Sabiq səhiyyə naziri Əli İnsanovla bağlı Avropa İnsan Hüquqları Məhkəməsinin çıxardığı qərarın icra müddətinin sentyabrın 14-də başa çatması hazırda həbsdə olan nazirin nə zaman azad ediləcəyi ilə bağlı müzakirələrə yol açıb.
Ali Məhkəminin media ilə əlaqə üçün məsul edilmiş hakimi Fərhad Kərimov “mediaforum” saytına açıqlamasında bildirib ki, Avropa İnsan Hüquqları Məhkəməsinin Əli İnsanovun işi ilə bağlı qərarı Ali Məhkəməyə rəsmən daxil olmayıb.
Əli İnsanovun vəkili Toğrul Babayev isə AzNews.az-a bunun əksini deyib: “2013-cü il iyulun 10-da Əli İnsanovun vəkilləri tərəfindən Avropa Məhkəməsinin qərarının əsli və daha sonra tərcümə edilmiş surəti order və şikayətlə bərabər ali Məhkəmənin dəftərxanasına təqdim edilib. Bu prosesdə vəkil kimi şəxsən mən özüm iştirak etmişəm və sənədlər də möhürlənib. Belə olan halda Ali Məhkəmənin Avropa Məhkəməsinin qərarını almamaqla bağlı açıqlaması hansı məntiqə əsaslanır? Biz istənilən vaxt sənədlərin dəftərxanaya şəxsən təqdim edildiyini sübut edə bilərik”.