Pərviz Əzimov
Yazını sənin haqqında yazdığım üçün heç bir pafosdan istifadə etməyəcəyəm. Çünki bizim səninlə dostluğumuz səmiyyət üzərində qurulmuşdu.
2010-cu il idi. Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutunun mətbuat zalında 15 dəqiqə sonra Elmin Bədəlovun universitetdən qovulması ilə bağlı mətbuat konfransı başlayacaqdı. Həyətdə hamı iki-iki, üç-üç durub söhbətləşirdi. Onda hələ tanış deyildik. Dəqiq xatırlamıram, amma kimdənsə "Bu keçən il universitetdən qovulan Pərviz deyilmi?" deyə soruşdun. Adımı eşidib sən tərəfə baxdım və "Bəli, mənəm" - deyə cavab verdim.
"Gəl qardaş gəl... Sənin artıq təcrübən var. Elminlə məsləhətləşin", - dedin. Mən də dik dayanan, amma rəhbərlik etdiyi xəbər saytının əməkdaşına qarşı edilən haqsızlığa görə bu qədər narahatçılıq keçirən Sənə baxdım və beynimdə "Mən nə edə bilərəm ki?", - deyə düşünərək, "tamam" dedim.
Yavaş-yavaş aramızda daha sıx münasibət yaranmağa başladı. "Poliqon"da baş redaktorum oldun, sonra dostlaşmağa başladıq, daha sonra qardaşlaşdıq... Gecələr səhərə qədər dərdləşdik, sən danışdın, mən dinlədim, bir gecəyə oturub 3 nəfər 16 səhifəlik qəzet hazırladığımız vaxtlar oldu, ac qaldıq, səndən sonra hələ də gedə bilmədiyim "5 mərtəbədəki" kafedə əsəbləşdik, axşam əlimizə yeni mövzu keçəndə kiminləsə möhkəm zaraftlaşdıq, hansısa məmuru əsəbləşdirdik və beləcə yaşadıq.
Əslində, sənin niyə jurnalist olduğunu əvvəllər anlamırdım. Türkiyədə hərbi akademiya bitirmişdin, əsl hərbçi tipin var idi. Duruşun, sözünün düz gəlmədiyi insanlara qarşı zəhmin, qətiyyətin hərbçi xüsusiyyətlərindən xəbər verirdi. Bəlkə də, elə səbəb bu idi ki, rəhbəri olduğun saytın adı da "Poliqon" idi. Biz orda hər zaman poliqonda idik. Bizim hədəflərimiz bəlli idi, amma bizi nişana alan hədəflər bəlli deyildi. Biz də sənə “komutan” deyə müraciət edirdik.
Bilirsən Şahin, mənim heç vaxt müdirim olmayıb. Ya mən müdirlə işləmək istəməmişəm, ya da müdirlərim mənə müdirlik etmək istəməyib. İşlədiyim hər yerdə rəhbər həm də dostum olub. Bu çox pisdir. İnsan bir müdirini itirə bilər, amma bir dostunu itirə bilməz, heç vaxt...
"Park Bulvar"da yeni kinoteatr açılacaqdı deyə reportaja göndərmişdin məni. Get reportaj hazırla, ilk fotolarını çək verək sayta. Yola düşüb məkana getdim. Ondan 3 gün əvvəl Anar Gəraylı ilə Elmini reportaja göndərmişdin. Ziya Məmmədovun qolugüclüləri hər ikisini möhkəm döymüşdü. Gedəndə mənə zarafatla, "Pərviz, döyülüb üstümə gəlmə ha!" - dedin. Ünvana çatanda rəhbərlik kim olduğumu soruşdu. Saytın adını verdim. Başladım reportajımı hazırlamağa. Birdən mühafizə üstümə cumub məni vurdu. Rəhbərlikdə olan bir xanım məni sakitləşdirdi. O, sənə zəng eləmişdi ki, əməkdaşınızla qarşıdurma yaşanıb. Sən də mənə zəng etmişdin. Bədbəxtlikdən mənə zəng çatmırdı, telefon sönmüşdü. Orda işimi bitirib "Sahil" metrosu tərəfdən ofisə tərəf gəlirdim. Bir də gördüm qaça-qaça mənə doğru gəlirsən. Səni görüb uzaqdan "Şahin" deyə çağırdım və əllərini dizinə qoyub, bir az əyilib nəfəs almağa başladın. Həyəcanlı idin. Yaxınlaşıb nə olduğunu soruşanda "Mənə yox, sənə nə olub?" deyə bağırdın. Elə bilmişdin mən də döyülmüşəm. Bir müdir heç vaxt işçisinə görə belə narahat olmazdı və sən müdir deyildin...
