"Erməni əsilli digər dövlətlərin vətəndaşlarının Azərbaycana gəlməsi qadağan deyil. Bununla bağlı normativ akt yoxdur".
Bu sözləri Qaynarinfo.az-a açıqlamasında vəkil Fariz Namazlı Ermənistan vətəndaşlarının və erməni əsilli digər ölkə vətəndaşlarının Azərbaycana gəlməsinə münasibət bildirərkən deyib.
"Azərbaycana girişi qadağan olanlar üçün siyahı olur. Bu siyahını da Xarici İşlər Nazirliyi təşkil edir. Məsələn, digər ölkə vətəndaşları Dağlıq Qarabağ ərazisinə Azərbaycandan icazəsiz gedirlərsə, onların gəlişinə qadağa qoyulur. Ümumilikdə, hər hansı bir dövlətin vətəndaşının erməni əsilli olsa belə, Azərbaycana girişi qadağan deyil. Bununla bağlı hər hansı bir akt da yoxdur" deyə Fariz Namazlı bildirib.
Vəkilin sözlərinə görə, hər iki dövlət vətəndaşların təhlükəsizliyinə zəmanət verməlidir: "Azərbaycan vətəndaşları müstəqil sürətdə Ermənistana gedə, Ermənistan vətəndaşları da Azərbaycana gələ bilir. Sadəcə, hər iki dövlət həmin şəxsin təhlükəsizliyinə təminat verməlidir. Təminat olmadan keçsə, həmin şəxsin başına gələn xoşagəlməz hadisəyə dövlət məsuliyyət daşımır. Təhlükəsizlik tədbirlərinə görə hər iki dövlətin vətəndaşlarının gediş-gəlişi yoxdur. Müəyyən tədbirlər zamanı Ermənistan vətəndaşlarının Azərbaycana, bizim vətəndaşların isə Ermənistana gedirlər. Hər iki dövlət də təhlükəsizliyi yüksək səviyədə təşkil edir".
Qeyd edək ki, ötən gün bir sıra erməni KİV-ləri belə xəbər yayıblar ki, erməni familiyasına görə 8 yaşlı rusiyalı uşaq Bakı aeroportundan Azərbaycan ərazisinə buraxılmır. Xəbərə görə, bu insident haqda uşağın anası, Kristina adlı rusiyalı turist sosial şəbəkədə məlumat yayıb. Uşağın anası və atalığı rus familiyası daşıyır. Uşaq isə atasının - Ruben Vardanyanın familiyasını daşıyır.
Bildirilir ki, Bakı aeroportunun sərhəd xdmətinin əməkdaşları uşağın anasını və atalığını ölkəyə buraxıb, özünü - Luka Rubenoviç Vardanyanı isə deportasiya etməyi qərara alıb. Uşağın anası Rusiyanın tanınmış qənnadçısı və fotoqrafı Kristina Konstantinovadır. O, "Sweetslab” layihəsinin yaradıcısıdır. Kristina Konstantinova əvvəllər Ruben Vardanyan adlı erməni ilə ailəli olub. Bakıya buraxılmayan Luka Vardanyanın atası da Ruben Vardanyandır. Sonra Kristina Konstantinova boşanıb və başqa şəxslə ailə qurub. Ruben Vardanyan-Kristina Konstantinova cütlüyünün övladı anada qalıb. Dünən isə Kristina Konstantinova ikinci əri və ilk ailəsindən olan övladı ilə Bakıya gəlib. Heydər Əliyev Bakı Beynəlxalq Hava Limanının sərhəd-keçid məntəqəsində 8 yaşlı Luka Vardanyan saxlanılıb.
Məlum olub ki, azyaşlı Bakıya atasının razılığı olmadan gətirilib. Halbuki, 18 yaşınadək şəxslər bir ölkədən digər ölkəyə mütləq valideynlərinin hər ikisinin razılığı ilə aparıla bilər. Kristina Konstantinova və erməni mətbuatı məsələnin 8 yaşlı Luka Vardanyanın erməni soyadı ilə bağlı olduğunu iddia etsə də, Dövlət Sərhəd Xidmətinin Bakı aeroportundakı nümayəndələri bunu təkzib edirlər. Onlar bildiriblər ki, Azərbaycan sülhpərvər dövlətdir və sərhədçilər Luka Vardanyanı ölkəyə buraxmağa hazırdırlar: "Ancaq onun atası işə qarışıb, atasının israrı ilə uşaq geri qaytarılıb. Heç bir deportasiyadan söhbət gedə bilməz. Azərbaycan ölkəyə gələn başqa turistlər kimi həmin uşağın da təhlükəsizliyini təmin etməyə hazırdır”.
Qafqaz Rafiqoğlu
Qaynarinfo.az