Xəbər lenti

“Elçibəyin hünəri çatmadı intihar etsin” - FİKİR AYRILIĞI
Ölkə11:04 05.02.2014

“Elçibəyin hünəri çatmadı intihar etsin” - FİKİR AYRILIĞI

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Son dövrlər cəmiyyətdə intihar və depressiya hallarının artması müşahidə olunur.

Maraqlıdır, görəsən, tanınmış şəxslər depressiyaya düşəndə bu mənəvi böhranı necə keçirirlər? Heç intihar etmək barədə düşünənlər olubmu?

Politoloq Hikmət Hacızadə Qaynar.info-ya açıqlamasında bildirdi ki, hamı kimi onda da depresiya halları olur: “Stressə, depressiyaya hamı düşür. Əlbəttə, bəzi “xod gedən” adamlar var ki, heç vaxt depressiyaya düşmür, amma insanların əksəriyyəti bu vəziyyətə düşür. Xüsusilə də sıxıntılar, çətinliklər olanda... Yəni bizim ölkədəki kimi...

Depressiyaya düşən adam tək qalmamalıdır. Adamın gərək dostu, kampaniyası olsun, qohum-qardaşı olsun və onlar adamın tək qoymasın, problemlərini bölüşsün. Bundan başqa, həkimə getmək vacib məsələdir. Üçüncü məsələ odur ki, yaxşı dostlarla oturub yeyib-içəsən, "vurasan". Mən belə vəziyyətdə dostlarımın-qohumlarımın yanında oluram və problemlərimi bölüşməyə çalışıram”.

"İntiharın az olması bizim əxlaqsızlığımızdan və prinsipsizliyimizən xəbər verir"

Yazıçı Seymur Baycan bizdə depressiya və sıxıntıların, əksərən, imitasiya xarakterli olduğunu söylədi: “Bu mövzu həddindən artıq ağır və intim mövzudur. Telefon söhbəti deyil. Bunu gərək oturub yazasan, saatlarla danışasan. Kədərdir, tənhalıqdır və bu kimi digər ağır iztirablardı, bunların imitasiyası olmaz. Varsa, artıq var, yoxdursa, bunu heç bir halda imitasiya etmək olmaz. Edənlər var, ancaq onlar gülməli görünürlər. Məsələn, iranlı və türk sənət adamları, ümumiyyətlə iranlılar və turanlılar, bunların işləri-gücləri kədəri, iztirabı imitasiya etməkdir. İndi biz ki, xalq olaraq çıxmışıq ortalığa, yarı ondan ibarətik, yarı bundan. Yarımız türk kanallarına baxır, yarımız İran kanallarına. Təəssüf ki, bu iranlılarla turanlıların harda axmaq xasiyyəti var, bizim canımıza keçib. Depressiyanı və iztirabı imitasiya etmək bu xasiyyətlərdəndir".

Seymur Baycan intiharla bağlı da maraqlı fikirlər söylədi: “İntiharlara gəlincə, mən istəyirəm intiharların sayı artsın, çoxalsın intiharlar. İntiharın az olması bizim əxlaqsızlığımızdan və prinsipsizliyimizən xəbər verir. Baxın da, 20 ildir müxalifət mübarizə aparır, bir nəfər müxalifət düşərgəsində intihar etməyib. Bu, bunların prinsipsizliyidir. Sovetlər hakimiyyəti çökdü, o boyda sistem çökdü, marksizmdən dərs deyən adam gedib "Hacı" oldu. Dünən özünü sovet şairi adlandıran, bu gün millətçidir. Bir nəfər bu dəyişikliklərdən sarsıntı keçirmədi, intihar da olmadı. Bu prinsipsizlikdən və əxlaqsızlıqdan irəli gəlir. Çünki həyatın elə bir dönəmi var ki, insan o an öz ləyaqətini ancaq həyatı ilə sübut edə bilər. Bunu edən insanlar var. Bizdə isə yoxdur. Ona görə də nə qədər ki, gec deyil qoy özlərini öldürməyi öyrənsinlər”.

