Yeni Azərbaycan Partiyasının sədr müavini-icra katibi Əli Əhmədov partiyanın Göyçay rayon təşkilatının fəalları ilə görüşüb. Görüşdə Əli Əhmədovla yanaşı görüşdə Göyçay rayonundan millət vəkili seçilmiş Şəmsəddin Hacıyev, Göyçay rayon icra hakimiyyətinin başçısı Mənsur Məmmədov da iştirak edib.
Görüşü giriş sözü ilə açan YAP Göyçay rayon təşkilatının sədr müavini Sahib Şükürov bildirib ki, rayon təşkilatı 88 ilk özək təşkilatında 7401 nəfər üzv cəmləşdirib. Bunlardan 4228 nəfərini qadınlar, 2846 nəfərini isə gənclər təşkil edir. Qarşıdan gələn prezident seçkiləri ilə əlaqədar olaraq seçici siyahıları dəqiqləşdirilərək YAP-ın məlumat bazasına yerləşdirilib.
YAP Sədrinin müavini-icra katibi Əli Əhmədov çıxışında bildirib ki, görüşün məqsədi qarşıdan gələn prezident seçkiləri partiya olaraq fəallığı daha genişləndirməkdir: "YAP-ın namizədi prezident İlham Əliyevin 10 il ölkəmizə rəhbərlik etdiyi zaman kəsiyində 1 milyon 200 min yeni iş yeri açılıb, yoxsulluq həddi 50 faizdən 6 faizə enib. Həyatımızın bütün sferalarında dinamik inkişaf həyata keçirilib. Azərbaycanın beynəlxalq aləmdə, dünya birliyində mövqeyi möhkəmlənib. Həyatımızda baş verən ciddi dəyişikliklər ulu öndər Heydər Əliyev siyasi kursunun İlham Əliyev tərəfindən uğurla icra olunmasının nəticəsidir. Azərbaycan hakimiyyətinin yürütdüyü siyasətin kökündə insanların rahat yaşaması, rifah halının yüksəlməsi dayanır. Əldə olunan uğurların əsas qayəsi ölkəmizdə yaşanan sabitlik, əmin-amanlıqdır. Bu gün sözün həqiqi mənasında Azərbaycanda yaşamaq mənalı və rahatdır. Bu şərait insanlarımızı sövq edir ki, növbəti 5 ildə də prezident kürsüsündə İlham Əliyevi görsünlər. Biz əminik ki, göyçaylılar hər zaman olduğu kimi bu dəfəki seçkidə də Heydər Əliyev siyasi xəttini müdafiə edərək İlham Əliyevə səs verəcəklər".