Xəbər lenti

Əfv gözlənilir
Ölkə09:43 11.12.2013

Əfv gözlənilir

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"İlqar Məmmədovun həbsdən azad edilməsi üçün Avropa Şurası hansı addımları ata bildi, işlər gördü?"

“Çalışırıq ki, yanvarın sonunda Avropa Şurasının qış sessiyasında iştirak etmək üçün Strasburqa gedək. Eyni zamanda yanvara qədər bizdə problemli məhbuslarla bağlı hansı addımların atılacağını gözləyirik. Nəzərə almalısınız ki, bizdə siyasi məhbuslardan başqa da, vacib işlər var. Məsələn, Azərbaycanda məhkəmələrin durumu, insan hüquqlarının vəziyyəti kimi məsələlər. Bütün məsələlərin kökünü Azərbaycanda axtarmaq və elə burda da həll eləmək lazımdır. Gürcüstanda prezident Saakaşvili zamanında həbsxanalarda şiddət var idi. Bununla əlaqədar videogörüntülər də yayımlandı. Məhbuslarla bağlı qanun pozuntuları, işgəncə halları baş vermişdi. Ancaq beynəlxalq təşkilatlar bir dəfə də olsun Gürcüstan haqqında bu faktları qeyd etmədi. Bəyəm, onlar bunu bilmirdilər?  Odur ki, biz hər şeyi özümüz çözməli, danışmalı, görüşməli və Azərbaycanda həll etməliyik”.

Bunu hüquq müdafiəçisi Novella Cəfəroğlu "Gündəlik teleqraf"a açıqlamasında deyib. O, həmçinin ilin sonunda əfvin olacağını gözlədiyini bildirib: “Belə bir addımı gözləyirik. Adətən əfvlər bayram günləri münasibəti ilə verilir. 31 Dekabr həm Yeni İl Bayramıdır, həm də Dünya Azərbaycanlılarının Həmrəylik Günüdür. Odur ki, əfvin olacağına ümidlərimiz çoxdur və bu istiqamətdə də çalışırıq. Hüquq Müdafiəçilərinin Monitorinq Qrupu olaraq tərtib etdiyimiz siyahıda hazırda məhkəməsi gedən şəxsləri də daxil etməklə 29-30 nəfər məhbusun adı var. Hesab edirik ki, onlar azad olunmalıdır”.

Hüquq müdafiəçisi əlavə edib ki, problemli məhbuslarla bağlı məsələlər ölkə daxilində həll edilməlidir: “Yaxın vaxtlarda Azərbaycanın Avropa Şurasına sədrlik etməsi gözlənilir. Bu sədrlik məsələsinə Azərbaycan siyasi məhbuslarsız getməlidir. Beynəlxalq qurumlar, aparıcı beynəlxalq hüquq müdafiə təşkilatları problemli məhbuslarla əlaqədar müəyyən tövsiyə verə bilərlər. Amma bu məsələni nəhayətdə Azərbaycan hakimiyyəti həll etməlidir. REAL-ın sədri İlqar Məmmədov həm də Avropa Şurasının faktiki işçisidir. Bəs İlqar Məmmədovun həbsdən azad edilməsi üçün Avropa Şurası hansı addımları ata bildi, işlər gördü? Yalnız bəyanatlar verdilər, mövqe ifadə etdilər. Bu kimi hallara görə deyirəm ki, əslində məsələlərin həllini Azərbaycanda axtarmaq daha doğru olardı. İstər 200 dövlət toplaşsın və hansısa sənədə imza atsın, əgər bu sonda problemin həllinə gətirib çıxarmırsa, deməli effektsizdir”.

Qaynar.info