Ermənistanda azərbaycanlı rejissor və aparıcının iştirakı ilə "National Geographic" üçün sənədli filmi çəkilir.
Qaynarinfo "Sputnik Armenia”ya istinadən xəbər verir ki, bu barədə kinoprodüser Anna Zakaryan sosial şəbəkədə
yazıb.
Onun sözlərinə görə, erməni prodüserlərin, operatorların və rejissorların əksəriyyəti layihədə iştirakdan imtina edib. Buna baxmayaraq, pul müqabilində bu işi görmək arzusunu bildirənlər də olub.
Anna Zakaryanın sözlərinə görə, çəkilişlər azərbaycanlı rejissor və aparıcı tərəfindən icra olunur. Bunun üçün Ermənistan Xarici İşlər Nazirliyi və Milli Təhlükəsizlik Xidməti tərəfindən müvafiq icazələr də verilib. Onu Ermənistan hökumətinin nümayəndəsi müşayiət edib.
"Sputnik Armenia”ya müsahibə verən Anna Zakaryan iddia edib ki, həmkarları bütün sənədləri öz gözləri ilə görüblər, sözügedən şəxslərlə tanışdırlar, XİN və Milli Təhlükəsizlik Xidmətinin icazəsini şəxsən görüblər.
Onun sözlərinə görə, rejissorun kimliyindən xəbər tutan çox həmkarları bu layihədə iştirakdan imtina edib və digərlərini də imtina etməyə çağırıblar. Lakin layihədə pula görə iştirak etmək istəyənlər də tapılıb.
Anna Zakaryan
Çəkilişlərin necə və kimlər vasitəsilə həyata keçirildiyini dəqiq söyləməkdə çətinlik çədiyini bildirən Anna Zakaryan "Mənim yazımın məqsədi konkret bir personajın adını öyrənmək deyildi. Mən sadəcə Ermənistanda baş verən hadisələri qeyd etmək istədim. Ermənistanda müəyyən bir şəxs var və bu adam tərəfindən təbliğat aparılır. Təəssüf ki, biz kifayət qədər ayıq deyilik, məsələnin mahiyyətinə fikir vermirik, amma "kimdir”, "adını göstərmək lazımdır" kimi xırda sualların arxasınca qaçırıq" deyib.
Anna Zakaryan çəkilən sənədli filmin tezliklə nümayişə hazır olacağına inanmır, çünki bu kimi layihələr adətən kifayət qədər uzun vaxt aparır və hələ çəkilişlərin başlamasından bir ay belə ötməyib.
O, eyni zamanda filmin televiziyada nümayişinə mane olmağın onun səlahiyyətində olmadığını qeyd edib: "Qoy icazə verən dövlət qurumları bu barədə düşünsünlər”.
Anna Zakaryan bildirib ki, Ermənistan hökuməti filmin yayılmasının qarşısını almaq istəyəcək: "Filmin nümayişi qadağan olunarsa, sual yaranacaq ki, niyə azərbaycanlılara Ermənistan ərazisində çəkiliş aparmağa icazə verilib? O, sənədli film çəkmək adı altında bütün Ermənistanı gəzib, bir çox detalları qeydə alıb. Bu, daha çox məlumat toplamaq kimidir".
"Sputnik Armenia” iddia ilə Ermənistan Milli Kino Mərkəzinin direktoru Şuşanik Mirzəxanyanla əlaqə saxlayıb. Onun sözlərinə görə, Kino Mərkəzinin bu filmin çəkilişinə heç bir aidiyyatı yoxdur:
"Rəsmi olaraq bildirirəm ki, Kino Mərkəzinin çəkilişlə heç bir əlaqəsi yoxdur. Əvvəla, Kino Mərkəzi film çəkilişləri və ümumiyyətlə, film istehsalı ilə məşğul deyil. Bizdə mütəxəssislərdən ibarət yaradıcı heyətə daxil ola biləcək elə işçilər də yoxdur. Bu mənim üçün tamamilə yeni məlumatdır. Özüm də bu gün sosial şəbəkələrdən öyrənmişəm”.
O, Anna Zakaryandan konkret adları açıqlamağı tələb edib, əks halda onun sosial şəbəkədəki paylaşımı Kino Mərkəzinin bütün kollektivinə qarşı böhtan sayılacaq:
"Əgər o, həqiqətən də nəyisə bilirsə, adını açıq desin. Əgər belə bir məlumatı yoxdursa, dediyi sözləri rəsmən təkzib etsin".
Şuşanik Mirzəxanyan həmçinin bildirib ki, məlumat təsdiqini tapmasa və təkzib dərc olunmasa, Kino Mərkəzi Anna Zakaryanı hüquqi məsuliyyətə cəlb etmək üçün məhkəməyə müraciət edəcək.
Aydın