
"Araşdırsan, 2902 nəfərin böyük əksəriyyəti yuxarı vəzifəli şəxslərin qohum-əqrabası çıxacaq"
"Qazaxstanda son 15 ildə 97 min gənc dövlət hesabına xaricdə təhsil alıb".
Qaynar.info xəbər verir ki, bu sözləri REAL hərəkatının icra katibi, iqtisadçı-ekspert Natiq Cəfərli təhsil naziri Mikayıl Cabbarovun dövlət hesabına xaricdə təhsil alan gənclərin statistikasını açıqlamasına münasibət bildirərkən deyib.
Mikayıl Cabbarov bildirib ki, "Azərbaycan Gənclərinin xaricdə təhsili üzrə Dövlət Proqramı" artıq 18 ildir ki, həyata keçirilməkdədir. Bu günə qədər proqram çərçivəsində 2902 nəfər xaricdə təhsil almaq hüququ qazanıb”.
Natiq Cəfərlinin sözlərinə görə, xaricə təhsilə göndərilən tələbələrin sayının son 18 ildə 2902 nəfər olması o deməkdir ki, ilə cəmi 161 gənc xaricə təhsil almağa göndərilib: "Dəhşətdir, 18 ildə 2902 nəfər, ilə cəmi 161 nəfər düşür. İqtisadiyyatı və siyasi sistemi bizə yaxın olan Qazaxstanda son 15 ildə 97 min gənc dövlət hesabına xaricdə təhsil alıb. İldə ortalama, 6465 nəfər. Hökumət xaricdə təhsil alan insanlara potensial təhlükə mənbəyi kimi baxır. Ona görə də, belə aşağı rəqəmlər alınır. Araşdırsaq, o 2902 nəfərin böyük əksəriyyəti yuxarı vəzifəli insanların yaxın qohum-əqrabası çıxacaq", - deyə iqtisadçı ekspert bildirib.
Qaynar.info