
Orxan Mirzəzadənin atası Ələmxan Mirzəzadə ölkə başçısına şeir yazaraq müraciət edib
Bu ilin martın 6-da Tərtər rayonunda döyülərək öldürüldüyü iddia olunan əsgər Orxan Mirzəzadənin atası Ələmxan Mirzəzadə ölkə başçısı İlham Əliyevə şeir yazaraq müraciət edib. Musavat.com əsgər atasının prezidentə yazdığı şeiri təqdim edir:
Biz sizə oğul verdik vətən üçün əsgər olsun,
Vətən qeyrəti çəkən oğul olsun, ər olsun,
Biz sizə əsgər verdik, güc olsun, zəfər olsun,
Bizə tabut verdilər, sarılmaq üçün ona,
Dərdə düşən bir ata, fəryad edən bir ana.
Qorxudan çəkilmədik bizdə tinə daldaya,
Biz sizə əsgər verdik, güvəndiyin orduya,
İstədik ki, güc gələk gələn qana-qadaya,
Bizə tabut verdilər ey Ali Baş Komandan,
Nədən oldu bu qətl, nədən töküldü bu qan?
Biz sizə oğul verdik, vətənin dar günündə,
Ali Baş Komandanın dayanarıq önündə,
And içək dayansın vətənin keşiyində,
Bizə tabut verdilər içində ölmüş əsgər
Məgər beləmi olur mündirlər, hərbiçilər?
Böyük amallar üçün oğul verdik biz sizə,
Qaranlıq zülmətlərdən vətən çıxsın gündüzə,
Özümüzdən olanlar zülm etdilər bizə
Nədən susdu ürəklər, nədən axıdıldı qan
Axı kimdir bu düşmən, ey Ali Baş Komandan?
Biz sizə oğul verdik, sənin yanında olaq
Bu qeyrət savaşında alnı açıq üzü ağ
Məkrli düşmənlərdən əbədi qisas alaq
Biz əsgər gözləyirdik qələbəylə qayıdan
Bizə tabut verdilər, ey Ali Baş Komandan!
Biz sizə oğul verdik dönmək üçün sipərə
Biz sizə əsgər verdik gömülərək səngərə
Vətənin bayrağını qaldırmaq üçün göylərə.
Bizə tabut verdilər bürünmüşdü bayrağa
Bizə bayraq verdilər endirmək üçün torpağa.
Biz əsgər gözləyirdik, bizə tabut verdilər
Biz oğul gözləyirdik, məzarı göstərdilər
Oğlumuzu aparıb bizə dərd göstərdilər
Haradan gəldi bu bəla, haradan düşdük bu qana
Başı daşlı bir ata, gözü yaşlı bir ana!
Özümüzdən olanlar özümüzü vuranlar.
Siyasətdə uduzub, düşmənlə iş quranlar.
Hiyləgər düşmənlərin pişvazında duranlar
Lənət olsun bu yolla gələn şana-şöhrətə
Bəsdir yara oldular bu boyda məmləkətə!
Nə qədər bəd xəbərdən sarsılacaq beyinlər?
Tabutların altında əyiləcək çiyinlər?
Açılın bu tilsimlər, bu sehirli düyünlər
Özümüzü vuranlar, vurduranlar ar olsun
Min kərə lənət olsun, beləsinə ar olsun!
Ey möhtərəm Prezident, ey Ali Baş Komandan
Bunları qəbul eylə oğlu ölmüş atadan
Olurmu belə insan olurmu belə vicdan
Cəbhəyə oğul verdik, bizə tabut verdilər.
Biz əsgər gözləyirdik cənazə göstərdilər.
Xatırladaq ki, martın 6-da Tərtər rayonundakı N saylı hərbi hissədə xidmət edən əsgər Orxan Mirzəzadə tabeliyindəki silahdan atəş açaraq özünü öldürüb. Növbəti gün ailəsinə təhvil verilən meyit elə həmin gün də basdırılıb. Valideynləri isə övladlarının döyülərək öldürüldüyünü iddia edirlər.
Qaynar.info