"Elm və təhsil nazirini qınaya bilmərəm. Çünki onun əlində konkret statistik məlumatlar var. Nazir həmin statistikaya söykənərək həmin ifadəni işlədib. Açığını desək, lap yerində işlədilən ifadədir”.
Bunu Qaynarinfo-ya açıqlamasında təhsil eksperti Elçin Əfəndi elm və təhsil naziri Emin Əmrullayevin "Müəllimlərin sertifikasiya imtahanlarında iştirak edən 11 min müəllimdən 2 mini kvadratın perimetri veriləndə onun sahəsini hesablaya bilmir” fikirini şərh edərkən deyib. Ekspert deyir ki, bu gün bir müəllim primitiv məsələləri şagirdə izah edə bilmirsə, onlar orta məktəblərdə dərs deyə bilməz:
"Həmin müəllim bizim övladlarımıza niyə dərs deməlidir? Nə səbəbə? Nazirin qaldırdığı məsələ ibtidai təhsil pilləsini əhatə edir. Ümuniyyətlə, bu elə bir strateji pillədir ki, burada şagirdlər daha yaxşı təhsil almalıdırlar, onların təməl bilikləri burada daha yaxşı formalaşır. Əgər bu gün müəllim dərs dediyi sinifdə öz fənni ilə bağlı müəyyən bilik və bacarıqlara sahib deyilsə, o, qarşısında əyləşib təhsil alan şagirdə nə öyrədə bilər? Bu gün müəllim kvadratın perimetini hesablaya bilmirsə, o zaman həmin müəllim məktəbdə niyə işləməlidir? Təbii ki, bunun günahı bizim təhsil sistemimizdən qaynaqlanır. Bəzən belə məsələlərdə elm və təhsil nazirini günahlandırırlar. Amma bu adamın qətiyyən günahı yoxdur”.
Elçin Əfəndi deyir ki, həmin müəllimlər nazirin təyinatından öncə məktəblərdə işlə təmin olunublar:
"Yəni, hansı əsaslarla qəbul olunublar, necə qəbul olunublar, bu araşdırılmalıdır. Sertifikasiyadan keçirlməsi səbəbləri ondan ibarətdir ki, məhz bu cür məsələlərdən uzaq qalan, çağdaşlıqdan, təhsil islahatlarından və mövcud yenilklərdən xəbərsiz olan şəxslər təhsil prosesindən kənarda qalmalıdır. Hələ sertifikasiyada bir il şans verilir ki, yenidən imtahan versin ki, bəlkə gələn il keçə bildi. Əslində, bunun özü yanlışdır. Çünki burada kimlərəs müəyyən qədər şans tanınır. Məsələ ondan ibarətdir ki, biz beynəlxalq sistemə baxsaq, ibtidai təhsil pilləsində min gün anlayışı var. Bu, məhz, həmin dövr ərzində şagirdlərin daha yaxşı təhsil almasına hesablanır. Ona görə də biz bu təhsil pilləsində ən yaxşı müəllim heyətini toplamalıyıq. Amma yenə də biz ən yaxşı təhsil verəni cəlb etmək üçün onu yetişdirən ali təhsil müəssisəsinə baxmalıyıq. Bu gün pedaqoji yönümlü istisaslar üzrə təhsil verən universitetlərin ümumi bazalarını inkişaf etdirməliyik ki, onlar ali təhsil müəssisəsini bitirən zaman həqiqətən də qarşılarında oturan şagirdlərə bilk verə bilsinlər. Bundan sonra ixtisaslı kadrlar haqqında danışmaq olar”.

Elçin Əhəndi hesab edir ki, orta məktəblərdə primitiv məsələləri, sözlərin qramatik mənalarını bilməyənlər təhsildən uzaqlaşdırılmalıdır:
"Bu gün 4440-dan çox təhsil müəssisəsi var və 1 milyon 600 mindən çox şagird təhsil alır. Bunlara elə bir təhsil verilməlidir ki, cəmiyyətin qarşısına çıxanda bir şəxsiyyət kimi formalaşsınlar. Ancaq bu gün neqativ halların baş verməsində şagirdlərin iştirakı var. Ondan əlavə 1 milyon 600 mindən çox şagirdin təlim-tərbiyyəsində 150 min müəllim iştirak edir. Həmin müəllimin düzgün seçimi də vacib şərtdir. Əgər nazirin dediyi kimi, bir müəllim primitiv şeyləri bilmirsə, onlara şans verməli deyilik, biz onları təhsildən uzaqlaşdırmlıyıq. İkincisi, həmin müəllimlər hansısa yollarla - korrupsiya faktı, yaxud tanışlıq və s. təhsilə cəlb olunubsa, yenidən biz onları bu yollarla təhsilə qaytaracağıqsa, o zaman sertifikasiyanın da bir mənası qalmır. Ona görə bu məqamda nazir ortaya daha qətiyyətli yol qoymalıdır ki, kimlərinsə tapşırığı nəzərə alınmasın”.
Qeyd edək ki, elm və təhsil naziri Emin Əmrullayev mətbuata müsahibəsində bir qrup müəllimlərin bilik və bacarıqlarının aparılmasında müəyyən problemlərin olduğunu deyib.
Bahar Rüstəmli