
Manatın ucuzlaşması sosial gərginliyi artıracaq...
Mərkəzi Bankın İdarə Heyətinin manatın məzənnəsi ilə bağlı qərarı əhali arasında narahatçılıq yaradıb. Xəbər verildiyi kimi, fevralın 21-də verilən qərarla manat ABŞ dolları və avroya nisbətən ucuzlaşdırılıb - 1 dolların məzənnəsini 1 manat 5 qəpik, 1 avronun məzənnəsini isə 1 manat 19 qəpik həddində müəyyən edib.
Manatın ucuzlaşması ölkə daxilində bahalaşma və sosial gərginlik ehtimalını artırıb. Artıq ölkə müxalifəti, Müsavat Partiyası bu istiqamətdə öz narahatçılığını bildirib. Belə davam edərsə, narazılıqların artacağı və sonda aksiyaların olacağı şübhəsizdir.
Müsavat Məclisinin sədri Nüşabə Sadıxlı partiyanın Divanında bu məsələnin müzakirə olunub, müvafiq qərar veriləcəyini qeyd etdi: “Hansı addımların atılacağı iclasda müəyyənləşəcək. Təbii ki, dolların bahalaşması sadə insanların həyat tərzinin daha da ağırlaşmasına səbəb olacaq. Bahalaşmaya çox pis baxıram. Hakimiyyətdə olan insanlar öz xalqını aldatmamalıdırlar. 4 gün öncə Elman Rüstəmovun fikri indi tamam əksini göstərdi. Hakimiyyət daim insanları aldadır. İnsanların münasibəti də buna adekvat olmalıdır”.
KXCP sədri Mirmahmud Mirəlioğlu yaranan situasiyaya səbəb kimi ölkəmizdəki siyasətin zəifliyini göstərdi: “Dolların bahalaşması ilə bağlı aksiya olarsa, təbii ki, ictimai təbəqə tərəfdən olacaq. Biz bunun əleyhinəyik və dolların bahalaşması Azərbaycanda yürüdülən siyasət, iqtisadiyyatın hansı vəziyyətdə olmasının göstəricisidir. Buna münasibətimiz bəllidir. Azərbaycan üçün xeyirli hesab etmirik. Yəqin ki, Milli Məclisdə bu məsələ müzakirə olunanda kimisə cəzalandıracaqlar. Əslində bu dövlət siyasətidir və çox uğursuz bir siyasətdir. Öz vətəndaşımızın, valyutamızın əleyhinədir. Eyni zamanda iqtisadiyyatımızın nə qədər güclü olması barədə deyilənlərin puç və əfsanə olmasının göstəricisidir. Biz bunu dəyərləndirəcək, bununla bağlı qərar verəcəyik”. //musavat.com
Qaynar.info