Xəbər lenti

Əlli manatlıq tələbə
Ölkə09:21 14.09.2013

Əlli manatlıq tələbə

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Kamran Su 

Köhnə "Olimp" mağazasının yanında bir bina var. Üstünə "Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti" yazılıb. Yazılıb, sadəcə yazılıb, içərisində isə başqa ab-hava var:  mədəniyyətdən, incəsənətdən, kinodan, teatrdan uzaq bir ab-hava. Səbəblər çoxdur, ən başlıca səbəb isə müdriyyətin bu sahədən tamamilə uzaq olmasıdır. Mən 4 ilə yaxın bu universitetdə oxumuşam və sonuncu kursdan qovulmuşam. 

Oxuduğum 4 il ərzində mən cəmi bircə dəfə rektorun üzünü görmüşəm, o da 15 sentyabrda - ilk dəfə universitetə gedəndə. Həmin vaxt rektor gəlib çıxış eləmişdi, yeni gələn tələbələri salamlamışdı, demişdi ki, bəs univerisitetə qəbul olunmusuz, təbrik edirəm hamınızı, əlimdən nə köməklik gəlsə, edəcəm sizlərə. Amma rektor o gedən getdi, bir də gəlmədi. Növbəti kurslarda hətta onun üçün darıxdığımız vaxtlar da oldu. Sonralar o sözü fakültə dekanımız Vəfa Əliyev də dedi. Dedi ki, yaxşı oxuyan tələbənin "day-day"ı elə mən özüməm, siz oxumağınızda olun, burda sizdən heç kim bir qara qəpik də istəyə bilməz. Dekan sözünü deyəndən sonra rektor kimi birdəfəlik gözdən itmədi, əksinə hər semestr gəldi, müəyyən məbləğdə pulunu alıb getdi.

3-cü kursda oxuyanda universitetin illik təhsil haqqını ödəyə bilmirdim. Evdə də maddi vəziyyət yaxşı deyildi. Həmin vaxtlar, gördüm anam çox ağlayıb-sızlayır, durub getdim rektor köməkçisinin yanına. Qapını döyüb otağına girdim, dedim ki, bəs mən bu il universtetin illik təhsil haqını ödəyə bilmirəm, mənə bir az möhlət verin, çalışacam tezliklə ödəyim. Rektor köməkçisi əvvəlcə sol qaşını, sonra sağ qaşını qaldırdı, lap axırda da dedi ki, mənlik deyil, get öz problemini özün həll elə. Suyu süzülmüş halda çıxdım içəridən, sonra bankdan kredit götürüb bir təhər təhsil haqqını ödədik.

Universitetimizin bir kinozalı var idi, mövcud texnikası bir ədəd 90-cı illərin köhnə yapon televizoru, bir ədəd köhnə video-maqnitofon və bir ədəd DVD playerdən ibarət idi. Hər dəfə kinodramaturgiya dərsində film izləmək lazım olanda televizorun başına-gözünə döyə-döyə bir təhər normal hala gətirib sonra baxırdıq filmə. Kinozalın sağ küncündə divarın içinə yerləşdirilmiş bir şkaf var idi, içi köhnə Azərbaycan filmlərinin video-kasetləri ilə dolu idi. Hərdən müəllim gec gələndə uşaqlar "Bəxt üzüyü" filmini qoyub hırıldaşırdılar. Müəllimiz başqalarına nisbətən bir az müasir adam olduğuna görə hərdən yaxşı filmlər gətirirdi. Yaxşı filmlər də, bir qayda olaraq, erotik səhnələrlə zəngin olduğuna görə uşaqlar tərəfindən tənqidlə qarşılanırdı. 

Filmin erotik olub-olmadığını bu mövzuda xüsusi istedadı olan Fidan adında bir qız hiss edirdi. Filmin ilk titrləri yazılanda durub çıxırdı bayıra. Onun ardınca da digər qızlar zalı tərk edirdi. Bir qədər sonra isə oğlanlar da öz növbəsində bu prosesə qoşulurdular. Və nəhayət, geriyə mən, müəllimim və rayondan gəlmiş Hikmət adında bir uşaq qalırdı. Eləcə üçümüz oturub baxırdıq filmə. Amma Hikmətə də belim bağlı deyildi, çox güman başqa məqsədlər üçün baxırdı o filmlərə...

