
Bu gün Yeni Azərbaycan Partiyasının 21-ci ildönümü münasibətilə Gəncə şəhər İcra Hakimiyyətinin konfrans zalında tədbir keçirilib.
Qurumun mətbuat xidmətindən Qaynar.info-ya daxil olan xəbərə görə, əvvəlcə Yeni Azərbaycan Partiyası Gəncə şəhər Təşkilatının İdarə Heyətinin üzvləri, partiya veteranları Yeni Azərbaycan Partiyasının yaradıcısı Heydər Əliyevin şəhərin mərkəzi meydanındakı abidəsini ziyarət edərək, onun xatirəsini yad ediblər.
Tədbiri YAP Gəncə şəhər Təşkilatının sədri Naqif Həmzəyev açıq elan edib və söz Gəncə şəhər İcra Hakimiyyətinin başçısı, YAP Gəncə şəhər Təşkilatı İdarə Heyətinin üzvü Elmar Vəliyevə verildi. Elmar Vəliyev çıxışında Yeni Azərbaycan Partiyasının keçdiyi yola nəzər salıb: “Öz ətrafında sadə insanları, ziyalıları, ağsaqqal və gəncləri birləşdirən iqtidar partiyasının Azərbaycanın ictimai-siyasi həyatındakı fəal mövqeyi cənab Elmar Vəliyevin nitqinin əsas leytmotivi olub”.
Daha sonra tədbirdə iştirak edən AMEA Gəncə bölməsinin direktoru, Yeni Azərbaycan Partiyası Gəncə şəhər Təşkilatının İdarə Heyətinin üzvü, akademik Fuad Əliyev, Yeni Azərbaycan Partiyasının veteran üzvü, professor Cəmil Hacıyev və Yeni Azərbaycan Partiyası Gəncə şəhər Təşkilatının sədri Naqif Həmzəyev, Elmi Tədqiqat Bitki Mühafizə İnstitutunun direktoru, akademik Siddiqə Məmmədova çıxışlarında Yeni Azərbaycan Partiyasının ölkənin ən nüfuzlu siyasi qüvvəsinə çevrilməsində partiyanın yaradıcısı və qurucusu Heydər Əliyevin tarixi xidmətlərini xüsusi vurğulayıblar.
Tədbirdə Yeni Azərbaycan Partiyası Gəncə şəhər Təşkilatı yarandığı gündən partiya sıralarına ilk daxil olmuş və şəhərin ictimai-siyasi həyatında fəal iştirak etmiş veteran üzvlərinə Fəxri Fərman və qiymətli hədiyyələr təqdim edilib.
Keçirilən yığıncaqda Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev YAP Gəncə şəhər Təşkilatının 30 mininci üzvü Məmmədova Əzizə İsmayıl qızına partiya vəsiqəsini təqdim edib və ona qiymətli hədiyyə olaraq, noutbuk verib.
Tədbirin sonunda partiya sıralarına yeni qəbul olunmuş fəallara partiya vəsiqələri təqdim olunub.
Qaynar.info