Nicat Dadaşov: "Ermənilər əsərin məzmununu bilsəydilər qətiyyən onu bu qədər geniş təbliğ etməzdilər"
Ermənistanda da ajiotaj doğuran “Stansiya Avrora“ romanının müəllifi Nicat Dadaşov Ans Press-ə danışıb. Müəllif bildirib ki, azərbaycanlı hərbçi Nuran və erməni qızın sevgisindən bəhs edən qalmaqallı romandakı hadisələr təhrif olunaraq erməni mətbuatında işıqlandırılıb.
"Əsərimin siyasiləşdirilməsinə görə çox təəssüflənirəm və demək istəyirəm ki, mənə nəinki heç bir təzyiq yoxdur, hətta əldə etdiyim məlumata görə kitabın ümumi tirajının yarısı artıq oxucular tərəfindən alınıb. Bir müəllif kimi bu çox sevindiricidir. Erməni mətbuatı nümayəndələrinə isə demək istəyirəm ki, onlar əsərin məzmununu bilsəydilər qətiyyən onu bu qədər geniş təbliğ etməzdilər. Çünki əsərdə ermənilərin bir çox törətdikləri vəhşiliklər öz əksini tapıb",- deyə bildirib.
Qeyd edək ki "Qanun" nəşrlər evində çap olunan “Stansiya Avrora“ adlanan roman rus dilində yazılıb. Kitab, təsadüf nəticəsində 2012-ci ildən 70-ci illərə geri dönən hərbçi Nuran və erməni qızı Zaranın sevgisindən bəhs edir. Daha çox ssenari müəllifi kimi fəaliyyət göstərən Nicat Dadaşov həm də Azərbaycan Kinematoqrafçılar İttifaqı tərəfindən keçirilən “Yeni Nəfəs” müsabiqəsinin laureatıdır.