Bakıda üzərində tapança gəzdirdiyinə görə saxlanılan kriminal dairələrdə "Şestoy Vüsal” adı ilə tanınan Vüsal Əliyevə hökm oxunub.
Qaynarinfo-nun məlumatına görə, bu ilin fevral ayında saxlanılan 1987-ci ildə Bakı şəhərində anadan olmuş Vüsal Əliyev Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə elan edilmiş ittihamla özünü təqsirli bilməyib.
O deyib ki, həbs olunana qədər Bakıda kafe işlədib və taksi fəaliyyəti ilə məşğul olub. Evdən yoldaşı ilə çıxaraq, yolüstü "Rahat” marketin qabağındakı aptekə girib. Aptekdən çıxıb yolunu davam etmək istəyəndə 3-4 nəfər mülki geyimdə tanımadığı şəxslər ona yaxınlaşıb və polis şöbəsinə getməli olduqlarını bildiriblər. Bu zaman onlara etiraz edib. Üzərindən isə silah çıxmayıb.
Məhkəmədə bildirilib ki, təqsirləndirilən şəxs özünü müdafiə etməsi üçün bu sözləri deyir.
Məhkəmənin hökmü ilə Vüsal Əliyev Cinayət Məcəlləsinin 228.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib və 1 il 6 ay azadlıqdan məhrum etmə cəzasına məhkum edilib.
Qeyd edək ki, bu ilin fevral ayının 18-də sosial şəbəkələrdə cinayətkarlığı təbliğ edən videolar paylaşdığına görə Vüsal Əliyev saxlanılıb. Kriminal dairələrdə "Şestoy Vüsal” adı ilə tanınan şəxs tutulan zaman üzərindən 1 ədəd "Makarov” markalı tapança, 3 ədəd patron və həmin silaha məxsus 1 ədəd daraq aşkar edilib. Vüsal Əliyev odlu silah-sursatı zibillikdən tapdığını, lakin polisə təhvil verməyərək özündə saxladığını bildirib.