Ermənistanın təcavüzü nəticəsində Azərbaycanın işğal olunmuş ərazilərində törədilmiş dağıntılar 30 illik proses çərçivəsində ayrıca qiymətləndiriləcək. Azərbaycan əvvəllər bu məsələni qaldıran zaman həmin ərazilərə giriş imkanı olmayıb, real faktlar əsasında bunu ortaya qoymaq çətin olub. İndi həmin ərazilər işğaldan azad edilib.
Qaynarinfo xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib.
Onun sözlərinə görə, Ermənistanın təcavüzü nəticəsində zərər görən vətəndaşlara yeni evlər veriləcək, lazım olduğu halda onların evləri əsaslı təmir ediləcək.
Hikmət Hacıyev, həmçinin bildirib ki, Ermənistanın təxribatı nəticəsində 4 məscid və kilsəyə, 15 qəbiristanlığa, cəbhəboyu ərazilərdə yerləşən 50-dən çox məktəb binasına ziyan dəyib.