
Qubadlı rayonundan olan məcburi köçkün Məmmədova Nailə Rüstəm qızı Qaynar.info saytına şikayət məktubu göndərib.
Şikayətçi bildirir ki, qanunla aldıqları evdə girib yaşaya bilmirlər: “2013-cü ildə Sumqayıt şəhəri sülh küçəsi 4-cü məhəllə ev 18/15 Rabitə Bankın balansından aldıq. Aprel ayında evin köhnə sahibi Qaşadarova Almara Oruc qızı, bizim evdə olmadığımızdan istifadə edərək evə basqın edib. Nəticədə qapıları sındıraraq evə soxulublar. Polisə şikayət etsək də, evimizə soxulmuş adamları evdən çıxarda bilmədik. Nəticədə son ümid yeri kimi məhkəməyə üz tutduq. Sumqayıt Apellyasiya Məhkəməsi, Ali Məhkəmə, Sumqayıt İnzibati-İqtisadi Məhkəməsi bizim xeyrimizə qətnamə çıxardıb.
Sənədlər Ədliyyə Nazirliyinin Sumqayıt şəhərinin məhkəmə icra şöbəsinə göndərilib. 2014-cü ilin sentyabr ayının 14-dən Ədliyyə Nazirliyinin icra şöbəsindədir. Amma indiyə kimi məhkəmənin qətnaməsi yerinə yetirilməyib.
Nailə Məmmədova daha sonra bildirir ki, dəfələrlə Sumqayıt şəhəri məhkəmə icra şöbəsinin rəisi Anar Əhmədovla görüşsə də bunun da xeyri olmayıb: “Axrıncı dəfə mənə dedi ki, mən bu işi bacarmıram. Gücüm çatmır onları evdən çıxartmağa. Ədliyyə Nazirinin müavini Xanlar Zeynalovun qəbulunda olmuşam. Hər dəfə mənə get gözlə 10 günə müsbət cavab veriləcək deyiblər. Amma yenə də məsələ həl edilməyib.
Həyat yoldaşım yataq xəstəsidir. Hər ikimiz pensiyaneririk. Bu vaxtımızda bizi salıblar küçələr, kirayədə qalırıq. Ermənilər bir dəfə bizi qaçqın etdilər, indi də məmurlar qaçqın edib. Biz nə edək? Kimə dərdimizi deyək? Bu ölkədə qanunlar varsa, niyə işləmir? Cənab nazirdən xahiş edirəm bu məsələni həl etsin. Əks təqdirdə beynəlxaq təşkilatlara gedib sığnacaq istəyəcəyik”.
Qaynar.info