"Jurnalistlər hörmətli Vahid müəllimin (Milli Məclisin deputatı Vahid Əhmədovun) "Modern.az” saytına açıqlamasında mənim adımın da çəkilməsinə münasibətimi öyrənmək istəyərkən cavabdan yayındım”.
Qaynarinfo xəbər verir ki, bu sözləri Mətbuat Şurasının sədri Əflatun Amaşov millət vəkili Vahid Əhmədovun KİVDF ilə bağlı açıqlamasında başqa adlarla yanaşı öz adının da çəkilməsinə münasibət bildirərkən öz Fesybuk hesabındakı statusunda yazıb.
Şura sədri həmişə tənqidlərə açıq, dözümlü olduğunu qeyd edib:
"Məni tanıyanlar yaxşı bilir ki, heç kəsin toyuğuna "kiş” deməmişəm. Kindən, küdurətdən uzağam. Barəmdə yersiz danışanlara, tənqid yağdıranlara münasibətdə norma gözləmişəm. İnanın ki, onlar sonradan üzr istəyəndə heç nə olmamış kimi gülümsəmişəm. Özüm qəsdən mövzudan uzaqlaşmışam ki, utanmasınlar. Mən beləyəm.
Jurnalistlər hörmətli Vahid müəllimin (Milli Məclisin deputatı Vahid Əhmədovun) "Modern.az” saytına açıqlamasında mənim adımın da çəkməsinə münasibətimi öyrənmək istəyərkən cavabdan yayındım. Yeri gəlmişkən, sağ olsun, həmkarlarım ağına-bozuna baxmadan haradasa diqqət çəkən yazı peyda olan kimi bir göz qırpımında, ya özlərinə məxsus saytlarda, ya da sosial şəbəkələrdə paylaşırlar, diqqətçəkən sərlövhələrlə mövzuya sanki rəng qatırlar. Nəyə görə həmkar məsələsini qabardıram. Çünki həmkarlarıma həmkar kimi yanaşmışam…
Bəzən hansısa məsələyə mülayim münasibət açıqlamışam və bilmişəm ki, bu, adekvat deyil. Ümumən tam adekvatlıqdan yayınmışam. Sadəcə ona ki, hər kəsdə daha çox müsbət nələrisə görməyə çalışmışam. Lakin elə məsələlər olur ki, həddən artıq ictimailəşir. İstər-istəməz düşünürsən və çox təəssüf ki, cavab vermək məcburiyyətində qalırsan. Nə üçün təəssüf edirəm? Ona görə ki, bəzən həm cavablar, həm də ümumən hansısa açıqlanmış fikir müəyyən münasibətlər sisteminə, bəlli dəyərlərə zərbə vurur. Adam bir yaşa çatanda əldə etdiyi dəyərlər barədə düşünür və təbii ki, onları itirmək istəmir. Axı, bu dəyərlər asan qazanılmayıb…
Vahid müəllim itirmək istəmədiyim adamdır. Onu lap çoxdan - ötən əsrin 80-ci illərindən tanıyıram. Həmin vaxt AzərTAC-da işləyirdim. O isə zavod direktoru idi. Sonrakı fəaliyyət yolundan da xəbərdaram. Milli Məclisin deputatı kimi həmkar təmaslarımız xoş münasibətə, qarşılıqlı hörmətə əsaslanıb. İndi medianın problemlərindən söz açır və məni də belə demək mümkünsə, problem piramidasında görür. Ümumən haqlıdır. Çünki media sahəsində çox işlər həyata keçirilməlidir. Bəs nəyə görə Vahid müəllimin medianın problemlərdən danışarkən mənim adımı hallandırması ilə razı deyiləm?
