Xəbər lenti

Elşad Abdullayevin videosundakı müəllim tələbəni məhkəməyə verir - BDU-da
Ölkə11:03 18.06.2013

Elşad Abdullayevin videosundakı müəllim tələbəni məhkəməyə verir - BDU-da

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Bir neçə gün əvvəl Bakı Dövlət Universitetinin (BDU) Fəlsəfə fakültəsinin 3-cü kurs tələbəsi Saleh Mehdizadə adlı gənc imtahan zamanı qəribə etiraz üsuluna əl atmışdı. Belə ki, tələbə etirazını imtahan vərəqəsinə də qeyd etmişdi. 

Qaynar.info xəbər verir ki, tələbə imtahan vərəqəsində "Ey bu yazdıqlarımı oxuyan insan, bil ki, bizə bu fənndən heç nə öyrətməyiblər semestr boyu yola verib gediblər. Dünyada ancaq bizdə bir semestr pedoqogika keçəndən sonra "Təhsilin fəlsəfi problemləri" adlı uydurma bir fənn keçirilə bilər. Elə bil kimsə boş bekar adam oturub təsadüfi sözləri yan-yana qoyub özündən fənn düzəldib. Onsuz da bu fənn dünyada ilk dəfə bizim universitetdə keçirilir. Dərs saatları boş qalmasın deyə uydurma fənnlər keçib bizi yormayın. İmkan verin yaşayaq" yazaraq keçirilən fənnə etirazını bildirmişdi. 

Daha sonra etiraz yazısını Facebook səhifəsində paylaşan tələbə vurğulamışdı ki, onun etirazı ümumilikdə təhsil siteminədir: "Bu mənim bu gün imtahan vərəqinə yazdığım cavab idi. Bu mənim çökmüş, günü gündən çökən təhsil sisteminə etirazım idi. Əgər sən də mənim etirazımı dəstəkləyirsənsə, bu cürümüş sistemi bəyənmirsənsə onda məni kəsmə. Onsuz da heç kəs bizi vecinə almır".

Tələbə Saleh Mehdizadənin Qaynar.info-ya verdiyi məlumata görə, artıq universitetdə ona qarşı təzyiqlər başlayıb. Hətta tələbə kutltura.az saytında "Bakı Dövlət Universiteti və fəlsəfə" adlı tənqidi yazı yazaraq universitetdə baş verənlərə etirazını bildirib. Həmin fənni tədris edən müəllim Əsədulla Qurbanov tələbədən yazdığı yazılara görə üzr istəməyini tələb edib. Tələbə isə üzr istəməyəcəyini dedikdə, müəllim onu məhkəməyə verəcəyi ilə hədələyib.  

Qeyd edək ki, BDU-nun professoru Əsədulla Qurbanov 1993-cü ildə mərhum prezident Heydər Əliyevin hakimiyyətə gəlməsində müstəsna xidmətləri olmuş məşhur "91-lər"dəndir və ötən həftə Elşad Abdullayevin yaydığı videoda Mahir Abdullayevin axtarıldığı barədə qardaşına məlumat verir.  

Onu da xatırladaq ki, BDU-da təzyiqlə üzləşmiş tələbə Saleh Mehdizadə "Dalğa" gənclər hərəkatının üzvüdür.

Qaynar.info