Ölkə 12:52 17.05.2022

Elza Seyidcahanın obyekti hərraca çıxarılacaq - 58 min ödənməlidir

"Elza Seyidcahan 58 min manatı qəpiyinə qədər şirkətə ödəməlidir”.

Bunu Qaynarinfo-ya açıqlamasında "ELİT SRC GROUP” MMC şirkətinin təsisçisi Rüstəm Kərimzadə deyib. Şirkət rəhbəri deyir ki, Elza Seyidcahanla aralarında olan məhkəmə davası 2019-cu ildə başlayıb:

"Bununla bağlı Ali Məhkəmə 2019-cu ildə qərar verib və iş icraya yönləndirilib. İcra 3 ildir ki, işini görmür, verilən qərarı icra etmir. Biz də məhkəmənin qərarını yerinə yetirilmədiyi üçün onlardan aidiyyatı orqanlara şikayət etdik. Bu pul ödəməlidir, başqa yol yoxdur. İcra sənədinin 10 gün müddəti var. Bizim şirkətə 58 min manat ödənməlidir, yerdə qalan pul isə deyəsən icraya yönəlir. Kimdən pul istəyir, özü bilər, əsas odur ki, qərarda göstərilən məbləğ ödənməlidir”. 
 
Rüstəm Kərimzadə Seyidcahan ailəsinə məxsus olan obyektin hərraca çıxarılacağını vurğulayıb:

"Biz məkanı onlardan icarəyə götürmüşdük. Hazırda həmin obyekt hərraca yönəlib. Obyekt satılacaq, bizə olan məbləğ ödəniləcək. Əgər qalacaqsa, həmin məbləğ də ona veriləcək. Elza Seyidcahan istəyir ki, obyekt satılmasın. Buna görə məni həbs etdirdi, başqa bir adama da problem yaratdı. Bezmişəm, iyrənmişəm. Bizə çatacaq pul ödənməlidir. Onu müdafiə edən adamlar var. Əgər onu müdafiə edirsinizsə, gətirib bizim pulumuzu verin, daha bizi niyə xətaya salırlar”. 

Qeyd edək ki, Əməkdar artist Elza Seyidcahan evi ilə bağlı yaranmış probleminə görə efirə gələrək xalqdan yardım istəyib. Sənətçi mülkünə sahiblənmək üçün 65 min manat ödəməli olduğunu deyib. İfaçı həmin pulu ödəyə bilmədiyini bildirib.


Xatırladaq ki, illər öncə "ELİT SRC GROUP” MMC müğənni-bəstəkar Elza Seyidcahan ailəsinə məxsus obyekti icarəyə götürüb. Zamanla tərəflər arasında mübahisə yaranıb. Məhkəməyə qədər gedən mübahisədə qarşı tərəfdən 58797 manat pul alınaraq "ELİT SRC GROUP” MMC-yə verilməsi ilə bağlı qərar qəbul edilib.

Bahar Rüstəmli