Mart ayıdır... Hələ nə yaz gəlib, nə də çiçəklər açıb. Heç meyvələrin tumurcuq nişanələri də yoxdur. Amma qışın bu oğlan çağında Bakı mağazalarında 130-150 manata gilas satılır. Baxırsan, üzündən tər tökülür, sanki bu saat ağacdan üzülüb, bir-bir səbətlərə yığılıb. Hələ dadını, faydasını demirəm. Onu bir yeyənlər bilər, bir də satanlar.
Meyvələrin haqqında eşitdikcə marağım birə-beş artdı. Odur ki, yolumu Bakıdakı xarici ölkələrdən gətirilən ekzotik meyvələrin satışı ilə məşğul olan mağazaların birindən saldım. Mağaza deyil e, sanki şəfa ocağıdır. Alıcının beşi girir, beşi çıxır. Demək olar, satıcı bir an bekar dayanmır.
Hiss olunurdu ki, satıcı alıcılarını tanıyır. Alıcı mağazaya girib danışmamış satıcı onun istədiyi meyvələri paketləyirdi. Anladım ki, bunlar mağazanın daimi müştəriləridir. Mağazada bütün meyvələr soyuducularda və qablaşdırlmış şəraitdə saxlanılır. Səliqə-səhmana da söz ola bilməz.
Ara-sıra qulağıma müştərilərin pıçıltıları da gəlirdi: "Birini yeyirsən, bədənindəki bütün infeksiyalar ölür... Aralarında bəziləri var ki, xərçəng xəstəliyinin dərmanıdır, bəziləri tökülən saçı, qırılan dırnaqları bərpa edir... Amma biri də var ki, başdan-ayağa ehtirasdır”.
Mağaza sahibi Əşrəf Şixəliyev 3 ildir ki, bu fəaliyyətlə məşğul olduğunu dedi:
"Məqsədimiz Asiyada yetişən meyvələri Azərbaycana gətirməkdir. İşə ilk öncə internet üzərindən başladıq. Sifarişlər günbəgün artırdı. Görəndə ki, qısa müddətdə internet üzərindən olan alıcılarımızın sayı çoxalır, qərara aldıq ki, ekzotik meyvələrin mağazasını açaq. İki ildi ki, bu mağazanı qurmuşuq. Düzdür, mağaza şəhərin mərkəzində deyil. Amma şükürlər olsun ki, yetərinə alıcımız var”.
Mağaza sahibi Asiya ölkələrində yetişən meyvələrin böyük əksəriyyətinin müalicəvi vasitə olduğunu qeyd etdi:
"Müştərilərimiz çox məmnundur. Kimi meyvələrin dadına, kimi faydasına, kimlərsə də bir növ adət edib, bu meyvələri yemədən qala bilmirlər. Bəzi meyvələr çox dadlı və faydalıdır. Vütamin kompleksi yerli meyvələrdən fərqlənir. Asiya ölkələrinə səyahətlər zamanı görürdüm ki, insanlar bu meyvələrdən müalicəvi dərman vasitəsi kimi istifadə edir. Məsələn, Quanabana meyvəsi xərçəng xəstəlyi olan xəstələr üçün dərmandır. Bunu çoxları Azərbaycanda bilmir”.
Azərbaycanda ekzotik meyvələrin alıcıları 3 hissəyə bölünür. Birincisi, hamilə qadınlardır. Hansı ki, onlar 9 ay müddətində bu meyvələrə təlabat duyurlar. Elşən Sıxəliyev deyir ki, hamilə xanımlara həmişə 20% endirim kampaniyası var. Hamilə qadınların çiyələk, gilas, şaftalı, qarpız və s. təlabatı var. İkinci kateqoriyada azyaşlı uşaqlardı. Onlar bu meyvələri internet üzərindən görürülər. Üçüncü kateqoriyada isə ekzomeyvələrin hədiyyə paketləri kimi alınmasıdır.
Mağaza sahibi vurğuladı ki, ekzomeyvələrin hədiyyə paketləri 60-600 manat arasında dəyişir. Bundan əlavə, ekzomeyvələrin satışı kiloqramla deyil, dənə ilə həyata keçirilir:
"Mağazanın bir fərqi də var. Burada satış ədədlədir. Hətta xırda meyvələr belə ədədlə satılır. Meyvə var bir ədədi 50 qəpik, meyvə də var 500 manatdır. Meyvə tez xarab olur. Jackfruit dünyanın 3 ölkəsinin ən dadlı meyvəsi hesab olunur. Meksikadan Azərbaycana gələnə kimi 3 təyyarə dəyişir. Bu meyvənin ən balacası 8 kiloqramdır. Kloqramı 48 manatdır”.
Eləcə də 1001 dərdin dərmanı - Qara sarımsaq, təbii antibiotikdir, soyuqdəymənin profilaktikasıdır. Mədə-bağırsağa ən ideal köməkdir. Şəkər xəstəliyinin təbii dərmanıdır.
Ənginar (Аrtişok) dünyada ən faydalı bitkilərdən biridir. Vətəni Şimali Afrikadır, 1 ədədi 5 manatdır. Qara ciyərin təmizlənməsi üçün ən effektiv vasitədir. Şiş və onkoloji fəsadların inkişafını dayandırır.
Dünya reytinqinin 3 ən dadlı meyvəsindən biri olan - King Manqo (Günəşin yumurtası). Yalnız Cənubi Amerika - Peruda yetişən bu möhtəşəm manqo növü dünyada ən şirin və bəyənilən çeşid hesab olunur.
Mağaza sahibi əlindəki qutunun ağzını açdı, "adı Marakuyya (Passion Fruit), bizdə ona Ehtiras meyvəsi deyirlər. Vitamin B, C, E, K, H, dəmir, kali, maqni, kükürd deposudur” deyə meyvə haqqında məlumat verdikcə yadıma alıcıların pıçıltı ilə danışdıqları sözləri düşdü: "Amma biri də var ki, başdan-ayağa ehtirasdır”.
Əşrəf Şixəliyev deyir ki, bu meyvələrin ömrü bir həftədir: "Bizdə vaxtı keçən mal olmur. Hamilə və azyaşlılara xarab meyvə vermək olmaz. Bayramlarda meyvəyə təlabat olduğundan alıcılarımızın sayı çoxalır. Bundan əlavə, "meqa” bahalı meyvələr var ki, onları Azərbaycana gətirməmişəm. Ola bilsin ki, kimlərsə gətirib. Məsələn, dünyada qarpız var ki, biri 6 min dollardır. Həmin qarpız Yaponiyada yetişdırilir. Yaponiyada ən bahalı hədiyyələrdən hesab olunur. Ondan bahalı yemiş isə "Yubarı”dir. 1 ədədi 16 min dollaradır”.
Mağaza sahibi danışırdı, amma mənim fikirim Yaponiyada yetişən qarpızla yemişin qiymətində qalmışdı. Öz-özümə düşünürdüm ki, bizim bir ömür xəyal edib, amma hələ də qura bilmədiyimiz evin qiymətinə qarpız, yemiş hədiyyə edənlər var. Çıxanda satıcıya dedim ki, 16 min dollarlıq hədiyyə paketini qəbul etmək bir yana, onu kəsməyə bizimkimilərin əli gəlməz...
Bahar Rüstəmli
Şərhlər