Dünya 14:22 18.05.2022

Ermənistanda hərbi hissəyə hücum faktı ilə bağlı cinayət işi açıldı

Son zamanlar Ermənistanda baş verən daxili siyasi gərginliklə bağlı ayrı-ayrı şəxslər tərəfindən silah-sursat ələ keçirmək məqsədi ilə baş vermiş faktlarla bağlı məlumatlar yayılır. 

Qaynarinfo Ermənistan mediasına istinadla xəbər verir ki, belə hadisələrdən biri də 17 may 2022-ci ildə baş verib.

Belə ki, Ermənistan Rüspublikası İstintaq Komitəsinin Hərbi İstintaq İdarəsinin Dördüncü Qarnizon İstintaq İdarəsi tərəfindən "N” saylı hərbi hissəyə qanunsuz daxil olmaq, komandir müavininə qarşı zor tətbiq etmək və ağır təhqiramiz ifadələr işlədilməsiylə bağlı cinayət işi açılıb.
İlkin məlumatlara görə, 17 may 2022-ci  il tarixdə saat 14:05-də bir qrup şəxs müəyyən edilmiş qaydanı pozaraq Ermənistan Müdafiə Nazirliyinin "N” saylı hərbi hissəsinin ərazisinə daxil olub, həmin vaxt hərbi hissə komandirinin müavininin hərbi hissənin ərazisini tərk etmək əmrinə tabe olmayıb, komandir müavinini söyüşlə təhqir edərək, üzünə plastik butulka ilə vurub xəsarət yetiriblər.

Baş vermiş hadisə ilə bağlı hərbi hissəyə və ya xüsusi mühafizə olunan hərbi əraziyə qanunsuz daxil olma, silah-sursat əldə etmə, ağır söyüşlərlə təhqir etmə, hakimiyyət nümayəndəsinə qarşı zorakılıq tətbiq etmə maddələri ilə cinayət işi açılıb. Cinayət işinin ibtidai istintaqının istintaq qrupuna həvalə edilməsi barədə qərar qəbul edilib.

İbtidai istintaq zamanı həyata keçirilən tədbirlər nəticəsində zorakılıq tətbiq etdiyi və hökumət nümayəndəsini kobud şəkildə təhqir etdiyi iddia edilən şəxslərdən Qarik və Artur Qaleyanın qardaşları, habelə vətəndaş Azquş Martirosyanın şəxsiyyəti məlum olub.

Qeyd edək ki, həbs olunan Qarik və Artur Qaleyanı qardaşlardan biri 44 günlük müharibə zamanı həlak olan 20 yaşlı Mxitar Qaleyanın atası, digəri isə əmisidir.

Telman