
Qarabağda Azərbaycan ordusuna qarşı divversantlar hazırlamaq üçün hərbi məktəb tikilir
Ermənilər Azərbaycanın işğal olunmuş keçmiş Ağdərə rayonu ərazisindəki Vəng kəndində strateji obyekt tikirlər. Qaynar.info-nun modern.az-a istinadən verdiyi xəbərə görə, məlumatı erməni KİV-ləri yayıb.
Məlumat görə, işğalçılar hazırda qeyd edilən ərazimizdə Suvorov və Mədətyan adına hərbi məktəb inşa edirlər.
İnşaat işləri erməni xeyriyyəçi Levon Ayrapeytan və Dağlıq Qarabağdakı separatçı rejimin qondarma “qəhrəmanı” Arkadi Ter-Tadevosyanın dəstəyilə gerçəkləşdirilir.
Ermənilər bu hərbi məktəbin açılışını 2014-cü ilə planlaşdırırlar. Məlumata görə, hərbi təhsil müəssisəsi bütün müasir beynəlxalq standartlara cavab verəcək. Ermənilər burada Rusiya, Fransa, ABŞ hərbi təhsil üsullarının tətbiq olunacağını bildirirlər. Bunun üçün xaricdən də yüksək səviyyəli müəllimlərin cəlb olunacağı qeyd edilir.
O da bildirilir ki, hərbi məktəbdə təhsil alacaq erməni gənclərinə rus, ingilis və Azərbaycan dilləri də öyrədiləcək ki, onlar bu dillərdə sərbəst danışa bilsinlər. Adı çəkilən hərbi təhsil müəssisəsində Azərbaycan dilini bilən erməni kəşfiyyatçıları və digər hərbi mütəxəssislər hazırlamaq da planlaşdırılır.
Qaynar.info

