Xəbər lenti

Erməni əsirliyindəki bacıma
Ölkə06:48 30.09.2013

Erməni əsirliyindəki bacıma

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Salam külək, baxıram hər kəs səndən yazdığı məktubu sahibinə çatdırmağı xahiş edir. Görəsən, mən də səndən bir xahiş etsəm, onu çatdırarsanmı?! Bilirsən onun sahibəsi kimdir?! 

Xahiş edirəm, öz işğal olunmuş elində, torpağında əsir düşüb gözləri yolda qalan bacıma çatdır bu məktubumu.

Salam, mənim küskün bacım! 

Salam mənim qəlbi yaralı bacım! 

Salam mənim gözü yollarda qalan bacım! 

Bu məktubu sənə yazan yaşaya bilmədiyin ölkədəki bacındır. Adım Xuramandır.  İçimdən dərdimi səninlə bölüşmək keçdi ki. Lütfən, dinlə məni. Bu məktubu sənə həm utana-utana, həm də ağlaya-ağlaya yazıram. Bilirəm, indi ruhun küskün, qəlbin küskün, için nifrət dolu, gözlərinin yaşı belə quruyan bacımsan. 

Xahiş edirəm, sonacan oxu bu məktubumu. Bəlkə də, vətənin qoxsunu axtaracaqsan o kağızda. Sonra da küskün-küskün cırıb tullamaq istəyəcəksən. Dayan, hələ sənə deyəcəklərim var! Sən biz qadınların, bəlkə də, heç təsəvvürümüzə də gəlməyən dəhşətləri yaşamısan və hələ də yaşamaqdasan.

Hərdən düşünürəm ki, niyə bizlər isti evimizdə oturub bir həyat yoldaşının kaprizinə, yaxud da ala bilmədiyi nə isə bir istəyimizə ağlayıb özümüzü bədbəxt hesab edən anımızda səni yadımıza salmırıq?! Nə isə bu mövzu qalsın növbəti məktubuma...

İndi sənin düşdüyün durumu yana-yana düşünürəm. Bunun necə ağır olduğunu hiss edirəm. Amma Allah hər bir sevimli bəndəsini yaradanda onu sanki imtahan edib seçir. Sən də bu seçilmişlərdən oldun. Bilirsən, bəlkə də, sən əsir torpaqlarımız bir ana, bacısan ki, qalmısan orda. Xahiş edirəm, hərdən əllərinlə o torpaqları sığalla ağı de. "Mənim küskün torpağım", - deyib nalə çək. O kimsəsiz məzarlıqlarımıza get, həsrət qaldıqları insan gəlişini hiss etdir onlara. "Səbr edin, az qalıb" deyə təsəlli ver.

Yaz gələndə boynunu büküb ağlayan bənövşəni salamla, xarı bülbülə qoşul "Bax mən sizin yanınızdayam" deyərək ağla. Sonra da bir azan səsinə həsrət qalmış məscidlrimizə get. Bilirəm ee, səni düşmənlər görsə, öldürər, amma güc tap, gizlində olsa, get.

Əziz bacım, bilirəm ki, həsrət qaldığın ata-ana, el-oba dərdi səni bitirib. Onlardan sənə hansı xəbəri verim, özüm də bilmirəm. Səndən sonra atanın ürəyi dözmədi, öldü. Ananın ağlamaqdan gözləri tutulub. Qardaşların ikisidə səni xilas etmək üçün döyşəndə şəhid oldular. Bütün el-oban yaralı quş kimdir. Bəli, bu gün inkişaf edirik, dünyada tanınırıq, amma qəlbimizin yarası elə ordadır. Amma darıxma, indi əvvəlki deyilik, ölkəmiz güclənib, qüdrətimiz artıb. Ona görə də az qalıb, çox az. Lütfən, bir az da döz!