
Elkin Xəlilov
Bir neçə ay bundan qabaq Nobel mükafatçısı Uliyam Qoldinqin "Milçəklər Kralı" əsərini oxumuşdum.
Qoldinqin “Milçəklər kralı” romanında hadisələr uzaq bir adada cərayan edir. Qoldinq kimsəsiz adaya düşən 4-7 yaş arasında olan uşaqların ac qalmamaq, adadan çıxış yolu tapıb çıxmaq cəhdlərini təsvir edir.
Bütün bədii əsərlərdə olduğu kimi burda da xeyir və şər mübarizə aparır. Qoldinq təsvir edir ki, kiçik bir qrup olan bu çarəsiz uşaqlar qısa zamanda iki yerə bölünürlər: Xeyir qüvvələri təmsil edən Ralf, şər qüvvələri təmsil edən Cek.
Ralf adaya düşən uşaqlara od əldə etməyi, qaldıqları yeri təmiz saxlamağı, odun qorunmasının vacib olduğunu söyləyir. Amma Cek bununla razı olmur. O, ilk olaraq ət əldə etməyin vacib olduğunu, qalan şeylərin isə ikinci dərəcəli olduğunu deyir.
Bu zaman dəstədə fikir ayrılığı yaranır. Odu seçənlər bir dəstə, əti seçənlər isə ikinci dəstə olur. Və nəticədə güclü dəstə ət dalıyca gedən ovçular dəstəsi olur. Ovçular dəstəsi nəinki ət axtarır, hələ Ralfın dəstəsinə hücum edir, onların sığınacaqlarını dağıdır, onlara "siz meyvə yediyiniz vaxt biz burda ət yeyirik" deyillər.
Qorxudan və ət yeməyin odu qoruyub saxlamaqdan daha üstün olduğunu fikirləşən bir neçə nəfər də müəyyən zamandan sonra Ralfın dəstəsindən ayrılıb Cekin dəstəsinə qoşulur.
Bu əsəri oxuyanda mən ölkəmizin hazırkı durumunu necə də gözəl təsvir olunduğunu fikirləşirdim. Hadisələr eyniylə bizdə olduğu kimidir; kiçik bir dəstə simvolik olaraq odun-işığın əldə edilməsi, odun qorunub saxlanılması üçün çarpışsa da, "bunsuz bizə nicat yoxdur" düşüncəsinə köklənsə də, əksəriyyət - digər bir dəstə bu və ya digər səbəbdən ət axtaranların yanındadır. Onlar gələcəyi bir tikə ət parçasına qurban verirlər. Hələ bununla kifayətlənməyib, əsərdə olduğu kimi odu qoruyanlara nifrət edir, onlara hücum edir, özləri bildikləri kimi mənəvi və fiziki işgəncələr verirlər. Onların yalnız bir məqsədi var: Odu söndürmək...
Ən dəhşətlisi və ağrılısı isə odur ki, zaman-zaman bu kiçik dəstədən ayrılıb gedənlər, sıraları tərk edənlər olur. Ralfsa, məğlubiyyətlə barışmır, ümidini itirmir, işıqlı gələcək sevdasıyla çarpışır. Çünki onun da bir məqsədi var: Odu qorumaq...
Ralf işıq, Cek qaranlıq dünyanın təmsilçisidir. Ralf azlığın, Cek çoxluğun yanındadır...
Sıraları tərk edib əti seçənlərsə, işıqdan qaranlığa qaçanlardır - fərq etməz, düşünərək, ya da düşünməyərək... Bəlkə də, bu adamlar sakit bir küncə çəkilib öz işlərini görsələr, heç kimə fikir verməsələr, qaranlıq ətrafa bu dərəcədə sirayət etməz. Amma onlar vəhşi dəstəyə qoşularaq, fundamental dəyərlər, işıqlı sabah və "ada"dan qurtuluş uğrunda mübarizə aparanlara lağ edir, onları aşağılayırlar. Bax, ən dəhşətlisi budur...
Əsərin sonu barədə yazmaq istəmirəm. Bir dəfə oxumuşdum ki, amerikalılar kinoların və kitabların sonunu danışmağı ən böyük tərbiyəsizlik hesab edirlər.
Ümid edirəm ki, bu kitabı oxuyacaqsınız.
Və yaxın zamanlarda Azərbaycan cəmiyyətinin də Raf kimi nə qədər çətin olsa belə, odu qorumağının və işıqlı sabaha çıxmasının şahidi olacaqsınız.