Xəbər lenti

Emin Hüseynov MTRŞ-ı məhkəməyə verəcək
Ölkə10:00 23.04.2013

Emin Hüseynov MTRŞ-ı məhkəməyə verəcək

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutunun rəhbəri Emin Hüseynov aprelin 23-də “Media forum” saytına açıqlama verib. O deyib ki, İctimai Televiziya və Radio Yayımları Şirkətinin baş direktoru vəzifəsinə seçki şəffaf olmayıb.

Seçki aprelin 23-də İctimai Televiziya və Radio Yayımları Şurasının iclasında keçirilib. İctimai Televiziya və Radio Yayımları Şirkətinin baş direktoru vəzifəsini Cəmil Quliyev tutub. Onun rəqiblərindən biri Emin Hüseynov olub.

Emin Hüseynov qeyd edib ki, seçkiyə Milli Televiziya və Radio Şurasının (MTRŞ) müdaxiləsi olub: “İclasda MTRŞ sədri Nuşirəvan Məhərrəmli və həmin qurumun digər əməkdaşları iştirak edirdi. Prosesə nəzarəti MTRŞ həyata keçirirdi. İclas başlayanda Yayım Şurasının üzvləri öz səlahiyyətlərini belə bilmirdilər. Protokollaşdırma, katibliyin və say komissiyasının seçilməsi ilə bağlı bilgiyə malik deyildilər. İclasda göstərişləri Nuşirəvan Məhərrəmli verirdi. Halbuki onun işi qıraqdan nəzarət və pozuntuları qeyd etmək olmalıdır. Bir sözlə, seçkini Nuşirəvan Məhərrəmli aparırdı.

İclasda adlarımızı da səhv oxuyurdular. Görünür, namizədləri yaxşı tanımırdılar. Bir çoxları namizədlər barədə məlumatla elə iclasda tanış oldular. Mən bildirdim ki, namizədləri tanımaq üçün vaxt olmalıdır. Seçki bir müddət sonra keçirilməlidir və o vaxta kimi namizədlərlə görüşlər olmalıdır. Mənim təklifimi səsə qoydular. Amma qəbul olunmadı.

Cəmil Quliyev çıxışında bildirdi ki, baş direktor seçilərsə, mədəniyyət sahəsini gücləndirəcək. Sanki ikinci mədəniyyət kanalına sədrlik edəcək. Nicat Mustafayev isə reklam gəlirlərini inkişaf etdirəcəyini bildirdi. Digər namizəd Şamil Şəfiyev isə demək olar ki, danışmırdı. Mən bildirdim ki, namizədlərin ictimai yayım barəsində heç bir məlumatları yoxdur”.

Emin Hüseynov səsvermənin nəticəsini tanımadığını vurğulayıb: “Mən iclasda səsvermədən əvvəl bildirdim ki, nəticəni tanımayacam. 1 səslə dördüncü oldum. Pozuntulara görə məhkəməyə müraciət edəcəm, Avropa Yayımları Birliyinə məlumat verəcəm”.

Qaynar.info