Yazıçı özünün depressiyadan çıxış yollarından da danışdı: “Bu bir az intim məsələdir. Əlbəttə, depressiya keçirdirəm, amma heç vaxt kədəri imitasiya etmirəm. Doğurdan da, problemim olubsa, o mənim ruhi halıma təsir edib. Zorən özümü kədərli göstərmirəm, “Mən fikirliyəm, mən kədərliyəm” kimi görünüş yaratmıram. Xüsusən bizim qızlarda belə hallar çox düşüklük halını alıb. Güya emosional stabillikləri pozulub, qəflətən sakit durduqları yerdə kədərlənirlər, sonra birdən şənlənirlər. Hamısı imitasiyadır, kənardan gülməli görünür. Düzdür, həyatda kədər var, iztirab var, real hadisələr var. Təəssüf ki, bunlar hər zaman olduğu kimi “günəşi” tərsinə başa düşürlər.

Mən depressiyadan daha çox işləməklə çıxıram. Həkim dostlarım da var, amma mən həkimlərdən qorxuram. Çünki ədəbiyyatla həkimlər yola getmir.

Bəzən təbiətə çıxıram. Şəxsi təcrübəmə əsasən deyim ki, depressiyadan çıxmaq üçün ən yaxşı vasitə işləməkdir. İçində olan hissləri, duyğuları yaradıcılığa yönəldə bilsən, bundan həm ətrafdakılar yararlanar, həm sən işinin nəticəsini görürsən.

Ən pis şey mənə görə bekarçılıqdır. Bu yaxınlarda intiharlar və yaradıcı insanların həyatı ilə bağlı bir kitab oxudum. Burda həmin insanların yaşadıqları coğrafi, sosial şərait və digər nüanslar göstərilmişdi. Məsələn, sovet vaxtında Gürcüstanda 2 şair intihar etmişdi. Biri dostlarının əleyhinə donos yazmamaq, o biri Boris Pasternakın əleyhinə aparılan kampaniyaya qoşulmamaq üçün. İkinci şairin Pasternakla münasibəti olub, şeirlərini tərcümə edib. Həmin o kampaniyada iştirak etməmək üçün özünü güllələmişdi. Amma bizdə bilirsiz həmin o kampaniyaya kim rəhbərlik edib?! - Rəsul Rza. Bax fərq bundadır. Ona görə də gürcülər azad oldular, biz hələ də qalmışıq yerimizdə.

Bu məsələ cəmiyyətin şüuruna, azadlığına, ideyalara, əxlaqa, prinsiplərə nə qədər sadiq və ya qeyri-ciddi yanaşdığının nəticəsidir. Azərbaycan siyasətində intihar halının olmaması, burada siyasətə nə qədər qeyri- ciddi yanaşmanın göstəricisidir. Azərbaycanın fikir adamları adamları arasında intiharın olmaması cəmiyyətin əxlaqsızlığından xəbər verir. Bizim komandirlər zabiti təhqir edir, zabitin hünəri çatmır ki, başına bir güllə vursun. Xalq hərəkatının lideri Elçibəy qaçır kəndə, hünəri çatmır ki, özünü öldürsün. Həm bizi xilas etsin, həm özünü. Hitler intihar etdi. Təsəvvür edə bilirsən, sovet qoşunları Hitleri gətirirlər “Qızıl meydan”a, onu alçaldırlar, ələ salırlar?! Adam tarixdən utanardı, tarix biabır olardı. Hitler özünü öldürdü, ancaq Şeyx Şamil edə bilmədi”.

"Depressiyaya xəstəlik kimi baxmaq olmaz"

Media Forum saytının baş redaktoru, yazıçı-publisist Azər Qaraçənli bildirdi ki, depressiya elə bir haldır ki, mən inanmıram hansısa insan belə bir hala düşməsin. Bu ümuminsani xüsisyyətdir. Hər kəs hansısa dövrdə depressiyaya düşür. Ümumilikdə uzunmüddətli və dərin depressiyalar insanın psixologiyasında problemlər yarada bilər. Bu cür dərin həddə gəlib çıxmayan depressiyalar insan üçün normal haldır. Depressiyaya xəstəlik kimi baxmaq olmaz. Mən özüm də həyatımda dəfələrlə depressiyaya düşmüşəm. Bu insanın müəyyən yaş dövrü ilə də, öz həyatında və ətrafında baş verən hadisələrlə də bağlı ola bilər. Mən özümə nibkinlik aşılamaqla depressiyadan çıxıram. Böyük yazıçıların həyat eşqi olan əsərlərini oxuyuram, pozitiv filmlərə baxıram.  İnsan xarakteri elədir ki, o, depresiyaya düşür və bu durumdan da öz- özünə çıxır. Ola da bilər ki, nəsə başqa hadisə baş versin və insanın fikrini dağıtsın”.

Pərviz
Qaynar.info