Bakı Hərbi Məhkəməsində hakim Elbəyi Allehverdiyevin sədrliyi ilə ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Baş İstintaq İdarəsinin sabiq rəisi Mövlam Şıxəliyev, İstintaq İdarəsinin rəis müavini, 1-ci şöbənin rəisi Yasin Məmmədov, 2-ci şöbənin rəisi, polkovnik Vüsal Ələkbərov və metodiki yardım və kriminalistika şöbəsinin rəis müavini Sahib Ələkbərovun cinayət işi üzrə məhkəmə prosesi davam edir.
"Maskalıların yanına aparılacaqsan”
Qaynarinfo xəbər verir ki, bu dəfəki prosesdə zərərçəkən qismində Nizami Kazımov sərbəst ifadə verib. Deyib ki, 1992-ci ildə Naxçıvandan Bakıya köçərək sahibkarlıq fəaliyyətinə başlayıb. Rusiya və Ukraynadan tikinti materialları, ərzaq məhsulları gətirərək topdan satışı ilə məşğul olub. Quru meyvə yağlarının istehsalına başlayıb və "BİOİL” MMC-ni təsis edib:
"2008-ci ilin Qurban bayramı günü idi. Telefonuma tanımadığım şəxs zəngdən zəng gəldi. Özünü təqdim etmədən dedi ki, saat 3-də Milli Təhlükəsizlik Nazirliyinə gəl. Deyilən vaxt ora getdim. Nəzarət buraxılış məntəqəsində araşdırdılar, dedilər ki, nazirliyin Baş İstintaq İdarəsi tərəfindən çağırılmısız. Məni 6-cı mərtəbədə yerləşən istintaq idarəsinin 2-ci şöbəsinin müdiri Vüsal Ələkbərovun xidməti otağına apardılar. Otağa girən andan Vüsal Ələkbərov olduqca aqressiv və kobud danışırdı. Burada quzu balası kimi oturmağına baxmayın, MTN-də özünü küçə uşağı kimi aparırdı. Mənə deyirdi ki, 3 milyon verməlisən, yoxsa həbsə gedəcəksən. Soruşdum ki, nə etmişəm, həbsə də gedim? Dedi ki, görəcəksən nə etmisən. Məndən ifadə aldı. Kürəkənim Samirin "Texnikabank”da adına əmanət qoyduğu 1 milyon 120 min dollar vəsait barədə soruşdu. Dedim ki, pulu kürəkənimin adına hesaba xərcləməsi üçün qoymuşam. Vüsal Ələkbərov qışqırıb bağırırdı ki, guya "Texnikabank” əməkdaşları ilə cinayət əlaqəsinə girmişəm, kürəkənimin adına qoyduğum pulu da mənimsəmişəm.
Elə oradaca qərar qəbul edib məni şübhəli şəxs kimi tutdu. Milli Təhlükəsizlik Nazirliyinin İstintaq Təcridxanasında 2 gün saxladılar. Məndən heç kim şikayətçi olmadığı halda, barəmdə ərizə, şikayət yox ikən, hər hansı şəxsi aldatmadığımı bilə-bilə Cinayət Məcəlləsinin dələduzluq maddəsi ilə ittiham elan etdilər. Səbail Rayon Məhkəməsinə aparıdılar. Barəmdə 3 ay müddətinə həbs qətimkan tədbiri seçildi. Həbsdə olduğum müddətdə Vüsal Ələkbərov təxminən 20 dəfə məni öz xidməti otağına gətizdirdi. Deyirdi ki, 3 milyon dollar ver, barəndəki cinayət işini xitam edək. Hər dəfə Vüsala deyirdim ki, o qədər pula imkan yoxdur. İsrarla deyirdi ki, rəhbərliyin göstərişi belədir, pulu verməlisən. 8 ildən 12 ilədək cəza kəsiləcəyi ilə hədələyirdi. Pulu Eldar Mahmudov istəyir, Mövlam Şıxəliyev isə tələb edirdi.
Həbs ediləndən 15-20 gün sonra məni o zaman Baş İstintaq İdarəsinin rəisi olan Mövlam Şixəliyev xidməti otağına çağırdı. Baxın burada necə bir küncə qısılıb, amma orada şir-pələng idi. Vəkilimi də yanıma çox çətinliklə buraxırdılar. Mövlam otağında saymazyana şəkildə, əmr edirmiş kimi dedi ki, Vüsalın dediyi məbləği, yəni 3 milyon dolları verməlisən. Dedim ki, həmin məbləği ödəməyə imkanı yoxdur. Mövlam Şixəliyev də Vüsalın dediyini təkrarladı, dedi ki, pulu verməsən, səni 8 ildən 12 ilədək azadlıqdan məhrumetmə cəzası gözləyir. Mövlam Şıxəliyevə qəti şəkildə dedim ki, mənim o qədər pulum yoxdur.
