Prezident İlham Əliyev Korrupsiyaya qarşı Mübarizə İdarəsinin yeni inzibati binasının açılışında korrupsiyanı Azərbaycanın "bəlası” adlandırmışdı. Bu sözlər 2013-cü ilin oktyabrında deyilib. Dövlət başçısı son aylar keçirdiyi müşavirə və qəbullarda da korrupsiyaya qarşı mübarizə mövzusuna toxunur, gərəkən addımların atılması üçün çıxışlar edir. Bu ilin oktyabrında iqtisadi sektoru əhatə edən hökumət üzvləri ilə keçirdiyi müşavirədə dövlət başçısı demişdi ki, korrupsiyaya, rüşvətxorluğa qarşı mübarizə iqtidarı tam qane edə bilməz.
Bu çıxışlardan sonra Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Dövlət Sosial Müdafiə Fondunun Saatlı və Sabirabad rayon şöbələrində güzəştli şərtlərlə yaşa görə əmək pensiyalarının təyin edilməsində qanunvericiliyin tələblərinə əməl edilməməsi faktını araşdırıblar. Məlum olub ki, hər 2 şöbənin müdiri qanunsuz pensiya təyin edib. Dövlətə vurulan ziyan 200 min manatdan bir qədər azdır.
Quba şəhər bələdiyyəsinin sədri vəzifəsini icra etmiş Dəstəbəy Tərlanovun da qanunsuz əməlləri Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırılıb. Bu haqda İdarəyə rayon sakini müraciətindən sonra tədbir görülüb. Yayılan rəsmi məlumatda deyilir ki, D.Tərlanovun xidməti səlahiyyətlərinin hüdudlarından açıq-aşkar kənara çıxmaqla Quba bələdiyyəsinə məxsus 2.5 sot torpaq sahəsini bələdiyyənin perspektiv inkişaf fonduna aid torpaq sahəsi kimi rəsmiləşdirməklə fərdi yaşayış evinin tikintisi məqsədi ilə ayrılmasını təmin etmək üçün rayon sakininin 1750 manat pulunu rüşvət kimi tələb edərək alıb. Bundan başqa vəzifə səlahiyyətlərindən sui-istifadə edərək "Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun tələblərini qəsdən pozaraq tanışlıq münasibətləri olan ayrı-ayrı şəxslərə hərrac və müsabiqə keçirilmədən qanunsuz olaraq bələdiyyəyə məxsus 3090 manat dəyərində 0,06 ha torpaq sahəsini sataraq bələdiyyənin mülkiyyətindən çıxarmasına şübhələr üçün əsaslar müəyyən edildiyindən Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Cinayət Məcəlləsinin 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə), 309.1 (vəzifə səlahiyyətlərini aşma) və 311.1-ci (rüşvət alma) maddələri ilə cinayət işi başlanıb. D.Tərlanov təqsirləndirilən şəxs qismində cəlb edilərək ona Cinayət Məcəlləsinin qeyd edilən maddələri ilə ittiham elan olunmaqla barəsində məhkəmənin qərarı ilə həbs-qətimkan tədbiri seçilib.
İdarənin son 1 həftə ərzində həyata keçirdiyi əməliyyatlar özlüyündə çox vacibdir. Bəs gerçəkləşdirilən antikorrupsiya tədbirləri Azərbaycanın "bəla”dan qurtulması üçün yetərlidirmi?
Fikrət Yusifov: "Korrupsiyaya bulaşmış məmuru, vəzifə sahibini fərq qoymadan həmən həbs etmək lazımdır”
İqtisadçı-alim Fikrət Yusifov deyir ki, ölkə başçısının son antikorrupsiya çağırışlarında bu məsələlər çox kəskin şəkildə qoyulub: "Uzun illər Rusiyada yaşamışam. Azərbaycanla Rusiya eyni məkanda yerləşdiyinə görə çoxlu oxşarlıqlar var. Rusiyada antikorrupsiya məsələsi çox kəskin şəkildədir. Məhkəmə sədri, prokuror, vilayət başçısı, iqtisadiyyat nazirini belə korrupsiya faktına görə həbs etdilər. Bu məsələlərdə Azərbaycan heç olmasa Rusiya variantına bənzər duruma çatmalıdır”.
Fikrət Yusifov deyir ki, korrupsiya ilə bağlı kəsərli mübarizə aparmaq zamanıdır: "Təbii ki, biz məsələdə sərt mövqedə dayanmalıyıq, tutduğu vəzifədən asılı olmayaraq cəmiyyətə örnək olsun deyə kimliyindən asılı olmayaraq, tutduğu vəzifədən asılı olmayaraq korrupsiya əməlinə bulaşanlar həbs edilməli, cəzaya çatdırılmalıdır”.
Fikrət Yusifov deyir ki, prezident ortaya sərt mövqe qoyub: "Bu mövqeyə istinad etməklə ciddi addımlar atılmalıdır, vəzifəsindən asılı olmayaraq korrupsiyaya bulaşmış məmuru, vəzifə sahibini fərq qoymadan həmən həbs etmək lazımdır. Başqa seçim olmamalıdır. İnanıram ki, bu olacaq, artıq cəmiyyətdə bu cür halların, bu fəaliyyətdə olan məmurların qıcıq yaratdığını görməmək mümkün deyil”.
