Xəbər lenti

Ekspert: “Bəzilərinin yaltaqlığı, namussuzluğu, şərəfsizliyi...”
Ölkə14:46 09.01.2020

Ekspert: “Bəzilərinin yaltaqlığı, namussuzluğu, şərəfsizliyi...”

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"Öz gücünü qadınlar üzərində sınayan və qadını cinsi istismar obyekti görən "insan" düşüncəsinə qarşı mübarizə aparılmalıdır”.
Bunu Qaynarinfo-ya açıqlamasında təhsil eksperti Kamran Əsədov 10 yaşlı Nərmin Quliyevanın dəhşətli faciəsindən danışarkən deyib.
O, qeyd edib ki, zorakılığın qarşısının alınması fonunda əhəmiyyətli işlər görülməlidir: "Balaca Nərminin vəhşicəsinə qətlə yetirilməsi hadisəsi bir daha sübut edir ki, cəmiyyətimizdə qadına qarşı təcavüzün, zorakılığın qarşısının alınması fonunda əhəmiyyətli işlər görülməlidir. Ağrılı suallar cavabsız qalır: Nə vaxt bizim insanımız, cəmiyyətimiz bu qədər qeyri-insaniləşdi ki, belə əməllərin sayı artar oldu?! Bəlkə, bir az öz taleyimizə, cəmiyyətimizə, övladlarımızın gələcəyinə daha həssas yanaşaq?! Bəzilərinin yaltaqlığı, namussuzluğu, şərəfsizliyi, dünya malına hərisliyi, tənbəlliyi, qəddarlığı və digər qeyri-insani hisslərinə görə cəmiyyətimizin korlanmasına, insanlarımızın həyatının çətinləşməsinə laqeyd qala bilmərik. Belə tip insanları məktəblərdən, üniversitetlərdən, xəstəxanalardan, məhkəmələrdən, dövlət idarələrindən-ümumiyyətlə, cəmiyyətimizdən uzaqlaşdırıb, qanunla nəzərdə tutulmuş layiqli cəzalarına cəlb etməliyik. Balaca Nərminlərimiz üçün biz bu cəmiyyəti özümüz, sivil qaydada birliyimizlə inkişafa aparmalıyıq. Nağılların, əfsanələrin daşını atıb, səmimi şəkildə hamımız əlimizi daşın altına qoymalıyıq”.
Kamran Əsədov bildirib ki, bunun üçün ilk növbədə təhsil sistemində və qanunvericiliyində dəyişikliklər edilməlidir:
"Belə ki, icbari təhsil IX sinifə qədər yox, XI sinifə qədər olmalıdır. İmkan vermək lazımdır ki, IX sinifdən şagirdlər orta ixtisas təhsili müəssisələrinə qəbul olsunlar. Qəbul olmayanlar məcburi şəkildə təhsillərini davam etdirsinlər. Ali təhsil müəssisələrinə qəbul plan yerləri daha da artırılmalıdır. Gənclər nə qədər təhsil alsalar, cəmiyyətdə neqativ halların aradan qaldırılması istiqamətində o qədər irəliləyiş əldə olunacaq. Digər tərəfdən onları daima nəzarətdə saxlamaq üçün bütün azyaşlı şagirdlərə dövlət tərəfindən izləmə saatları müəyyən olunmalıdır”. 
Bahar Rüstəmli