Bundan sonrakı görüşlərdə Vüsal Ələkbərov 2 milyon dollar tələb etməyə başladı. Dedim ki, həmin pulu da ödəyə bilməyəcəm. O günlərdə vəkilim Osman Kazımovla müqavilə bağladım. Onun hüquqi xidmətindən istifadə etmək istədim. Vüsal Ələkbərov biləndə ki, Osman Kazımov vəkilimdir, ondan imtina etməyim üçün təzyiq etməyə başladı. Buna etirazımı bildirdim və onun xidmətindən imtina etməyəcəyimi dedim. Bundan sonra Vüsal Ələkbərov məni Mövlam Şixəliyevin yanına apardı. Birləşib təkidlə məndən Osman Kazımovdan imtina etməyimi tələb etdilər. Bir müddət təzyiqlərə tab gətirib vəkildən imtina etmədim. Lakin sonradan sağlamlığım pozulmuşdu deyə məcburiyət qarşısında Osman Kazımovla istintaq təcridxanasında görüşən zaman ona vəziyyəti izah etdim. Vəkil israrla deyirdi ki, bu cinayətkarlara tələb etdikləri pulu vermə, səni qanunsuz həbs ediblər. Məcbur olub azad edəcəklər. Sonradan Vüsal Ələkbərov məcburiyyət qarşısında məndən imtina ərizəsi aldı.
Həbs edildikdən təxminən 45 gün sonra Mövlam Şıxəliyev məni növbəti dəfə öz xidməti kabinetində qəbul etdi. Yenə də pul söhbəti elədi, dedi ki, Vüsalın tələb etdiyi 2 milyon dolları verməlisən. O qədər pul verə bilməyəcəyimi dedim. Mövlam Şıxəliyev də dedi ki, başına torba geyindirib maskalıların yanına aparılacaqsan, 12 il həbsdə yatızdıracağıq. Başa düşdüm ki, maska geyinmiş xüsusi təyinatlı dəstə tərəfindən döyülməni nəzərdə tutur. Amma yenə də pulu ödəməyə razılaşmadım. Vüsal Ələkbərovun otağına gəldik. Orada Vüsal da qara maskalılar söhbətini elədi. Dedi ki, razılaşmasan, söhbəti səninlə onlar, yəni maskalılar edəcək.
Həmin günlərdə qardaşım Arzu Kazımov MTN-nə Mövlam Şixəliyevin yanına gedib. Söhbət əsnasında Mövlam Şıxəliyev qardaşıma deyib ki, Nizaminin taleyi Eldar Mahmudovluqdur. Qardaşım Eldar Mahmudovun da qəbuluna gedib. Eldar Mahmudov qardaşımın yanında Mövlam Şixəliyevlə telefonla danışandan sonra Arzuya deyib ki, qardaşının həbsdən çıxarılması ücün onun istədiyini verməlisiz”.
"Rəis razılıq verib, 1 milyon dolları gətir”
Zərərçəkən deyib ki, 2008-ci ilin noyabr ayının sonlarında artıq səhhətində ciddi problemlər yaranıb:
"MTN-də şəkərli diabet xəstəliyinə tutuldum. Həbsdən azad ediləndən sonra ürəyimdən açıq əməliyyat olundum. Səhhətimdə yaranmış problemlərlə əlaqədar özümü yaxşı hiss etmirdim. Vüsal Ələkbərovun təhdidlərinə artıq dözə bilmədim. Məcbur olub Vüsal Ələkbərov və Mövlam Şixəliyevin tələb etdikləri 2 milyon dollar pulu verməyə razılaşdım.
Dedim ki, pulu dərhal ödəyə bilməyəcəm. Pulun bir hissəsini ödəyib azadlığa buraxılmağımı, qalan hissəsini isə müəyyən vaxt ərzində toplayıb verməyə şərait yaratmalarını istədim. Vüsal Ələkbərov Mövlam Şixəliyevlə danışdı, mənə də dedi ki, rəis razılıq verib, 1 milyon dolları gətir, barəndəki həbs qərarı ev dustaqlığı ilə əvəz ediləcək. Qalan 1 milyon dolları ödəmək üçün 4-5 ay vaxt verdilər. Vüsal Ələkbərov dedi ki, pulu ödəyəndən sonra barəndəki cinayət işinə xitam veriləcək. Vüsal Ələkbərovla razılaşdıqdan sonra qudama məktub yazdım, qohum-əqrəbadan 1 milyon dollar pulu yığıb mənə çatdırmağı xahiş etdim”.