Fikrət Yusifov deyir ki, bu gün vəzifə sahiblərinin avtomobil parkına nəzər salmaq kifayətdir ki, onların fəaliyyətləri haqda təsəvvür yaransın: "Elə icra başçısı, elə nazir var ki, özünün, ailə üzvlərinin ixtiyarında olan maşınların toplam qiyməti 1 milyon manatı aşır. Belə faktlar var. Hesab edirəm ki, bundan sonra antikorrupsiya tədbirləri daha ciddi şəkildə aparılacaq, cəmiyyətdə tərbiyəvi rol oynayacaq. Vəzifələr daimi dəyişir, kimlərsə vəzifələrindən gedir, onları əvəzləyən gənclər üçün yaxşı nümunə sərgiləmək vacibdir. Onlar bilməlidir ki, fəaliyyətləri qanundan kənar olmamalıdır. Bu əməllərə qol qoyanlar cəzalarını almadılarsa, onların yerinə təyin olunanlar da baxıb düşünəcəklər ki, bu cür əməllərə qol qoymuş şəxslərə nə etdilər ki, mənə də nə etsinlər. Bu formula ortada qalır. Ona görə hesab edirəm ki, antikorrupsiya tədbirləri daha sərt olmalıdır”.
Əkrəm Həsənov: "Belə olmasa ölkədə korrupsiya cinayətlərinin qarşısını almaq çətin olacaq”
Hüquqşünas-ekspert Əkrəm Həsənov deyir ki, ümumilikdə Azərbaycanda dövlət büdcəsindən ayrılan vəsaitlərə nəzarət mexanizmi nə qədər şəffaf olarsa, antikorrupsiya tədbirləri də o qədər effektiv olar: "Büdcə pullarına ictimai nəzarət güclənməlidir. Büdcə vəsaitinə nəzarət etmək üçün yaradılan qurumlar nəzarəti həyata keçirə bilmirlər və ya bunu etmək istəmirlər. Əvvəllər də demişəm, belə qurumaların əvəzinə bir sayt yaradılsın və həmin sayta büdcədən ayrılan vəsaitlərin necə xərclənməsi haqda məlumatlar yerləşdirilsin. Konkret rayonundakı icra hakimiyyəti büdcə vəsaiti hesabına alınan malları haradan, neçə alması haqda ayda 1-2 dəfə məlumat yerləşdirsin. Bu gün büdcədən maliyyələşən elə təşkilatlar var ki, adi 30-40 qəpiklik qələmi 3-4 manata rəsmiləşdirirlər. Büdcə təşkilatlarında korrupsiya cinayəti də adi haldır. Nə qədər büdcə vəsaitlərinin xərclənməsi örtülü bazar olacaqsa, belə hallar da var olacaq. Antikorrupsiya tədbirlərinin səviyyəsi də xırda vəzifə sahiblərini aşmayacaq”.
Əkrəm Həsənov deyir ki, Azərbaycanda var-dövlətin mənşəyini sübut edə bilməmək cinayət sayılmır, odur ki, məmurlardan, iri ranqlı vəzifə sahiblərindən mal-mülklərinin mənşəyini rəsmi qaydada təqdim etmələri də tələb edilmir: "Böyük Britaniyada 50 min funt-sterlinqdən artıq olan əmlak barədə mənbəyinin göstərilməsi tələb olunur. Beynəlxalq Bankın sabiq rəhbəri Cahangir Hacıyevin xanımı Zamirə Hacıyevaya qarşı bu qanun əsasında iş qaldırıldı. Bizdə isə bununla bağlı heç bir norma yoxdur. Heç Azərbaycanda dövlət məmurlarının gəlir bəyannaməsi təqdim etməsi qaydası da yoxdur. Daha doğrusu, bununla bağlı müəyyən işlər görülsə də, uzun illərdir proses yubadılır. Əksər ölkələrdə dövlət məmurları illik gəlir-xərcləri barədə bəyannamə təqdim edirlər. Oradan bilinir ki, kim nə qədər gəlir əldə edib. Azərbaycanda isə bu olmadığı üçün kimin gəlirinin nə qədər olduğu, nə qədər xərcləməyə imkan verdiyi bilinmir”.
Ə.Həsənov deyir ki, Azərbaycanda maliyyə amnistiyası verilməli, bundan sonra olduqca sərt antikorrupsiya addımları atılmalıdır: "Bu günə qədər oğurlanan pullara amnistiya verməlidir. Bundan sonra büdcədən pul oğurlayanlar isə çox ciddi şəkildə cəzalandırılmalıdır, əmlakları müsadirə edilməlidir. Belə olmasa ölkədə korrupsiya cinayətlərinin qarşısını almaq çətin olacaq. Hər yeni yaradılan nəzarət qurumu əlavə korrupsiya cinayətinə yol açır, korrupsiyanın miqyasını daha da böyüdür. Korrupsioner bir yoxlayıcını yola salmaq üçün 5 manat xərcləyirsə, hər ikisinə nəzarət edənə - həm yoxlayıcıya, həm də yoxlanan quruma - 5 yox, 15 manat verməli olur. Nəticədə büdcədən 10 manat deyil, 30 manat oğurlanır. Bu gün Azərbaycanda olan böyük bizneslərin sahiblərinin əksəriyyəti ilkin kapitallarını düz yolla qazanmayıblar. Ümumiyyətlə isə bütün dünyada ilkin kapital həmişə şəffaf olmayıb. Çıxış yolu kimi maliyyə amnistiyası verilib. Azərbaycanda da gec-tez belə bir amnistiya verilməlidir ki, əllərində böyük maliyyə cəmləşdirən məmurlar kölgədən çıxsınlar, lerikli çobanın, İranla sərhədyanı kənddə yaşayan fermerin adına şirkət rəsmiləşdirməsinlər. Korrupsiyadan uzaq olsunlar”.
Mənbə: Musavat.com