
Dünən "Facebook" sosial şəbəkəsində Svetlana Petrova adlı Bakı sakini Rəşid Behbudov və Füzuli küçələrini birləşdirən yeraltı keçidin eskalatorundan istifadə zamanı xəsarət alması haqda məlumat yayılıb.
"Facebook" səhifəsində yaralı halda olan şəklini də paylaşan S.Petrova bildirib ki, işləməyən eskalatorla qalxmaq istəyərkən, eskalatorun birirnci pilləkəni sınıb.
"Orada hətta eskalatorun işlək vəziyyətdə olmaması ilə bağlı xəbərdarlıq lövhəsi də qoyulmayıb" - deyə o, sosial şəbəkə istifadəçilərini ehtiyatlı olmağa çağırıb.
"Qaynarinfo.Az" hadisə ilə bağlı Azəravtoyol Acıq Səhmdar Cəmiyyətinin mətbuat xidmətinə müraciət edib.
Mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli bildirib ki, "facebook"da əks-səda doğuran bu hadisədən artıq məlumatlıdırlar:"Həmin ərazidəki eskalatorlarla "Royal Spage" şirkəti məşğul olur. Digər keçidlərdə hər hansı bir problem yarananda bizim nəzarətçilər tərəfindən nasazlıq aradan qaldırılır".
Qrum rəhbərinin sözlərinə görə, artıq həmin şirkətə Azəravtoyol cəmiyyətinin rəhbərliyi tərəfindən müraciət olunub: "Eskalatorların təmir olunması və baş vermiş hadisə nəticəsinin araşdırlıb məlumat verilməsi ilə bağlı həmin şirkətə müraciət etmişik. Amma həmin qadının istifadə etdiyi eskalator qırılmayıb, başı gicəllənib və ya ayağı sürüşüb, özü yıxılıb. Bizim əməkdaşlar da sonradan gedib həmin əraziyə baxış keçiriblər, orada pilləkənin qırılması halı yoxdur".
Qızılgül
Qaynarinfo.Az