Dəfələrlə Milli Məclisin tribunasından mətbuatın ən müxtəlif çətinlikləri ilə bağlı fikirlərimi bildirmişəm. Aktual olan məsələləri qabartmışam. Hər bir parlament çıxışımı Feysbuk sosial şəbəkəsindəki profilimdə paylaşmışam. Jurnalistlər də bununla bağlı materiallar hazırlayıblar. Vahid müəllim buyurub Milli Məclisin stenoqramlarını da izləyə bilər. Media müstəvisində qaldırdığım ƏDV-nin ləğvi, mətbu nəşrlərin yayımı, medianın hüquqi bazasının təkmilləşməsi, o cümlədən internet medianın hüquqi statusunun müəyyənləşdirilməsi, mediada reklam və sair bu kimi məsələlərlə hər kəs tanışdır. Həm Mətbuat Şurasının sədri, həm də deputat kimi bu kampaniyanı aparmışam. Kampaniyadan uduşlu tərəf ancaq media ola bilərdi. Bu istiqamətdə ən çox dəstəyi elə Vahid müəllimin özündən gözləmişəm. Hətta ummuşam. Niyə ondan gözləmişəm və ummuşam, bu barədə danışmaq istəmirəm, öz səbəblərim var. Təəssüf ki, dəstək görməmişəm. Parlament tribunasından diqqətə çatdırdığım problemlərin heç olmasa, biri həllini tapsaydı, indi müəyyən qədər fərqli mənzərə olardı…
Hər kəsin özünün doğruları, doğru hesab etdiyi baxışlar var. Hər kəs etdiklərinə görə cavabdehdir. Təbii, bəzi ziddiyyətlərin kökünü bilirəm. Ümumən şəxsi zəmindəki nələrinsə peşəkar müstəviyə daşınmasının tərəfdarı olmamışam. Kim nəyə görə meydandadır, nə üçün fikir bildirir, hər birindən kifayət qədər xəbərdaram. Hər kəsin öz oyununun, öz məqsəd və mənafeyinin olması reallığını qəbul edirəm. Qəbul etmədiyim isə haqsızlıqdır. Mən kimsəyə qarşı haqsız davranmamışam. Hər zaman cəmiyyət və media üçün məqbul, reallığa uyğun orta xəttin mütləq varlığına inanmışam. Bunun üçün çalışmışam. Bu gün də heç nə dəyişməyib. Media sahəsində islahatların aparılmasının, yeniliklərin tətbiqinin, şəffaflığın təmin olunmasının, xoşagəlməz halların araşdırılması və qanuna müvafiq surətdə qiymətləndirilməsinin tərəfdarıyam. Nə hörmətli Vahid müəllimin, nə də bir başqasının bu mövqeyimdən şübhəsi olsun.
Biz həyatımızın çox hissəsini yaşamış nəslin nümayəndələriyik. Bilmirik, nə qədər ömrümüz qalıb. Dahilərdən birinin sözüdür ki, insanın içindəki vicdan onun Tanrısıdır. Çox istərdim, hər kəs o Tanrı ilə üzbəüz qalanda əzab çəkməsin”.
Əflatun Amaşovun statusuna Strateq.az saytının baş redaktoru Elxan Şükürlü belə münasibət bildirib:
"Hörmətli Əflatun müəllim, inciməyin, əslində, mətbuatımızın bir çox problemləri də elə məhz Sizin bu xüsusiyyətinizdən – "toyuqlara” zamanında "kiş” deyə bilməmənizdən qaynaqlandı. Mətbuatı "dən anbarı” bilənlər sahibi ölmüş toyuq-cücətək daraşdılar mətbuatın canına, eşdilər eşə bildikləri qədər! Sizsə qovmadınız anbarı eşib-zibilləyən bu "yiyəsiz quş”ları, daş atmadınız onlara. Bu da nəticəsi - indi mətbuatımızın hər yerindən hin iyi gəlir!
Bəzən insan, xüsusən də rəhbər şəxs mərhəmət hissinin çoxluğunun əziyyətini çəkir, sərt qərarlar verməsinin önünü kəsir və sonra da bunun əziyyətini yaşayır. Açıq yazıram: mən Sizi də bu kateqoriyadan olan insanlar sırasında görürəm – Siz mətbuat adamı olaraq, mətbuata anbar kimi baxanlara zamanında qalxıb etiraz edə, "belə olmaz” desəydiniz və bu işdə də çevrənizə ləyaqətini, qələmini və vicdanını pula satmayan jurnalistləri toplasaydınız, bəlkə də hər şey başqa cür olardı indi...
Media sektoruna cavabdeh adamlardan biri olaraq, imtiyazlardan yararlanıb özünüzə sayt-qəzet açmamağınız, o biriləri kimi dövlət büdcəsindən ora pul axıtmamağınız isə təqdirediləndir və ədalət hissinə sahib olanlar bunu görür, qiymətləndirir.
Bəli, vicdan – insanın içindəki Tanrıdır! Ancaq məlumunuz olsun ki, Kəbədə insanların Tanrı bildiyi bütlərdən birinin adı "Manat" olub! Təəssüf ki, bizdə hələ də bir çoxlarının Tanrısı məhz manatdır!
Vicdanı Allah qarşısında təmiz olanlar və hər işində də Allahı başının üstündə görənlər qorxmaz, çünki onları Allah qoruyar!”
Xatıladaq ki, millət vəkili, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədov "Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunda (KİVDF) baş verən qanunsuzluqlarla bağlı danışarkən deyib:
"Çox yaxşı oldu ki, cənab Prezident Əli Həsənovu vəzifədən kənarlaşdırdı. Onun yaxın adamları olan KİVDF-nin icraçı direktoru Vüqar Səfərli, Milli Televiziya Şurasının sədri Nuşirəvan Məhərrəmli, Mətbuat Şurasının sədri Əflatun Amaşov bir kampaniyanın adamlarıdır. Son illər mətbuatda xaotik vəziyyətin yaranması birbaşa onların əməli idi”.
Qaynarinfo.az