
Ceyrançöl körpüsü uçmaq üzrədir
Qafqaznews.az-ın bölgə müxbiri Qürbət Yusibovun verdiyi məlumata görə, Tovuz rayonunun Hunanlar kəndi (keçmiş Girzan kəndi) hələ də qədim dövrlərdə olduğu kimi qaz üzünə həsrətdir.
Saytın baş redaktoru Kamran Məhərrəmli isə problemlə bağlı yazdığı yazıda qeyd edir ki, 350 təsərrüfatdan ibarət olan bu kəndin sakinlərinin kasıbları mal təzəyi, kərmə yanıdırır, az-çox imkan sahibləri isə odunun 1 kubunu 250 manata alırlar. Neçə ildir bu kəndin sakinləri qazın alovunu unudublar. Söhbət təkcə kənd sakinlərinin baha qiymətə odun almasından getmir, qazın olmaması meşələrin qırılmasına səbəb olur. Qaz problemi azmış kimi kəndin camaatı Kürlə Ceyrançölü birləşdirən körpüdən keçəndə “kəlmeyi-şəhadət”lərini oxuyub sonra keçirlər:
Birincisi, Ceyrançöl buradakı kənd camaatı üçün birbaşa həyat mənbəyidir. Bu kəndlərin sakinlərinin maldarlığı, əkinçiliyi Ceyrançöllə bağlıdır, yəni camaatın çörəyi Ceyrançöldən çıxır. Kürlə Ceyrançölü birləşdirən körpü bir vaxtlar Heydər Əliyevin birbaşa göstərişi ilə 1976-cı ildə inşa olunub. Həmin dövrdən az qala 40 il keçdiyi üçün mərhum prezidentin adı ilə bağlı olan körpü uçmaq təhlükəsi ilə üz-üzədir, - deyə yazı müəllifi qeyd edir.
Yazıda bildirilir ki, camaat da bu körpüdən keçəndə ürəkləri gedir: "Bütün bu problemlərə Tovuz Rayon İcra Hakimiyyətinin başçısı Tofiq Zeynalov barmaqarası yanaşır, seyrçi münasibət göstərir.
Görəsən, Tofiq Zeynalov ölkə başçısının etimadına niyə belə etinasız yanaşır? Axı ölkə başçısı İlham Əliyev cənabları təkcə Tofiq Zeynalova deyil, digər qardaşlarına da böyük etimad göstərib. Qardaşlardan biri Daxili İşlər Nazirliyi Baş Dövlət Yol Polis İdarəsinin rəisi, general Ramiz Zeynalov, digər qardaş paytaxtın ən böyük xəstəxanalarından birinin baş həkimi Fikrət Zeynalovdur. Hələ digər qohum-əqrabalarını demirik. Görəsən, Zeynalov qardaşları başa düşmür ki, ölkədəki bütün müsbət və mənfi işlər tarix və cəmiyyət qarşısında cənab İlham Əliyevin adına yazılır.
Göstərilən etimadı belə doğruldarlar, cənab Zeynalov qardaşları?", - deyə müəllif bildirir.
Qaynar.info olaraq yazıda adıçəkilən şəxslərin də mövqeyini dərc etməyə hazırıq.
Qaynar.info