
Əməkdar artist, hər zaman öz çıxşları ilə gündəmdə qalan Əli Mirəliyev Qaynar.info-ya müsahibəsini təqdim edirik.
- Əli müəllim, benzinin qiymətinin artırılmasına münasibətiniz necədir?
- Pis. Necə olmalıdı ki? Benzinin qiymətini artırdılar, amma tək benzinin qiyməti qalxmır axı. Ərzağın da qiyməti qalxır, nəqliyyatdakı gediş-gəlişin də qiyməti qalxır. Bəs biz nə təhər dolanaq? Mən özüm pensiyanerəm. 160 manat pensiya alıram. 160 manatla yaşamaq olmur axı.
- Bəs təklifiniz nədir?
- Bilirsiniz necədir? Mən demirəm ki, hakimiyyət pis işləyir. Prezident yaxşı işləyir, amma bu qiymət artımı lazım deyildi. Mən özüm Mərdəkanda qalıram. Sıravi insanların yaşayışını görürəm. Əslində xalqın adından, sıravi insanların adından danışıram. Onların fikrini çatdırıram. Bir ağsaqqal kimi xahiş edirəm aidiyyatı qurumlardan, xalqın güzəranını nəzərə alsınlar. Benzinin qiymətini qaldırmamalı idilər. Amma əgər qaldırıblarsa, maaşları, pensiyaları da qaldırsınlar.
- Siz öz dolanışığınızdan narazısınız?
- Əlbəttə narazıyam. Həftədə 80 manat dərmana pulum çıxır. Bu bir ayda 320 manat edir. Pensiyam da 160 manatdır. Heç dermanıma pul çatmır. Dolanışığıma necə bəs edə bilər?
- Bu günlərdə deputatların maaşlarını artırdılar...
- Onların maaşlarını artırdılar, lap yaxşı. Bəs biz? Biz adam deyilik? Onlar min manatdan çox maaş alır. Mən isə 160 manat pensiya. Fərqi özünüz görürsünüz də. Bu düzgün deyil axı
- Son olaraq nə deyərdiniz?
- Mən bir daha xahiş eləyirəm, xalqın dolanışığına fikir versinlər. İnsanlar narazıdır. Özü də çox narazıdır. Qiymət artımı oldu, yaxşı. Amma heç olmasa maaşları, pensiyaları da artırın ki, camaat korluq çəkməsin.
Rahil Sayadoğlu
Qaynar.info