Universitetimizin təhsilinə isə söz ola bilməzdi. Ölkədə nə qədər mühafizəkar əmək təlimi müəllimləri var idi, hamısını yığmışdılar kinodan dərs deməyə. Kino tarixi müəllimimiz Aydın Kazımzadə isə bir başqa aləm idi. Adım kimi əmin idim ki, o hələ də elə bilir, biz 1960-cı illərin SSRİ- sində yaşayırıq. Adamın müstəqillikdən xəbəri belə yox idi, ağzı “Sovetin vaxtında” kəlməsi ilə açılırdı. Müasir kinoya isə potensial nifrət edirdi, onun üçün kino 60-cı illərdə qalmışdı. Və 100 illik dünya kino tarixində cəmi iki rejissor tanıyırdı: Ağarza Quliyev və Mikayıl Mikayılzadə. 

Mən dəqiq bilmirəm, bəlkə də, o rejissorlar Aydın müəllimin qohumları olublar, ya da uşaqlarının kirvəsi, amma adam bütün günü onları tərifləyib necə böyük rejissor olmalarından danışırdı. Mədəniyyət, kino, teatr elə sahədir ki, əksər adamların uşaqlıqdan bu sahəyə marağı olur. Onların çox az qismi istədiyini gerçəkləşdirib bu sahə üzrə təhsil ala bilir, o da ki belə. Universitetin ilk həftəsində bütün həvəsin, məqsədlərin, arzuların alt-üst olur. Gəlib burada sənət görmək əvəzinə rüşvət görürsən. Əlli manatlıq əskinasa satılmış sənət. Ona görə də bu gün Azərbaycanda kino sahəsi bu vəziyyətdədir. Türkiyədə bir köşə yazarının ən azı bir villası, avtomobili və yaşayacaq pulu olur, amma bizdə aktyor bir filmə 200 manata çəkilir, özü də çəkilişə metro ilə gəlib-gedir.

Bu köşə qərəzlə yazılmayıb, ölkədəki yeganə mədəniyyət ocağının real vəziyyətini göstərmək üçün yazılıb. İndiyə qədər ADMİU haqqında həmişə müsbət şeylər yazılıb. “ADMİU-nun tələbələri bu tədbirdə iştirak etdilər”, “Özbəkistanda Azərbaycan mədəniyyəti günlərini təşkil etdilər”, “Pakistan haqqında sənədli film çəkdilər” və s. 

Bunların hamısı zahirən və qrant üçün təşkil edilmiş kiçik layihələrdir. Bu gün Azərbaycan kinosu dünyaya çıxa bilmirsə, bunun günahı birbaşa ADMİU-nun rəhbərlərindədir. Bu adamları süpürüb atmaq lazımdır. Cavan kadrları, düşünən beyinləri gətirmək lazımdır. Onlar tələbələrə yeni bir şey verə biləcəklər, onlar əsl sənəti aşılayacaqlar. Nə qədər ki bu yaşlı, mühafizəkar müəllim və rektorlar var, o təhsil müəssələrində təhsil alan tələbələr heç vaxt əsl tələbə ola bilməyəcəklər, sadəcə müti, savadsız, əllərindən ancaq semestdən-semestrə müəllimlərə rüşvət olaraq 50 manat tapmaq gələn sındırılmış gənclər olacaqlar. Əlli manatlıq tələbələr. 

P.S. Bir tanışım danışır ki, üç il bundan qabaq BDU-da oxuyanda iclas zamanı rektor Abel Məhərrəmovdan bir xahiş edib. Deyib ki, mən Türkiyədə magistratura təhsili almaq istəyirəm, bütün qiymətlərim əladır, təkcə bir fəndən qiymətim zəifdir, onu da filan müəllim qərəzli olaraq yazıb. Xahiş edirəm, bu məsələdə mənə kömək edəsiniz. Abel Məhərrəmov yüksək səslə qışqıraraq ondan oturmasını tələb edib və eyni zamanda əlavə edib ki, “sən yaxşı tələbə olsaydın, magisturatura üçün Türkiyəni yox, öz ölkəmizin universitetlərini üstün tutardın”.