Şahin... Bütün bunları niyə təkrarlayıram, bilmirəm. Bəlkə də sadəcə xatırlamaq istəyirəm, bəlkə də, səni tanımayanlara tanıtmaq istəyirəm. Ölümün ağır olmuşdu. Bu, adi ölüm deyildi. Təsəüvvür et, səhər yuxudan durmamış telefonuma zəng gəlir: "Şahin ölüb", - deyə sual verirlər. "Yox elə bir şey yoxdur. 5-6 saat əvvəl bir yerdə idik”, - deyirəm. Düşündüm ki, kimsə, yəqin, zarafat edir. Telefonu yerinə qoyub yenidən uzandım. 1 dəqiqə keçməmişdi ki, ikinci zəng gəldi. Səhv etmirəmsə, Xəqani Səfəroğlu idi.
- Şahin qəzaya düşüb?
- Kim dedi?
- İndi oxudum. Facebookda kimsə yazmışdı.
- Telefon əlimdən yerə düşdü...
Özümü itirmişdim, nə edəcəyimi bilmidim. Nəhayət, özümü toparlayıb Anar Gəraylıya zəng elədim:
- Hardasan Anar?
- Morqa gedirəm...
Dəhşətli xəbər idi... Artıq hər şey aydın idi, ömür qatarı getmişdi və biz Şahinsiz qalmışdıq. Heç bilmədim morqa nə vaxt çatdım. Kimlər yox idi orada... Ağlayanlar, başını tutanlar, hirsindən bağıranlar, Mətbuat Şurası ilə anım mərasiminə görə mübahisə edənlər...
O vaxt iki yerdə işləyirdim. Həm Pia.az-da, həm də “Alma” qəzetində. Morqun qapısında oturanda telefonuma zəng gədi: “Şərəfsiz, alçaq, kafir....” Heçnə anlamadım və telefonu üzünə bağladım adamın. 2 dəqiqə keçmədi ki, başqa nömrədən zəng gəldi. Yenə söyüşlər. Nə baş verdiyini soruşdum. “Alma” qəzetində bir yazı gedibmiş. Dindarlar əsəsbləşib yazıya görə. Zəng-zəng dalınca gəlirdi. Sonra “Alma”dakı dostlarımız zəng elədi. Onlara da eyni zənglər gəlirmiş. Qəzet bağlandı... O gün iki doğmamı itirdim: Səni və “Alma”nı.
Mənə atasızlıqdan danışmışdın bir neçə dəfə. Atanı erkən itirmişdin. Mənə də deyirdin ki, “Sən atalı atasızsan. Gəlmisən bu Bakı adlanan kəndə, dədəndən, nənədən uzaq”. Bir dəfə dişim ağrıyırdı. Gecə evə gedəndə məndən ağrının necə olduğunu soruşmuşdun. Dedim azalır ağrı. Təqribən saat 4 olardı, zəng elədin: “Ağrıdır hələ də?”
Dedim “hə, ağrıdır”. Telefonu söndürdüm. Çox keçmədi ki, dərman alıb gətirdin. Fikirləşdim, gecə saat 4-də kim bunu edər? Mənə “atasız” deyirdin. Bəs bu etdiyin nə idi?
Şahin sabah yanına, məzarını ziyarət etməyə, səninlə dərdləşməyə gəlmək istəyirdim. Uşaqlarla da danışmışdım. Amma gələ bilməyəcəm, üzrlü say. Bilirsən, sabah atam gələcək bizə. 8 ildən sonra kirayə qaldığım evə ilk dəfə gələn atam.
Biz onunla həmişə dost olmuşuq. Ona görə də heç vaxt kirayə qaldığım evə gəlib sıxıntılarımı görmək istəmirdi. Amma nəyəsə görə sabah gələcək. Bəlkə, o da nəsə hiss edib. Məhz sabah gələcək. Burada mistika axtarmıram, buna nə vaxtım, nə də həvəsim var.
Bu an bildiyim bir şey var: “Sabah sən ölmürsən”.