Lənkəranlılar çəkilməyən kanalizasiya xətlərinin bəlasına düşüb. Şəhər sakinləri qazılıb, sonra torpaqlanan yolların bərbadlığından cana doyub. Əvvəlcədən kanalizasiya xətlərinin çəkilişi üçün yollar qazılıb tökülüb. Şəhərin mərkəzi və ara yolları dağılıb. Amma su xətti çəkiləndən sonra kanalizasiya sistemi çəkilişi planı yaddan çıxıb. Ona görə də yollar darmadağın olub. Lənkəranda avtomobillərin hərəkəti iflic olub. Maşınlar çala-çuxur, yamaq yollara görə tez-tez olur.
***
Sürücülər deyirlər ki, kanalizasiya xətləri çəkmək istəmirdilərsə, qabaqcadan fikirləşmək lazım idi. Onların sözlərinə görə, dünyanın heç yerində, hətta uzaq Uqanda da belə ağıla batmayan addım atılmayıb. Apreldə isə ölkə başçısının rayona gəlişi gözlənilir.
Bəzi küçələr asfaltlanır. Sakinlər isə rayon rəhbərliyindən yolların tamamilə yaxşılaşdırılmasını xahiş edirlər. Camaat danışır ki, şəhərdə evlərə su xətləri çəkilsə də, kanalizasiya xətlərinin çəkiliş strukturunun mürəkkəbliyinə görə layihə təxirə salınıb.
Bu prosesin çətinliyi əvvəlcədən hesablanmayıb. Halbuki Masallıda kanalizasiya xətləri ən ağır mexanizm olsa da, çəkilib. Sakinlərin ən başlıca yol şikayəti isə “Böyük bazar” massivinin hələ də asfalt üzünə həsrət qalmasıdır. Lənkəranın mərkəzi bazarına gedən bu yol və avtobusların dayanacağı palçıq içində üzür.
Sakinlərin sözlərinə görə, dəfələrlə həm region telekanalında, həm televiziyalarda, mətbuatda bu yolun bərbadlığı işıqlandırılıb. Ancaq şəhərin ən qaynar, nəqliyyatın gur nöqtəsinə iki maşın asfalt töküb palçıqdan azad etmirlər. Mərkəzi bazara girmək üçün qaloş işə yarayır. İllərdir ki, bazar yolu acınacaqlı haldadır.
Üstəgəl, bu vəziyyətdə açıq havada ərzaq məhsullarının satışı təşkil olunur. Yol üstündə ət məhsulları, meyvə-tərəvəz, balıq və s. məhsullar satılır. Yan-yörədən ötən maşınların isə toz-torpağı, palçığı malların üstünə süpürür.
Bir müddət əvvəl bazarın içərisindən kənarda alver qadağan idi. Amma təzədən köhnə yazılmamış qaydalar qüvvədədir. Alverçilər yolun tən ortasında ərzaq məhsulu satır. Həm nəqliyyatın hərəkəti məhdudlaşır, həm də natəmizlik hökm sürür.
Hərçənd ticarətçiləri bazarın içərisinə sığışdırmaq, yolu isə asfaltlamaq mümkündür. Nədənsə bu problemi müəllimlərə dərsdən sonra əlavə işləməyi təklif edən deputat Hadı Rəcəbli də bircə dəfə qaldırmayıb.
Lənkərandan deputat olan H.Rəcəbli, görünür, ya “Böyük bazar”dan keçməyib, ya da maraqlı olmayıb. Sakinlər xahiş edirlər ki, deputat problemin həllində kömək etsin.
Prezident şəhərin Liman - Nərimanabad - Balıqçılar avtomobil yolunun tikintisi ilə bağlı sərəncam imzalayıb. 10 min nəfər əhalinin yaşadığı 3 yaşayış məntəqəsini birləşdirən avtomobil yolunun tikintisi üçün dövlət büdcəsindən 3,6 milyon manat ayrılıb. Sarı adasının əhatəsində yerləşən balıqçı kəndlərinin yolları o dərəcədə bərbaddır ki, yalnız su və hava nəqliyyatı köməyə yetə bilər.
Odur ki, yolların abadlaşdırılacağı yerinə düşüb. Vaxtilə balıq ovuna qoyulan qadağaya görə üsyana qalxan Nərimanabad sakinlərinin şikayətini dinləməyə gedəndə yol məşəqqəti bürokratik əngəllərdən daha dəhşətli idi. Ancaq yol dərdi Nərimanabadla qurtarmır. Lənkəranın mərkəzi yollarına və ən əsası bazar yoluna diqqət yetirmək vacibdir.
***
Lənkəranda “Nizami” kinoteatrı sökülüb. Bu mədəniyyət ocağı müstəqillikdən bəri təyinatı üzrə fəaliyyət göstərmirdi. Son illərdə isə ümumiyyətlə, istifadəsiz idi. İndi kinoteatrın yeri boş sahəyə çevrilib, ərazi hasarlanıb.
Bu kinoteatr bir neçə il əvvələ qədər çayxana, daha sonra bilyard salonu kimi xidmət göstərib. Axır vaxtlar isə diqqətdən kənarda qalmışdı. Bəzi xəbərlərdə deyilirdi ki, bina artıq özəlləşdirilib. Amma sökülən mədəniyyət mərkəzinin yenidən qurulacağı bildirilir.
Mədəniyyət müəssisələrinin tikintisi və yenidən qurulması 2014-2018-ci illərdə regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramına salınıb. Eləcə də sözügedən kinoteatrın yenidən qurulması nəzərdə tutulub.
Şəhərin ən böyük kinoteatrı olan “Nizami” 1955-ci ildən ötən əsrin son onilliyinə qədər kinosevərlərin sevimli məkanı olub.
Lənkəranda ilk kinoteatr 1926-cı ildə fəaliyyətə başlayıb. İlk səssiz kinofilm “Spartak" adlanan kinoteatrda 1927-ci ildə nümayiş etdirilib. Ancaq indi yeri özəlləşdirilib və istifadəsiz qalıb. Ümumiyyətlə, Lənkəranda tarixi abidələr çoxdur.
Yuxarı Nüvədi kəndində qədim Əbirlər qülləsi, Şıxakəran kəndində Şeyx Zahid türbəsi, şəhərdə Kiçik Qala məscidi, Güldəstə minarəsi, Hacı Mirzə hamamı, Xan Evi kimi abidələr var. Xan evi artıq rekonstruksiya olunub.
Lənkəranda ictimai-siyasi təşkilatların fəaliyyətinə gəlincə, hazırda hakim partiyanın qərargahı var. Müsavat Partiyasının qərargahı indiki başqan müavini Yadigar Sadıqovun həbsindən əvvəl möhürlənib. AXCP-nin isə qərargahı yoxdur. Ümid Partiyasının qərargahı isə şəraitsiz, köhnə bir yerdir. //"Yeni Musavat"
Qaynar.info