Zərərçəkənin sözlərindən bəlli olub ki, bundan sonra kürəkəni ona məxsus olan "Mercedes Benz S klass 500”, "BMW 745” və "Lexus 470” markalı avtomobilləri bazar qiymətindən çox aşağı qiymətə satıb:
"Həmin maşınların alışına 600 min dollara yaxın vəsait xərcləmişdim. Maşınlar faktiki olaraq yarı qiymətdən aşağı satıldı. Maşınların satışından 250 min dollar pul toplanmışdı. 325 min dollar pulu qardaşım Niyazi Kazımov vermişdi. Qalanını da qudam Tahir düzəldib gətirmişdi. Ümumilikdə 1 milyon dollar pul toplamışdılar”.
"Banka qoyulan pulun adını çəkmə”
Zərərçəkən deyib ki, 3 dekabr 2008-ci ildə kürəkəni Samir, qudası Tahir, sürücü Vüqar və Samirin işçisi Şahin pulu özləri ilə götürüb Milli Təhlükəsizlik Nazirliyinin inzibati binasının yanına gəliblər:
"Vüsal Ələkbərova pulu Samir verib. Vüsal pulu alandan sonra məni yanına çağırdı, dedi ki, Samirdən 1 milyon dolları pulu alıb, məni də məhkəmədən ev dustaqlığı qərarını alıb buraxacaq. Belə də oldu. Həmin gün axşam İstintaq Təcridxanasından buraxıldım. Növbəti gün Vüsal məni Milli Təhlükəsizlik Nazirliyinə çağırdı, başqa yerə getməmək haqda iltizama imza atırdı. Burada sakit oturmağına baxmayın, MTN-də oturuşu, yerişi göyə-yerə sığmırdı. Amiranə şəkildə dedi ki, 1 milyon dollar pulu da 4-5 ay ərzində tap gətir.
Mən həmin pulu kürəkənimin adına hesaba qoymuşdum ki, istədiyi vaxt xərcləsin. Pulu "Texnikabank”a 2007-ci ilin yanvar ayında 1 milyon 120 min dollar kimi qoymuşdum. Lakin dolların məzənnəsinin aşağı düşdüyünü görüb Samirə tapşırdım ki, pulu götürsün və avro kimi yenidən banka qoysun. Samir də 1 milyon 120 min dollar pulu həmin günün məzənnəsi ilə avroya çevirərək 704 min avronu yenidən öz adına "Texnikabank”a qoymuşdu. Bunları niyə deyirəm. Məni qanunsuz olaraq həbsə edəndən və hədə-qorxu ilə 2 milyon dollar tələb edəndən sonra bunlara dedim ki, imkan verin, kürəkənin adına olan pulu götürək, sizə verək, əl çəkin. Mövlam Şixəliyev dedi ki, banka qoyulan pulun adını çəkmə, həmin pulların sizə aidiyyatı yoxdur, onların yiyəsi var. Vüsal Ələkbərov həmin puldan imtina etməyim barədə məndən ərizə aldı".
Zərərçəkən Vüsal Ələkbərova 1 milyon dolları hissə-hissə ödəməsini məhkəmədə belə xatırlayıb:
"2009-cu ilin fevral ayında Vüsal Ələkbərov zəng elədi, dedi ki, "Qələbə kruqu”na gəl, pul gətir. Ora getdim, deyilən yerdə görüşüb 150 min dollar verdim. 1 ay sonra, yenə də zəng elədi. Dost-tanışdan 280 min dollar borc alıb aparıb Vüsala verdim. Apreldə yenə də Vüsal Ələkbərov zəng elədi, pul istədi. Bu dəfə 300 min dollar, 1 ay sonra, 2009-cu ilin mayın sonlarında Vüsal Ələkbərova 200 min dollar vermişəm. Axırıncı dəfə Milli Təhlükəsizlik Nazirliyinin yanında görüşüb 70 min dollar da verdim. Vüsal Ələkbərov məni xidməti otağına dəvət etdi, çay içib söhbət etdik. Bilirdi ki, baş verənlərdən narazıyam, elə danışırdı ki, guya heç bir günahı yoxdur. Ertəsi gün Vüsal zəng etdi, barəmdəki saxta cinayət təqibinə xitam verildiyini dedi. Qərarı götürmək üçün MTN-ə çağırdı. Gedib qərarın surətini götürdüm. Ona dedim ki, məndən aldığınız pulları qohum və dostlardan borc almışam, ödəyə bilmirəm, ona görə də "Para Bank”dan 300 min manat kredit götürmüşəm”.
Seyid