Xəbər lenti

Əli Kərimli gənclərə çağırış etdi
Ölkə10:45 31.03.2013

Əli Kərimli gənclərə çağırış etdi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"Biz toplum olaraq hakimiyyətin səhv etdiyini bəyan edirik"

AXCP sədri Əli Kərimli "NİDA" Vətəndaş Hərəkatının daha 2 üzvü - Rəşadət Axundov və Üzeyir Məmmədlinin həbsi kontekstində hakimiyyətin gənclərə qarşı repressiya dalğasına münasibət bildirib. Əli Kərimli bu kampaniyanın uğur qazanmayacağına inamını ifadə edərək, gəncləri daha fəal olmağa, həbs edilənlərə arxa durmağa səsləyib. AXCP sədri Facebook səhifəsində yazıb:

NİDA hərəkatının İdarə Heyəti üzvləri Rəşadət Axundov, Üzeyir Məmmədli və Rəşad Həsənov kimi intellektual, dinc mübarizə tərəfdarı olan gəncləri qanunsuz olaraq odlu silah, partlayıcı maddələr əldə etməkdə, başqasına verməkdə ittiham etmək sadəcə şər deyil, həm də absurddur, həyasızlıqdır, sözün qurtardığı yerdir. Necə ki, bir neçə gün öncə AXCP-nin gənc üzvü, astma xəstəliyindən əziyyət çəkən, ikinci qrup əlil, siqaret belə çəkməyən Daşqın Məlikovun narkotika ittihamı ilə həbsi beləcə absurd idi.

Hökumət xalq hərəkatının yeni dalğasından necə qorxubsa, imic haqda heç düşünmür. Daha heç maska da taxmır. Açıq-aşkar cəmiyyətə bəyan edir ki, daha bir müddət hakimiyyətdə qalmaq üçün istənilən anti-insani addımı atmağa hazırdır. İndi hakimiyyət “məqsəd vasitəni doğruldur” prinsipi ilə işləyir. Hərəkətlərinin əxlaqi prinsiplərə, hüquq qaydalarına uyğun olub-olmaması onu narahat etmir.

Biz toplum olaraq hakimiyyətin səhv etdiyini bəyan edirik. Çünki atılan addımlar hüquqa və ictimai əxlaqımıza ziddir. Hökumətin də bu addımların səhv olduğunu anlaması üçün gərək biz, cəmiyyət olaraq, aparılan repressiya siyasətinə elə reaksiya verək ki, bu tədbirlər təkcə anti-insani sayılmasın, həm də səmərəsiz olsun, cəmiyyəti qorxuda bilməsin, hədəfinə yetişməsin.