"Polietilen paketlərdən istifadə minimuma endirilməli, gələcəkdə isə onlar mərhələli şəkildə dövriyyədən çıxarılmalıdır".
Bunu Qaynarinfo-ya açıqlamasında ekoloq Xosrov Musayev supermarketlərdə polietilen paketlərin qiymətinin bahalaşmasına münasibət bildirərkən deyib.
Ekoloqun sözlərinə görə, bu cür paketlərdən istifadənin həm ekoloji, həm də sosial baxımdan mənfi nəticələri var:
"Elə etmək lazımdır ki, bu torbalardan istifadə olunmasın. Bunun ciddi səbəbləri var. Sellofan paketlər şəhərin estetik görünüşünü korlayır. Digər tərəfdən, həm ekoloji, həm iqtisadi, həm də sosial problemlər yaradır, əhali arasında narazılığa səbəb olur".
Xosrov Musayev bildirib ki, polietilen paketlər uzun illərdir Azərbaycanda aktual ekoloji problemlərdən biri olaraq qalır:
"Bunun qarşısını almaq lazımdır. Biz bu məsələni 15 il əvvəl dəfələrlə qaldırmışıq. Sellofan torbalarla bağlı fikirlərimi dəfələrlə səsləndirmiş, müxtəlif məqalələr yazmışam. Hətta "Sellofan torbalara yox deyək” kampaniyasına da başlamışdıq. Təəssüf ki, səsləndirilən təkliflər kağız üzərində qaldı".
Ekoloq hesab edir ki, polietilen paketlərdən imtina üçün ilk növbədə ticarət obyektləri təşəbbüs göstərməlidir:
"Əvvəllər kağız torbalardan istifadə olunurdu. Onlar ekoloji baxımdan daha təhlükəsiz idi. Bundan başqa, iri səbətlərdən də geniş istifadə edilirdi. Bu səbətlər xüsusilə Azərbaycanın cənub bölgəsində hazırlanırdı. Sellofan torbalardan imtina etmək üçün cəmiyyətin və market şəbəkələrinin birgə dəstəyi vacibdir".
Qeyd edək ki, son günlər bir sıra supermarketlərdə polietilen paketlərin qiyməti yenidən artırılıb. Hazırda paketlər ölçüsündən asılı olaraq 7 və 9 qəpiyə satılır. Halbuki, bundan əvvəl eyni paketlər alıcılara 3 və 5 qəpiyə təklif edilirdi.
Bahar Rüstəmli
Şərhlər