşğal altında oluan Laçının əksər kəndləri onun hakimiyyəti zamanı düşməndən azad edilib.
Əbülfəz Elçibəyin prezidentliyi dövründə rus ordusunun Azərbaycandan çıxarılıb. Yeni yaranan dövlətlər içərisində birinci olaraq Azərbaycan öz sərhədlərinin qorunmasını öz üzərinə götürdü. Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi, Dövlət Ləl-Cəvahirat Fondu təşəkkül tapıb. Onun dövründə Dövlət Əmlak Komitəsi, Dövlət Antiinhisar Siyasəti və Sahibkarlığa Yardım Komitəsi, İqtisadiyyat Nazirliyi, Torpaq Komitəsi və s. dövlət orqanları yaradılıb. Onun bir illik hakimiyyəti ərzində (15 may 1992-ci il - 17 iyun 1993-cü il) Milli Məclisdə 118 qanun, 160 qərar qəbul edilib.
Əbülfəz Elzibəy 1993-cü ilin iyununda hakimiyyətdən uzaqlaşdıqdan sonra doğma Kələki kəndinə yollanıb və burada 4 il 4 ay yaşayıb.
Prezidentlik səlahiyyəti bitdikdən bir qədər sonra - 1997-ci ilin 30 oktyabrında Bakıya dönən Əbülfəz Elçibəy, yenidən Azərbaycan müxalifətinin liderinə çevirilib. Demokratik Konqresə sədr seçilən (1997) AXCP sədri Əbülfəz bəy, həmin ilin noyabrında Bütöv Azərbaycan Birliyini də yaradıb və ona başçılığı öz üzərinə götürüb. Marqaret Tetçerin "Qafqazda ən böyük demokrat" adlandırdığı Ə.Elçibəy, həm də Türk Xalqları Assambleyasının fəxri sədri seçilib (1997).
Əbülfəz Elçibəy "Bu mənim taleyimdir" (Bakı, 1992), "Deyirdim ki, bu quruluş dağılacaq" (Bakı, 1992), "Demokratiya və azadlıq" (İstanbul, 1992), "Bütöv Azərbaycan yolunda" (İstanbul, 1998), "Əbülfəz Elçibəy: Mən qurtuluşçuyam!" (Bakı, 2002), "Elçi düşüncələri" (Bakı, 2002) kitablarının müəllifidir. Onun mübarizə yolunu işıqlandıran Kamil Vəli Nərimanoğlunun "Azərbaycan türklərinin azadlıq elçisi Əbülfəz Əli Elçibəy" (İstanbul, 1992), A.Səmədoğlunun "Elçibəy və Azərbaycan" (İstanbul, 1994), Fazil Qəzənfəroğlunun "Əbülfəz Elçibəy. Tarixdən gələcəyə" (İstanbul, 1995), Ədalət Tahirzadənin "Elçi Bəy" (Bakı, 1999), "Elçibəylə 13 saat üz-üzə" (Bakı, 1999; İstanbul, 2001), "Prezident Elçibəy" (Bakı, 2001), O.Məmmədovun "Elçibəy ilə birlikdə otuz il" (İstanbul, 1999) və b. yazılıb.
Əbülfəz Elçibəy 22 avqust 2000-ci ildə - 62 yaşında Ankarada xərçəng xəstəliyindən vəfat edib. Mərhum prezident I Fəxri Xiyabanda dəfn edilib.
Allah rəhmət eləsin!
Şərhlər