Xəbər lenti

Ən çətin işdə işləmək, yoxsa evdar xanım olmaq? - "Dövlət bu xanımlara güzəşt etməlidir"  (MÜSAHİBƏ)
Ölkə11:04 03.10.2023

Ən çətin işdə işləmək, yoxsa evdar xanım olmaq? - "Dövlət bu xanımlara güzəşt etməlidir"  (MÜSAHİBƏ)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Bəzən deyirlər ki, dünyanın ən çətin işi evdar xanım olmaqdır, həm çətindir, həm məsuliyyətli. Sən nə qədər də işləyib yoruldum desən də, kənardan "evdəsən də, nə iş görmüsən” kimi fikirləri tez-tez eşidirlər. Həqiqətənmi evdarlıq bir işdir, çətindir və məsuliyyətlidir? Dövlət, qanun evdar xanımlara xüsusi güzəşt etməlidirmi?
Qaynarinfo bu və digər sualları sosioloq Mail Yaqubla müzakirə edib:
- Keçən açıqlamalarınızdan birində vurğuladınız ki, qadınların işləməsindən çox evdar xanım olmağının tərəfdarısınız. Niyə? Niyə düşünürsünüz ki, xanımlar daha çox evdar olsalar, daha yaxşı olar?
- Çünki xanımın evdə xüsusi bir məsuliyyəti var. Biz nə qədər feminist kimi danışsaq da, xanımın hüquqi baxımdan vəzifəsi deyil ki, evdə işləsin, paltar yusun, ev təmizləsin, yemək bişirsin. Amma ümumi Azərbaycan mentalitetində bu qayda qəbul olunub. Xanımların bir çoxu da könül xoşluğu ilə həyat yoldaşları, övladları üçün fədəkarlıq edirlər. Həyat yoldaşının xidmətində durmaq, evin təmizliyinə nəzarət etmək əsasən xanımların üzərinə düşür. Bu, Azərbaycan reallığıdır. İndiki belədir, yazılmamış bir qanun kimi bu vəzifə qadınların öhdəsinə qoyulub, qarşılıq olaraq dövlət də mütləq xanımlara bir jest eləməlidir. Hüquq da xanımların fədəkarlığına cavab komplimenti verərək dəyərləndirməlidir.
- Dediniz ki, dövlət buna görə evdar xanımlara jest etməlidir. Dövlət necə jest edə bilər ki? 
- Dövlətin və hüququn xanımlara qarşı cavab komplimenti müxtəlif ola bilər. Xanımları bacardığı qədər, dövlətin resursları imkan verdiyi qədər ağır işlərdən azad ütmək mümkündür. Məsələn, xadimə, küçə süpürmək və s. bu kimi işlərdən azad edilə bilər. Bu işləri kişilərə həvalə etmək olar. Ümumiyyətlə, xanımların çöl işi ilə məşğul olmasında bir qədər sərbəstlik verilə, onların iş saaatlarını azaldıla bilər. Fikrimcə, əgər bir xanım çöl işində işləmirsə, yalnız evdarlıqla məşğuldursa, bu özü ayrıca bir işdir və ən ağır işlərdən biridir. Çünki xanım səhərdən axşama qədər uşaqları saxlayır, qulluq edir və s. Təəssüflər olsun ki, Azərbaycan reallığında evdarlıq xanıma bir iş kimi tanınmır. Belə yanaşma evdar xanımlara qarşı ədalətsizlikdir. Çünki evdar xanım həqiqətən cəmiyyətə çox faydalı və vacib bir işlə məşğuldur. O cəmiyyətin övladlarını tərbiyə edir, onlara xidmət göstərir, cəmiyyətdə digər bir faydalı işlə məşğul olan, məsələn, bir mühəndisin, bir həkim həyat yoldaşının işlərini görür. 
- Necə düşünürsüz, bu məsələ ilə bağlı hansısa bir qanun qəbul edilə bilərmi? 
- Fikrimcə, bu məsələyə ciddi şəkildə baxılmalıdır. Evdar xanıma ciddi bir iş görürmüş kimi bu haqq verilməlidir. 
- Bəs maddi olaraq? 
- Maddi olaraq onlara bir qarşılıq verilməsi dövlətin resurslarından asılıdır. Arzu edərdim ki, gələcəkdə evin yükünü üzərinə götürən evdar xanımlara ştat ayrılsın. Hətta bildiyim qədəri ilə bəzi ölkələrdə də belə təcrübə var. Çünki bu həqiqətən ciddi bir işdir, xanımın bir işi var, onun da adı ev işləridir.
- Dediniz ki, xanımların evdar olmağının tərəfdarısınız. Cəmiyyətin başqa reallığı da var, bəzən xanımını həkimə aparan həyat yoldaşı ona kişi yox, qadın həkimin baxmasını istəyir. Əgər xanımlar evdə oturacaqsa, bu işləri kim görəcək? 
- Mən demirəm ki, xanımların hamısı evdə otursun, təbii olaraq bəzi xanımlarımız təhsil almayıb, evdardırlar, bu isə bütün cəmiyyətlərdə var. Həkim olmaq istəyən xanımın kim qarşısını ala bilər? Getsin, öz sahəsində təhsil alsın. Mən bunun tərəfdarıyam. Deyirəm ki, mövcud vəziyyətdə xanımların da evdarlıq hüquqları tanınsın. 
-  Bəzən işləyən xanımlar özləri də evdə qalıb övladlarını böyütmək istəyirlər, lakin qanun onlara çox zaman vermir, bu zaman özəl müəsisələrdə isə daha azdır, nəticədə onlar işlərini itirirlər. Ola bilərmi ki, işləyən xanımlara övladlarını böyütmək üçün verilən zaman uzadılsın? 
- Bəli, mən işləyən xanımlara övladlarını böyütmək üçün verilən zamanın bir az da artırılmasının tərəfdarıyam. 
- Xanımların daha çox hansı sahədə işləməyini istəyərdiniz? 
- Ağır işlərdə işləmələrinin tərəfdarı deyiləm. O işlər mənə görə xanımlara uyğun deyil. Xanım incədir, incəliyini, xanımlığını qoruyub saxlamalıdır. Mən xanımın mahiyyətini belə görürəm. O sahələr ki, xanıma həm emosional, həm də fiziki baxımdan çox ağırdıe, orda işləmələrinin tərəfdarı deyiləm. 
Günay İlqarqızı