
“Yay düşərgələrinin bərpa olunması yox, yeni formatda təşkil olunması təhsilin inkişafında mühüm addım ola bilər”.
Bu sözləri Axar.az-a açıqlamasında təhsil üzrə ekspert Nabatəli Qulamoğlu yay düşərgələrinin bərpası məsələsinə münasibət bildirərkən deyib.
Ekspert yay düşərgələrinin bərpasının yox, məhz yeni formatda təşkilinin tərəfdarı olduğunu bildirdi: “Yay düşərgələri həm istirahət, həm də təlim deməkdir. Bu işə özəl təhsil sektorlarını cəlb etmək lazımdır. Azərbaycanda yay düşərgələrinin indiyədək olmamasının səbəbi özəl təhsil müəssisələrinin inkişaf etməməsindən qaynaqlanır. Çalışmaq lazımdır ki, Azərbaycanda özəl təhsil inkişaf etdirilsin. Onda yay düşərgələrinin təşkil olunması kimi maraqlı yenilik özü-özünə həyata keçəcək. Bu layihəni bərpa yox, yeni və müxtəlif formatda tətbiq etmək lazımdır. Hazırda dünyanın bir çox ölkələrində təhsil və təlim məqsədli yay düşərgələri mövcuddur. Bu, Azərbaycan üçün çox vacib və çoxdan həyata keçirilməli bir layihə olmalı idi”.
Nabatəli Qulamoğlu Azərbaycanda tədris ilində yay tətilinin uzunmüddətli olmasına da toxundu: “Bizdə yay tətilinin müddəti olduqca uzun olduğundan bu, məktəblilərin əldə etdikləri biliklərin yaddan çıxmasına səbəb olur. Təhsil Nazirliyi yay düşərgələrinin reallaşması üçün çalışır. Bu yenilik baş tutarsa, məktəblilərin istirahətlə yanaşı, biliklərinin də təkmilləşməsində unikal bir addım olacaq. Sadəcə olaraq, iradə nümayiş etdirmək lazımdır. Təhsil Nazirliyinin təhsilin inkişafında apardığı son islahatlar göstərir ki, yay düşərgələrinin yeni formatda təşkili layihəsi mümkündür. Çünki ölkənin maliyyə büdcəsi də buna imkan verir”.
Qaynar.info