
Düşmən tərəfi Akop İnciqulyanın təmas xəttini azaraq keçdiyini iddia edir
Azərbaycan ərazilərini işğal etmiş separatçı rejimin “Müdafiə Nazirliyi” erməni əsgərin təmas xəttinin Azərbaycan Ordusunun nəzarəti altında olan hissəsinə keçdiyini təsdiqləyib.
APA-nın “NEWS.am”-a istinadən verdiyi məlumata görə, “Müdafiə Nazirliyi”nin mətbuat xidmətindən bildirilib ki, əsgər, 1991-ci il təvəllüdlü Akop Gevorkoviç İnciqulyan avqustun 7-dən 8-nə keçən gecə saat 3 radələrində azaraq Azərbaycan Silah Qüvvələrinin nəzarəti altında olan əraziyə keçib.
Faktla bağlı araşdırma aparılır.
Azərbaycanın Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının katibi Şahin Sayılov da APA-ya açıqlamasında faktı təsdiqləyib. O, daha ətraflı məlumatın yaxın vaxtlarda veriləcəyini bildirib.
Qeyd edək ki, avqustun 7-dən 8-nə keçən gecə erməni silahlı bölmələrinin iki hərbçisi qoşunların təmas xəttinin Ağdam cəbhəsi istiqamətində Azərbaycan Ordusunun nəzarəti altında olan hissəsinə keçib.
APA-nın Qarabağ bürosunun məlumatına görə, Azərbaycan hərbçiləri onlardan birini saxlayıb, digəri isə qaçmağa cəhd edərkən neytral zonada minaya düşüb.
Onun sağ olub-olmaması barədə dəqiq məlumat yoxdur.
Erməni hərbçilərin təmas xəttini hansı məqsədlə keçdikləri də hələlik məlum deyil. Faktla bağlı dəqiqləşmələr aparılır.
Qaynar.info