Ölkə 14:58 20.09.2022

Əhali qocalmasının səbəbi nədir və qarşısısı necə alına bilər? (MÜSAHİBƏ)

İqtisadçı ekspert Samir Əliyev dünyada müşahidə edilən əhali qocalması tendensiyasının Azərbaycanda da mövcud olduğunu açıqlayıb. Ekspert apardığı araşdırmaya əsasən bildirib ki, 2005-ci illə müqayisədə 18 yaşa qədər uşaqların ümumi əhalidə payı 31,8%-dən 25,7%-ə düşüb. O, bunun çox narahatedici məqam və demoqrafiya üçün təhlükəli hal hesab etdiyini vurğulayıb. 
 
Bəs, bunun səbəbləri və bundan çıxış yolları nədir?
 
Sosioloq Əhməd Qəşəmoğlu Qaynarinfo-ya müsahibəsində bunun bir neçə səbəbi olduğunu deyib.
 
- Birinci səbəb budur: ümumiyyətlə, bu gün beynəlxalq təşkilatlar hər cür çalışır ki, dünyada əhali artımı zəifləsin. Çünki BMT-in hesablamalarına görə, tezliklə Yer üzündə əhalinin sayı o qədər çoxalacaq ki, onları təmin etməyə resurslar bəs etməyəcək. Ona görə beynəlxalq təşkilatlar artımın azalmasını istəyirlər. BMT maariflənmə yolu seçib. Buraya insanları maarifləndirmək, reproduktiv sağlamlıq, ailənin planlaşması və s. aiddir. Bu sahədə BMT-in proqramları var. O cümlədən, bütün ölkələrdəki kimi belə layihələri Azərbaycanda da həyata keçirirlər. 
 
İkinci səbəb: əhalinin tələbatı artır, iqtisadi vəziyyət isə aşağıdır. Düzdür, 100 il bundan qabaq vəziyyət bundan da aşağı idi, amma əhali artımı yuxarıydı. Çünki əhalinin tələbatı indiki qədər deyildi. Evdə böyük uşağın paltarını ikinci uşaq geyinirdi. İkincu uşağın paltarını da ondan sonra dünyaya gələn uşaq. Qidalanma başqa çür idi, yəni əhalinin tələbatı artıb, iqtisadi imkanlarsa azalıb.
 
Üçüncü amil insanların təhsili ilə bağlıdır. Adətən təhsilli qadınlar çoxalanda əhali artımı azalır. Yəni təhsilli qadınlar bir qayda olaraq uşaqların çox olmasının tərəfdarı olmur. Belə metodlar var. Azərbaycanda bununla bağlı ən mane olan məsələ odur ki, lazım olan dövlət siyasəti yoxdur.
 
- Bununla bağlı hansısa təkliflər verilib?
 
- Dəfələrlə təklif vermişəm. Konsepsiya, modellər də təklif etmişəm. Biz çalışmalıyıq ki, Azərbaycanda üç uşaqlı ailə modelini tətbiq edək. Bu metod mütləq həyata keçirilməlidir. Bunun üçün dövlətin də, valideynlərin də üzərinə çoxlu iş düşür. Bu məsələdə bizdə çoxlu boşluq var. Valideynlərin maariflənməsi, ailələrin sosial müdafiəsi ilə bağlı vəziyyət qənaətbəxş deyil. 
 
- Niyə ailədə üç uşaq olmalıdır? 
 
- Ailədə bir uşaq olanda ölkədə əhali get-gedə azalır. Eyni zamanda ailədəki bir uşaq psixoloji cəhətdən arzuolunan səviyyədə formalaşmır. Onun evdə tayı-tuşu yoxdur, bütün günü baba-nənə ilə oynayır. Belə uşaqlar lazımi səviyyədə formalaşmır. İki uşaq olanda yenə də əhalinin sayı azalır, uşaqlar da bir-biri ilə münaqişədə dava-dalaşla böyüyürlər. Amma üç uşaq olanda hər şey qaydasında olur. Evdə uşaq mühiti var, hər bir uşaq öz mühitində böyüyür. Ölkədə də əhalinin sayı get-gedə normal tənzimlənir. Mən bunu 30 ildən artıqdır ki, bar-bar bağırıram. Amma bir uyğun dövlət qurumu məndən heç vaxt maraqlanmayıb, demir ki, bu fikiri niyə səsləndirirsən? Bir vaxtlar mən Milli Məclisin elmi Mərkəzinin rəhbəri olmuşam, onda da demişəm, lakin heç kəs bunlara əhəmiyyət vermir. Bizim normal inkişafımız hər bir ailədə 3 uşaqdan keçir. Bunun üçün dövlətin öhdəsinə çox böyük işlər düşür.

- Dövlət hansı işləri görməlidir?

- Hər bir ailədə böyüyən uşaq təkcə valideynlərin deyil, həm də ölkən, dövlətindir. Ona görə birlikdə hərəkət olmalıdır. Uşaqpulları bərpa olunmalıdır. Bu məsələlər məntiqi olaraq elə təhlil olunmalıdır ki, müəyyən qurumlar yaxasını o tərəfə-bu tərəfə çəkə bilməsin.

Bahar Rüstəmli